Müsabiqəni giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, ictimai-siyasi, fəlsəfi məzmunlu olmaqla, əsasən, lirik növ olan qəzəl Azərbaycan poeziyasının ən çox işlənən şeir formasıdır. Əruz vəzninin müxtəlif bəhrlərində yazılan qəzəl, əsasən, 5-12 beytdən ibarət olur. İlk beyti “mətlə”, son beyti “məqtə” adlanan bu poetik növün sonunda şair öz təxəllüs və ya adını göstərir.
Tarix-filologiya fakültəsinin təşkil etdiyi müsabiqədə 20-yə yaxın tələbə iştirak edib. Universitetlərarası müəllim-tələbə mübadiləsi çərçivəsində Türkiyənin Qars Qafqaz Universitetindən gələn 4 tələbə də müsabiqəyə qatılıb. Münsiflər heyətinin rəyinə əsasən Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə III kurs tələbəsi Şəlalə Qurbanova müsabiqənin qalibi olub. Həmin ixtisas üzrə II kurs tələbələri Nərmin Maqsudova II, Lamiyyə Bağırbəyli isə III yerə çıxıblar. Qaliblər universitetin diplom və hədiyyələri ilə mükafatlandırılıblar. Müsabiqədə iştirak edən digər tələbələr isə ali məktəbin fəxri fərmanı ilə təltif ediliblər. Qardaş ölkədən gələn tələbələr də müsabiqədə fərqlənənlər sırasında olublar.
Qeyd edək ki, münsiflər heyətinin tərkibində əslən azərbaycanlı olan, Qars Qafqaz Universitetində müəllim kimi fəaliyyət göstərən filologiya üzrə fəlsəfə doktoru, dosent Ellada Gərayzadə də olub. Məlumat üçün onu da bildirək ki, Türkiyə Cümhuriyyətinin bu ali təhsil ocağından gələn müəllim və 6 nəfər tələbə həftənin sonuna qədər Naxçıvan Dövlət Universitetində olacaq, müvafiq ixtisaslar üzrə dərslərdə iştirak edəcəklər.
Səadət Əliyeva