23 Dekabr 2024, Bazar ertəsi

Bütün dövrlərdə ictimai-siyasi hadisələr, sosial problemlər, qayğılar, yaxud uğurlar ədəbiyyatın mövzu mənbəyi olub. Xalqımızın yaşadığı şanlı tarix Azərbaycan tarixi ilə yanaşı, milli ədəbiyyatımızda da öz əksini tapıb. Tarix səhnəsində baş verən təlatümlər, ağrı-acılar, müharibələr, ideoloji dəyişikliklər, faciələr, bəzən sevinclər, qələbələr, bəzən Sabirsayağı gülüşlər söz sənətimizin, ədəbiyyatımızın mövzu dairəsini genişləndirib.
Təkcə XX əsr Azərbaycan ədəbiyyatına nəzər salsaq görərik ki, bu dövrdə dəfələrlə mövzu dəyişikliyi yaşanıb. Xurafatı, cəhaləti qamçılayan əsərlər, mövzu etibarı ilə öz yerini sosializm quruluşuna aid əsərlərə, müharibə mövzusunda yazılmış bədii nümunələrə, XX əsrin sonlarına doğru istiqlal atəşi, azadlıq eşqi ilə qələmə alınan əsərlərə verdi. Təbii ki, müstəqillik illərində də ədəbiyyata yeni mövzular daxil oldu. Bu gün də ədəbi mühit yeni mövzular axtarışındadır. Bir sözlə, istənilən dövrün ictimai-siyasi, tarixi hadisələri, sosial həyatı ədəbi prosesə birbaşa təsir edir.
Ötən illərdə xalqımızın rastlaşdığı bütün çətinliklər qarşısında mərdliklə dayanması, mübariz yaşaması, öz külündən köz almağı bacarması taleyin bir lütfüdür. Dəfələrlə uçurumun kənarından dönən Odlar yurdu bu gün dünyanın diqqət mərkəzindədir. Bununsa təməlində min bir zəhmət, fədakarlıq, cəsarət və verilən qurbanlar naminə qazandığımız müstəqillik dayanır.

Müstəqillik qazandıqdan sonra ölkəmiz sürətli inkişafa qədəm qoydu. Bütün sahələrdə böyük uğurlara imza atdı. Elm, təhsil, mədəniyyət, idman, səhiyyə, ordu quruculuğu, sənaye, ticarət və başqa sahələr özünün yeni həyatını yaşamağa başladı. Söz yox ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan da bu böyük inkişafa öz töhfələrini verməkdədir. Muxtar respublikada qısa zaman çərçivəsində genişmiqyaslı quruculuq işləri vüsət aldı. Nəqşicahan illər ötdükcə, sözün əsl mənasında, cahanın nəqşinə çevrildi.
Naxçıvanın bu inkişafı buradakı ədəbi mühitin nəzər-diqqətindən kənarda qalmadı. Şairlərimiz qədim-yeni Naxçıvanın ecazkar təbiətini, müasir libasını tərənnüm etməyə başladılar. Salınan bağlar, xiyabanlar, abad yollar, tikilən yeni binalar, istirahət mərkəzləri, aləmə ətir saçan gülzarlıqlar öz misralarını axtaran şairlərə ilham mənbəyi oldu. Şair Əziz Azərin dediyi kimi:

Qədim şəhər indi olub Növcavan,
Bağ-bağçalar, xiyabanlar al-əlvan.
Köhnəlikdən qalmayıbdır bir nişan.
Şəhər olub şəhərlərin sultanı –
Tanımadım Naxçıvanı.

Göründüyü kimi, muxtar respublikaya yeni həyat verən əllər, öz növbəsində, ədəbi mühitə də yeni mövzu gətirib. Çünki əsl şair öz sevincini, kədərini unudub xalqının sevinc və kədərini özününküləşdirir. Xalqın xoş günü qələm sahiblərini Naxçıvanın şəninə şeirlər qoşmağa, yazıb-yaratmağa, bu qədim diyarı tərənnüm etməyə sövq edir. Şair Həsənəli Eyvazlı öz duyğularını belə dilə gətirir:

Yurdumuz başdan-başa abadlaşır, qurulur,
Quruculuq işləri, günbəgün vüsət alır,
Hər kənddə, hər şəhərdə, neçə məktəb ucalır,
Susuz, şoran düzlərə, kanal açır, su çəkir,
Neçə-neçə kəndlərə, körpü salır, yol çəkir,
Naxçıvan – Ana yurdum, günbəgün gözəlləşir.

Hər hansı şair yaradılan şəraiti öz şeirində dilə gətirirsə, bu, bir tərəfdən şairin vətəndaş mövqeyini ifadə etməklə yanaşı, digər tərəfdən bütün bu yaradılanların təkcə bu gün üçün deyil, həm də gələcək nəsillər üçün miras olduğunu aşılayır.
Bizə bəxş olunan firavan həyat, müasir şərait, şübhəsiz, heçdən yaranmayıb. Bunun arxasında gərgin əmək, min bir zəhmət dayanır. Ədəbiyyatın öz üzərinə götürdüyü missiyalardan biri də illər uzunu çəkilən zəhmətin nəticəsini bədii müstəvidə göstərməkdir. Şair Asim Yadigar yazır:

Gəlin kimi bəzənib
Bu gün kəndim, şəhərim.
Əriyibdi şam kimi
Daha qəmim, kədərim.
Nurludur gecələrim,
İşıqlıdır şəhərim.

Başqa belə bir nümunəni Sürəyya Nəsibin yaradıcılığında görürük:

Daha azad olub dar küçələrdən,
İnsanlar uzaqdır şər, ləkələrdən,
Şəstlə demək olar nəticələrdən,
Naxçıvan əvvəlki Naxçıvan deyil.

Muxtar respublikada həyata keçirilən yeni­dənqurma işlərindən danışarkən tarixi abidə­lərimizin bərpasından söz açmasaq, olmaz. Məhv olmaq təhlükəsi ilə üzləşən, uzun illər tikanlı məftillər arxasında ögey münasibət görən, zirvədə arabir gələn ziyarətçilərini qarşılayan, toz-torpaq içərisində itib-batan abidələrimiz bu gün ikinci həyatını yaşayır. Gülüstan, Əlincəqala, Qarabağlar və digər tarix-memarlıq abidələrimiz bu sıradadır. Bu isə tariximizin yerli əhali ilə yanaşı, minlərlə turistə təbliği deməkdir. Vətəndaşlıq yanğısı ilə yazıb-yaradan şairlərimiz milli tarixi yaddaşa göstərilən qayğıya da biganə qalmayıblar. Tarixi abidələrə göstərilən qayğı şair Muxtar Qasımzadəni də riqqətə gətirib:

Mən Naxçıvanqala adlı, daş qanadlı,
Çöhrəsindən nur ələnən, təzələnən
Ehtişamın şöləsinə üz tuturam.
Ulu yurdun qibləsinə –
Nuh babamın türbəsinə üz tuturam.
Göstərirəm yerə, göyə nəğmə qala, söz qalamı.

Şair Elxan Yurdoğlu isə tariximizlə bağlı öz duyğu və düşüncələrini bu cür qələmə alır:

Çatdım Əlincənin tarixinə mən,
Dayandım, xəyala daldım, düşündüm.
Özümə bir sual verdim: Niyə mən
Bu haqda bir əsər yazmayım bu gün?


Naxçıvanda görülən işlərdən, qədim yurdun şəninə yazılmış şeirlərdən çox yazmaq olar. Ancaq məsələ burasındadır ki, bu inkişafı, bu gözəlliyi sözlərlə ifadə etmək olduqca çətindir. Nə qədər söz sərf etsək də, Naxçıvanımızın hüsnünü natamam təsvir edəcək. Şair Elxan Yurdoğlunun dediyi kimi:

Məndən Naxçıvanı soruşma, dostum,
Mən sənə nə deyim axı tam olsun.
Gəzib görməmisən bu tərəfləri,
Qorxuram nə desəm natamam olsun.

Əhməd ƏHMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR