Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanda xalçaçılıq sənəti çox qədim tarixə və ənənələrə malikdir. Naxçıvan diyarındakı I Kültəpədən tapılan xalçaçılıqla bağlı 177 ədəd alət tədqiqatçılar tərəfindən Kür-Araz mədəniyyətinə (eramızdan əvvəl V-III minilliklər) aid edilib. Şərur rayonundakı Ovçular təpəsindən 2009-cu ildə aşkar olunmuş sümük alətlər, o cümlədən toxuculuqda istifadə edilən bizlər insanların Naxçıvan ərazisində hələ Eneolit dövründən toxuculuqla məşğul olduğunu söyləməyə əsas verir.
Orta Tunc dövründə ölkəmizdə peşəkar sahəyə çevrilmiş sənətkarlıq başqa təsərrüfat sahələrindən ayrılaraq müstəqil şəkildə inkişafa başlayıb. Belə qədim tarixə malik olan sənətkarlığın əsas sahələrindən biri sayılan xalçaçılıq da böyük inkişaf yolu keçib. Arxeoloji tədqiqatlar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri və xalçaçılığın tarixi ilə məşğul olan tədqiqatçılar təsdiq edir ki, bu sənət növü Azərbaycanda eramızdan bir neçə əsr əvvəl meydana gəlib, erkən orta əsrlər zamanı müstəqil sənət növünə çevrilib. Bu dövrdə ölkəmizin bir sıra şəhərlərində, o cümlədən Naxçıvanda xalçaçılıq sənəti nəinki inkişaf edib, hətta böyük şöhrət qazanıb. Ona görə də tədqiqatçılar haqlı olaraq Naxçıvan diyarını Azərbaycan xalçaçılıq məktəbinin mühüm mərkəzlərindən biri kimi səciyyələndirirlər.
Naxçıvanda toxuculuğun, həmçinin xalçaçılığın inkişafına səbəb olan bir sıra amillər var. İnsanların qidalanmasında böyük rol oynayan, dadlı ətinə, südünə, toxuculuqda əvəzsiz xammal sayılan yüksəkkeyfiyyətli yununa olan tələbatla əlaqədar qədim zamanlardan burada qoyunçuluq əsas təsərrüfat sahələrindən birinə çevrilib. Bu isə xalçaçılığın inkişafı üçün münbit şərait yaradıb.
Naxçıvanın Culfa bölgəsinin xalçaçılıqda geniş istifadə edilən təbii boyaq bitkisi olan boyaqotu (marena) ilə zənginliyi də ərazidə bu sahənin inkişafını şərtləndirən amillərdən biridir. Həmçinin qeyd olunan ərazinin dünyanın digər yerlərində çox da rast gəlinməyən, boyaqçılıqda əvəzsiz xammal hesab edilən qırmızı böcəklə zəngin olması da xalçaçılığın yüksək səviyyədə inkişafı üçün zəmin hazırlayıb. El arasında “qırmız” adlanan bu böcəyə Naxçıvanın məhsul verməyən çöllərində, xüsusən də Arazyanı vadinin bataqlıq və şoranlıq torpaqlarında geniş şəkildə rast gəlinir. Qeyd etmək yerinə düşər ki, Culfa və ətraf yerlərdə toplanan boyaqotu və qırmızı böcək yerli tələbatı ödəməklə yanaşı, xarici bazarlara da çıxarılırdı və həmin bazarlarda yüksək qiymətləndirilirdi. Ona görə də Culfa orta əsrlər zamanı boyaqotu və qırmız ixrac edən mühüm mərkəzə çevrilmişdi.
Ordubad bölgəsinin qədim zamanlardan ipək istehsalı mərkəzinə çevrilməsi Naxçıvanda ipək xalça toxunması üçün xammal bazası olub. Beləliklə, qədim diyarda gözəl xalçaların toxunması işi genişlənib.
982-ci ildə ərəb dilində yazılan “Hüdud əl-Aləm” əsərində qeyd edilir ki, “Muğan öz çuval və palazları, Naxçıvan, Xoy, Salmas şəhərləri zili, xalça, tumanbağı (qaytan) və sairə toxuma məmulatları ilə, Ərdəbil və Şirvan isə ipək və yundan toxunmuş rəngli parçaları ilə şöhrət qazanmışdır”.
Naxçıvan şəhəri Atabəylərin hakimiyyəti dövründə inkişaf etmiş sənətkarlıq sahəsinə malik idi. Şəhərdəki belə məhsulların istehsalında Çin parçası (xətai), zərif örtük, xalça, keçə, çuxalıq yun parça, hamam fitələri üçün nazik şal və pambıq parça istehsalı mühüm rol oynayırdı. Burada nadir xalça növlərindən olan gözəl zili, şəddə, vərni, kilim və sair toxunurdu. Xalçaçı alimlərin fikrincə, şəddə və vərni ilk dəfə Naxçıvanda toxunub, zaman keçdikcə başqa yerlərə yayılıb.
X-XII əsrlərdə Naxçıvanda xalçaçılıq elə yüksək inkişaf səviyyəsinə çatmışdı ki, Azərbaycan şəhərlərində toxunan müxtəlif növ xalçaların ornament və təsvirlərinin tərtibatında naxçıvanlı sənətkarların əl işlərindən istifadə olunmuşdu. Görkəmli xalça tədqiqatçısı Lətif Kərimov qeyd edir ki, orta əsr Azərbaycan şəhərlərində istehsal olunan xalçaların bədii tərtibatında Əcəmi Əbubəkr oğlu Naxçıvani, Əhməd Əyyub oğlu Naxçıvani kimi görkəmli Azərbaycan sənətkarlarının yaxından iştirak etdiyini ehtimal etmək olar.
Ölkədə və xarici bazarlarda XV yüzillikdə Azərbaycan xalçalarına böyük tələbat vardı. Qərbi Avropada, xüsusilə Marseldə Azərbaycan, o cümlədən Naxçıvan xalçalarına yüksək qiymət verilirdi. Ona görə də hər il Naxçıvan və Şuşa tacirləri orta hesabla 5 min manat məbləğində 200 puda qədər xalça alır, satmaq üçün xaricə, əsasən, Marselə aparırdılar. Bu xalçalar, onların üzərində işlənən ornament və təsvirlər, çeşnilər orta əsr miniatür ustalarının diqqətini cəlb etdiyi kimi, Qərbin intibah dövrü rəssamlarının da marağına səbəb olmuş, onlar öz əsərlərində Azərbaycan xalçalarının surətlərini əks etdirmişlər.
Rus tədqiqatçısı A.Piralovun 1913-cü ildə Sankt-Peterburqda nəşr etdirdiyi kitabında verilən məlumata görə, Azərbaycan kəndlərində əhalinin əksəriyyəti xalçaçılıqla məşğul olmuşdur. Yaşlı sakinlərin sözlərinə görə, Naxçıvanın bütün kəndlərində qadınlar, xüsusilə qız uşaqları xalça toxumağı bacarırmış və onlar qış axşamlarında xalça toxumaqla məşğul olurmuşlar. Bölgədə xalçaçılığın geniş yayılması səbəbindəndir ki, “Naxçıvan Abidələri Ensiklopediyası”nda “Naxçıvanın elə bir kəndi tapılmaz ki, orada xalçaçılıq sənətinin hansısa bir növü ilə məşğul olmasınlar” fikri xüsusi olaraq vurğulanmışdır.
Qədim və orta əsrlər dövründən bəri xalça insanların məişətinə o dərəcədə daxil olmuşdur ki, ailə quran qızlara cehiz kimi müxtəlif növ xalça nümunələri də verilməsi bir həyat normasına çevrilmişdi. Cehizlik xalçalar isə adətən, ailə quracaq qızın özü və ya ailə üzvləri tərəfindən toxunurdu. Orta əsrlər zamanı, hətta XX yüzilliyin ortalarına qədər xalçaçılığın xalqımızın məişətində mühüm yer tutması səbəbindəndir ki, bu sənəti bacarmaq ailə quracaq qızların evdarlığının, iş-güc bilmələrinin göstəricilərindən biri kimi dəyərləndirilirdi. Yaşlı sakinlərin dediyinə görə, hər hansı bir qıza elçiliyə gələn qadınlardan biri nişanlanacaq qızdan gizlicə “qızım, gəbə toxumağı bacarırsanmı?” – deyə soruşarmış.
Naxçıvanda xalçaçılıq sənətinin yüksək səviyyədə inkişaf etməsini ərazidə indiyədək gəlib çatan maddi-mədəniyyət nümunələri də təsdiq etməkdədir. Ordubad şəhərinin Malik İbrahim qəbiristanlığında bir ədəd başdaşı tipli qəbirüstü xatirə abidəsi üzərində xalça toxunuşunda istifadə edilən iki ədəd həvə təsviri var. Zeynəli adlı şəxsin xatirəsinə hazırlanmış başdaşı üzərində həvə təsvirlərinin həkk olunması, etnoqrafik məlumatların da təsdiq etdiyi kimi, mərhum Zeynəlinin sağlığında – XVI-XVII əsrlərdə xalçaçılıqla məşğul olmasını göstərmək səbəbindən irəli gəlmişdir. Xalça toxunuşunda istifadə olunan alətin təsvirinin qəbirüstü xatirə abidəsi üzərində həkk olunmasına əsaslanaraq demək olar ki, xalçaçılıq sənəti orta əsrlər zamanı Ordubad şəhərində də yüksək inkişaf səviyyəsində olmuşdur.
Tarixi daim Naxçıvan diyarı ilə sıx bağlı olan, hətta tarixin müxtəlif dövrlərində Naxçıvan adı ilə yaradılan inzibati ərazi vahidlərinə daxil edilən indiki Sisyan rayonunun Urud kəndində iki qəbirüstü xatirə abidəsi üzərində həkk edilən hana və xalçatoxuma prosesini əks etdirən təsvirləri də burada xatırlatmaq yerinə düşər.
Çox təəssüflər olsun ki, digər maddi-mədəniyyət nümunələrimiz kimi, xalçalarımız da bədnam qonşularımız tərəfindən XIX-XX yüzilliklərdə, xüsusilə XX yüzilliyin 50-60-cı illərində oğurluq və başqa vasitələrlə daşınaraq indiki Ermənistana aparılmışdır. Məhz bu daşımalar nəticəsində ələ keçirilən nadir xalçalarımızın bir hissəsi gizli yollarla xaricə keçirilərək baha qiymətə erməni və başqa kolleksionerlərə satılmışdır. Məhz bu səbəbdəndir ki, nadir xalçalarımızın böyük bir hissəsi müxtəlif ölkələrdə yaşayan, əslən erməni mənşəli xarici vətəndaşların şəxsi kolleksiyalarında toplanmışdır. Ölkəmizdən aparılan xalçaların bir hissəsi isə İrəvanın və indiki Ermənistanın başqa şəhərlərinin muzeylərində “erməni mədəniyyəti nümunələri” adı altında nümayiş etdirilməkdədir. Bu gün İrəvan şəhərindəki Tarix muzeyində nümayiş etdirilən qədim və məşhur “Naxçıvan” çeşnisi ilə tanınan və oxşarına Azərbaycanın digər bölgələrində də rast gəlinən xalça dünyanın müxtəlif ölkələrindən gəlmiş tamaşaçılara ermənilərin “İcevan” xalçası adı ilə təqdim olunur. Təəssüf ki, bu cür faktlar onlarladır.
Qeyd etmək yerinə düşər ki, uzun müddət Azərbaycan xalçaçılığının Naxçıvan qrupu müstəqil deyil, Qarabağ xalçaçılıq məktəbinin tərkibində öyrənilirdi. Ancaq müxtəlif çeşidli xalçalarla zəngin olması, hətta özünəməxsus xüsusiyyətlər kəsb etməsi, xüsusilə son vaxtlar muxtar respublikada xalçaçılığın inkişafı və tədqiqi üçün münbit şəraitin yaradılması xalçaçılıq üzrə mütəxəssislərin diqqətini cəlb etmiş, bu sahədə mühüm tədqiqatlar aparılmış və Azərbaycan xalçaçılığının Naxçıvan qrupu təsnifatlaşdırılmışdır. Professor Vidadi Muradov bu haqda yazır ki, indiyədək Naxçıvan xalçaçılığının əsas inkişaf meyilləri Qarabağ xalçaçılığı ilə vəhdətdə tədqiqata cəlb olunurdu. Təəssüf ki, bu yanaşma tərzi də çox vaxt Naxçıvan xalçaçılığını kölgədə qoyurdu. Bu səbəbdən də onun bədii-texniki xüsusiyyətləri, özünəməxsus ənənələri fundamental şəkildə araşdırılmamışdı. Tədqiqat prosesində Naxçıvan xalçaçılığının daha obyektiv mənzərəsini yaratmaq üçün ayrıca “Naxçıvan qrupu”nun təsnifatlaşdırılması zərurəti meydana çıxdı.
Müasir dövrdə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı işlər içərisində xalçaçılığa diqqət və qayğı xüsusi yer tutur. Məhz bu qayğının nəticəsidir ki, 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi yaradılıb. Muzey 2010-cu ildə yeni binaya köçürülüb, ekspozisiyası yeni eksponatlarla zənginləşdirilib. Naxçıvan Muxtar Respublikasında bu qədim sənət növünün inkişaf etdirilməsi üçün bir sıra təşkilati işlər həyata keçirilib, Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçılıq üzrə peşə kursları açılıb, Naxçıvan Qızlar Liseyində “Tikiş, toxuculuq və xalçaçılıq” dərnəyi yaradılıb, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında xalça toxunması təşkil olunub.
Naxçıvan xalçalarının tədqiqi və təbliği istiqamətində xeyli işlər görülüb. “Naxçıvan xalçaçıları” adlı möhtəşəm əsər hazırlanıb, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalı işıq üzü görüb və altı dildə nəşr olunub. 8 noyabr 2013-cü ildə Naxçıvan Dövlət Xalça Muzeyində yenidənqurmadan sonra “Naxçıvan xalçaçıları” kitabının, “Azərbaycan xalçaları” jurnalının, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” sənədli televiziya filminin və Xalça Muzeyinin internet saytının yüksək səviyyədə təqdimat mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov mərasimdə iştirak və çıxış edib. Proqram xarakterli çıxışında Ali Məclisin Sədri Naxçıvan diyarında xalçaçılığın tarixinə, bu sənət növünün inkişaf yoluna nəzər salaraq deyib: “Xalça toxumaq sənəti tarixən Azərbaycanda, o cümlədən Naxçıvanda aparıcı peşə sahələrindən biri olmuşdur. Təbiəti, ictimai və mədəni inkişaf səviyyəsi, həyat və məişət şəraiti Naxçıvanda xalçaçılığı hələ uzaq keçmişlərdə sənətkarlığın mühüm sahələrindən birinə çevirmişdir. Bu ərazidə istehsal olunan iri ölçülü, qalın toxunuşa malik xovlu və xovsuz xalçalardan məişətdə geniş istifadə edilmişdir. Arxeoloji qazıntılar zamanı əldə olunmuş ibtidai gil cəhrələr və sümükdən hazırlanmış iy ucları Naxçıvanın qədim toxuculuq mərkəzlərindən biri olduğunu təsdiq edir. Orta əsr müəllifləri Naxçıvanda xalçaçılığın geniş vüsət alması və bu ərazidə toxunan xalçaların şöhrət qazanması barədə öz əlyazmalarında dəyərli məlumatlar vermişlər”.
Təqdimat mərasimində Ali Məclisin Sədri muxtar respublikada son illərdə xalçaçılığın inkişafı ilə əlaqədar aparılan genişmiqyaslı işlərdən bəhs etməklə yanaşı, bu sahədə tədqiqatçıların qarşısında bir sıra vəzifələr də qoymuşdur. Həmin vəzifələrin yerinə yetirilməsi üçün tədqiqatlar aparılmış, məqalələr yazılmışdır. Akademik İsa Həbibbəylinin və professor Vidadi Muradovun “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” adlı fundamental əsəri nəşr olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2018-ci il 19 aprel tarixdə imzaladığı Sərəncamla “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir. Şübhəsiz ki, həmin proqramın icrası muxtar respublikamızda xalçaçılığın yüksək səviyyədə inkişafına öz layiqli töhfəsini verəcəkdir.
Fəxrəddin SƏFƏRLİ
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü