23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan ölkəmizin tarixi abidələrlə zəngin diyarıdır. Xalqımızın mədəni irsini, özünəməxsus adət-ənənələrini, tarixi keçmişini özündə yaşadan bu аbidələr sırasında buzxanalar xüsusi yer tutur. Araşdırmalara əsasən vaxtilə Naxçıvan əhalisi buzxanalardan geniş istifadə edib. Burada təbii buz parçaları qədim diyarın kəhriz və bulaqlarından axan sudan hazırlanırdı və yayın qızmar günlərində hər kəsə xoş gəlirdi. Çünki əhali sərin sudan yararlanır, yeyinti məhsullarını, şəxsi azuqələrini xarab olmaqdan, istilərdən qoruyurdu. Buzxanalar elə bu məqsədlə inşa etdirilirdi. 

AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Naxçıvan türk-islam mədəniyyəti abidələri” kitabında buzxanalardan da geniş bəhs olunur. Burada göstərilən məlumatlara əsasən buzxanaların zirzəmiləri qış aylarında kəhriz suyu ilə doldurular və buz halına salınarmış. İstilər başlayarkən buzun əriməməsi üçün xüsusi üsullardan istifadə edər, buz sallarının arasına saman tökərmişlər. Yay aylarında buzdan istifadə etmək üçün bu işlə məşğul olan adamlar ayaqlarına keçə bağlayaraq buzxanaya girər və buzu buradan çıxararaq insanlara verərmişlər. Beləliklə, əhalinin buza olan tələbatı ödənərmiş. Buna görə də orta əsrlərdən üzübəri Şərq aləmində məscid və hamamları, qala və saray kompleksləri ilə məşhur olan Naxçıvan həm də buzxana binaları ilə tanınıb və zəmanəmizədək üç buzxana gəlib çatıb. Hazırda belə buzxanalardan ən böyüyü Naxçıvan şəhərindəki “İmamzadə” kompleksinin yaxınlığında yerləşən “Buzxana” tarix-memarlıq abidəsidir.

“Naxçıvan abidələri ensiklopediyası”nda bildirilir ki, bu abidə öz profilinə görə ölkəmizdə qeydə alınan ən böyük tikilidir. XII-XIV əsrlərə aid olan həmin abidə zəngin memarlıq quruluşuna malik olmaqla uzun müddət isti yay günlərində əhalinin buza olan tələbatını ödəyib. Bu tarix-memarlıq abidəsi 2013-cü ildə bərpa işlərindən sonra yenidən istifadəyə verilib. Naxçıvan memarlıq məktəbinin inkişaf dövrünün yadigarı olan abidənin uzunluğu 20, eni 9, hündürlüyü isə 9,6 metrdir. Binanın damında 3 metrdən bir qurulan tağlararası boşluq çatma tağbəndlə örtülüb. Buzxananın əsas hissəsi yerin altında yerləşir. Havalandırma sisteminin düzgün qurulması burada uzun müddət buzun saxlanılmasına imkan verib. Abidənin başlıca xüsusiyyəti heç də onun böyük ölçü­lərə malik olmasında deyil. Yüksək texniki səviyyədə kərpicdən qurulan örtük konstruksiyasının mükəmməl həlli, tikilmə forması, bina örtüyünün uzununa yüngül və dinamik konstruksiya sxemi üzərində yaradılması onun səciyyəvi cəhətlərindəndir. Hazırda ictimai iaşə obyekti kimi fəaliyyət göstərən bina turist və yerli sakinlərin ən çox üz tutduqları ünvanlardan biridir.
Ordubad şəhərindəki “Buzxana” tarix-memarlıq abidəsi regionda ticarət məqsədilə inşa olunan obyektlərdən biri olub. Şəhərin mərkəzində, şəhərin qədim məhəllələrindən olan Kürdətal məhəlləsində yerləşir. Araşdırmalar göstərir ki, memarlıq abidəsi XIV əsrdə tikilib, XVIII əsrdə yenidən bərpa edilib. Binanın ümumi sahəsi 166, zirzəmisinin daxili sahəsi isə 89,4 kvadratmetrdir. Bişmiş kərpic və əhəng məhlulu ilə tikilən binanın divarlarının qalınlığı 80 santimetrdir. Bina daxili girişdə böyük otaqdan, ikimarşlı 36 pillədən və buz saxlanılan zirzəmidən ibarətdir. Tikilinin ümumi hündürlüyü 11,32 metrdir. Otağın tavanı düz səthli olub, zirzəminin tavanı hər biri 2,9 metr məsafədə yerləşdirilməklə iki qonşu tağın arasında çatma tağ-tavan şəklində həll edilib. Bu halda hörgü cərgələri daşıyıcı tağa perpendikulyar vəziyyətdə düzülüb. Kərpic hörgüyə əsasən tağın zirvəsinə yaxın tağ-tavanın konstruksiyası dəyişilir. Bütün binanın mərkəzi oxu, tağların baş xətti boyunca xırda tavanlarla tamamlanır. Burada 5 günbəz, ümumi zal, giriş və yardımçı otaq mövcuddur. Konstruktiv elementi formaca 4 tağvarı sütundan ibarət olan abidənin üzərinə latun örtük vurulub, buzxana hissəsinə enən pilləkənlər bərpa olunub. Xalqımızın minillik məişət mədəniyyətinin göstəricisi olan abidənin tarixi görkəmi qorunub saxlanılıb, divarlar əhəng-gil qarışığı ilə hörülüb. Buzxananın üzərində onun haqqında ən dəqiq məlumat verə biləcək kitabə qalmayıb. Ona görə də abidənin nə vaxt inşa edilməsi məsələsində müxtəlif fikirlər yaranıb. “Naxçıvanın türk-islam mədəniyyəti abidələri” kitabından məlum olur ki, müasir Türkiyə alimi Turqay Yazar Ordubadda XVII yüzillikdən etibarən şəhərdəki məhəllə məscidləri və mədrəsə kimi binaların inşa olunması fikrindədir. Ancaq bir qrup tədqiqatçı onun XIV yüzillikdə inşa olunduğunu, XVIII əsrdə bərpa edildiyini yazır.
Muxtar respublikamızda digər Buzxana abidəsi isə Şərur rayonundakı Cəlilkənddə yerləşir. XIX əsrə aid olan kəndin girəcəyində inşa edilən bina dördkünc formadadır və divarlar yuxarıda tağabənzər formada tamamlanır. Buzxananın daxilində isə divarlar boyunca dördkünc formalı səkilər tikilib. Tikinti zamanı nəfis şəkildə yonulmuş qaya parçalarından istifadə olunması abidəyə xüsusi ­görkəm bəxş etməklə yanaşı, həm də xalqımızın qədim memarlıq ənənələrindən xəbər verir. Yerin altında yerləşən buzxanaya enmək üçün daşdan xüsusi pilləkən düzəldilib. “Naxçıvan abidələri ensiklopediyası”nda göstərilir ki, binanın divarları yüngülcə yonulan boz rəngli qaya parçalarından inşa edilib. İçərisində divarlar boyunca dördkünc formalı şəkillər var. Yay aylarında yerli əhali istilərdən qorunmaq, yeyinti məhsullarını, şəxsi azuqələrini uzun müddət saxlamaq üçün bu binalardan istifadə edib.
Qeyd edək ki, yuxarıda adı­çəkilən buzxanaların hər biri ölkə əhəmiyyətli abidələrdir. Alimlərə görə, bu abidələrin tikilişindəki oxşar konstruksiyadan o dövrdə Təbriz və Ərdəbildə inşa olunan bazar komplekslərinin örtülü keçidlərində istifadə edilib.
Hazırda milli mətbəximizin təbliği üçün istifadə olunan bu tikili muxtar respublikamıza gələn qonaqlara tariximizi və mədəniyyətimizi tanıtmaqda mühüm rol ­oynayır.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR