Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun İş Planına əsasən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət təşkil olunan sərgi-satış başa çatıb.
10 gün davam edən sərgi-satışa 188 müəllifin 2427 əl işi, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 165 qadının 2127 əl işi cəlb edilib və nümayiş olunub. Muxtar respublikanın şəhər və rayonlarından toplanılan əl işlərindən ibarət keçirilən sərgi-satışda istedadlı, sağlamlıq imkanları məhdud qadınlarla yanaşı, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq mərkəzlərinin dərnək rəhbərləri və üzvlərinin, məktəb və məktəbəqədər, orta ixtisas və ali təhsil müəssisələrinin müəllim və tələbələrinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınlar və rəssamların, evdar, həmçinin məhkum qadınların da əl işləri sərgilənib. Ümumilikdə, 158 müəllifin 8626 manat dəyərində 681 əl işi satılaraq vəsaiti qadınlara ödənilib.
Artıq üç ildir ki, belə sərgi-satışlar təşkil olunur. Qadınlar bu sərgi-satışlarda nümayiş olunan əl işləri ilə keçmişimizi yaşadır, ailə dəyərlərimizi, adət-ənənələrimizi, nəsildən-nəslə ötürdüyümüz milli dəyərlərimizi gənclərə aşılayırlar. Həmçinin builki sərgi-satışda Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə əlaqədar hazırlanan əl işləri ilə qadınlar bu əlamətdar hadisəyə öz töhfələrini veriblər.
Sərgidə bir-birindən gözəl, rəngarəng toxuma və tikmələr, yağlı boya, sulu boya və muncuqla işlənmiş tablolar, üzərlikdən hazırlanmış dekorativ işlər, milli geyimlər, xalçalar, gips heykəllər və sair nümayiş olunub.
Sərgi müddətində əl işlərinin müəllifi olan bir çox qadınla söhbət etdik. Öz yaradıcılıq zövqü ilə seçilən Səriyyə Seyidova deyir ki, muxtar respublikada yaradılan bu cür şərait gələcək yaradıcılığımız üçün böyük stimuldur. Buna görə dövlətimizə minnətdarlığımızı bildiririk.
Muncuqdan hazırlanmış əl işləri ilə sərgidə iştirak edən Xuraman Səfərova qeyd etdi ki, o, keçirilən sərgidə hazırladığı əl işlərindən 1800 manata yaxın gəlir əldə edib və bu, onun ailəsinə çox böyük dəstəkdir.
Şahbuz rayon sakini Reyhanə Rəhimova isə bildirdi ki, toxuma əl işləri, xüsusilə də azyaşlı uşaqlar üçün toxuduğu geyimlərlə artıq neçə illərdir, bu sərgilərdə iştirak edir. Öz toxuma əl işlərini sevə-sevə hazırlayan Reyhanə xanım hazırda əsgərlər üçün də şərf toxuduğunu bildirdi. Bu sərgilərin onun üçün mənəvi cəhətdən əhəmiyyətini qeyd edən sərgi iştirakçısı övladlarını da əl işlərindən qazandığı maddi gəlir hesabına oxutduğunu söylədi. O da digər həmkarları kimi muxtar respublikada qadınlara göstərilən diqqət və qayğıdan çox razıdır.
10 gün müddətində Naxçıvan Muxtar Respublikasının müxtəlif idarə və təşkilatlarından sərgiyə gələnlər, eləcə də turistlər tərəfindən də əl işləri maraqla qarşılanıb. Burada Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinə təsviri incəsənətin əsaslarından praktik dərs də keçilib.
Zərnigar ORUCƏLİYEVA
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı üzrə baş məsləhətçisi