Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində muzey bələdçiləri üçün seminar-treninq keçirilib.
Nazirliyin sisteminə daxil olan muzeylərin bələdçilərinin iştirak etdiyi tədbirdə nazirliyin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova çıxış edərək bildirib ki, keçirilən seminar-treninqlərdə muzey bələdçiləri vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında ətraflı məlumat əldə etmiş olurlar. Eyni zamanda seminar-treninqlər muzey işçilərinin muxtar diyarımızın bütün bölgələrində yerləşən bu mədəniyyət müəssisələri ilə tanış olmalarına şərait yaratmaq baxımından da əhəmiyyətlidir. Belə tədbirlərdə muzey bələdçilərinə bu sahədə həyata keçirilən yeniliklərdən söhbət açılır, onların sualları cavablandırılır.
Bildirilib ki, muxtar respublikamızda muzey fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Görülən işlər qarşıya mühüm vəzifələr qoyur. Muzey bələdçisi eksponat toplanması işinə də öz töhfəsini verməyə çalışmalıdır.
Sonra muzeyin ekspozisiyasına baxış olub, ekskursiya müzakirə edilib.
Həmin gün analoji tədbir Ordubad şəhərində yerləşən Akademik Yusif Məmmədəliyevin ev-muzeyində davam etdirilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Əli RZAYEV