23 Dekabr 2024, Bazar ertəsi

Əsasən, uşaqlar üçün kiçikhəcmli şeirlər qələmə alan Kamil Arazın “Şeirlər”, “Göydən üç alma düşdü”, “Xəzinə” kitabları ilə əvvəlcədən tanış idim. Uşaqların mənəvi dünyasını zənginləşdirən bu kitablarda balaca fidanlara təqdim edilən şeirlər, ilk baxışdan səmimiyyəti ilə diqqəti çəkir. Onları oxuyarkən hiss etmək çətin deyil ki, müəllif sirli-soraqlı uşaq dünyasına yaxından bələddir və bu şeirləri qələmə alarkən də onların daxili dünyasını diqqətdə saxlayır. 

Bu günlərdə Kamil Araz yeni “Tapmacalar” kitabı ilə öz oxucularının görüşünə gəlib. 212 tapmacadan ibarət olan kitaba filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Elxan Yurdoğlu yazdığı “Müəllifli tapmacalar” adlı ön sözdə çox haqlı bir qənaətə gəlir: “...Yazılan hər hansı bir əsərin mürəkkəbi qurumamış internetdə – sosial şəbəkələrdə özünə yer tapdığı indiki dövrdə daha çox cəmiyyətə, gənc­liyə hesablanmış ədəbi janrlar, mövzular “at oynadır”. Belə olan məqamda cəmiyyətin müəyyən bir hissəsini təşkil edən balaca körpələr, uşaqlar diqqətdən kənarda qalır...
Nə yaxşı ki təkcə dilçiliyin, folklorşünaslığın fədakar tədqiqatçıları deyil, bu sahədə milli vətənpərvərlik duyğuları ilə can yandıran ziyalılarımız, sadə vətəndaşlarımız da var”.

Qeyd edək ki, son illərdə muxtar respublikanın balaca sakinlərinin sağlam ruhda böyüməsi, onların zehni inkişafının düzgün istiqamətləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər hər kəs tərəfindən gələcəyimizə qayğı kimi dəyərləndirilir. Bu baxımdan illər əvvəl muxtar respublikada uşaq ədəbiyyatının aşağı səviyyədə olması ciddi tənqid olunmuşdu. Artıq bu sahədə olan boşluğun aradan qaldırılmasını müşahidə edirik. Bu mənada, Kamil Arazın son illərdə işıq üzü görən kitabları uşaqlarla yanaşı, böyüklərin də sevincinə səbəb olub. O da qeyd edilməlidir ki, müəllif bu tapmacaları qələmə alarkən təkcə janrın tələblərini nəzərə almayıb, həm də uşaqların düşüncəsini, necə deyərlər, hərəkət etdirməyə səy göstərib və buna nail olub. Müxtəlif mövzularda işlənmiş tapmacalarda diqqəti çəkən bir məqam da onların lakonikliyidir. Müəllif yoruculuğa yol vermədən uşaqların tapmacaların cavablarını tezliklə tapması üçün dilimizin zəngin söz ehtiyatından bacarıqla istifadə edib ki, bu da tapmacaların bədii dəyərini artıran səbəblərdən biridir. Tapmacaları oxuyarkən hiss etmək çətin deyil ki, müəllif balacaların dünya­görüşlərini nəzərə alıb.
Tapmacalarda o da hiss olunur ki, müəllif klassik ədəbiyyatımızda qələmə alınmış əsərlərlə yaxından tanışdır. Həmin bədii nümunələrin əbədiyaşarlılığı da uşaq dünyasına yaxın olan ifadə tərzi və səmimiyyətdir.
Kamil Arazın yenicə çapdan çıxmış “Tapmacalar” kitabı uşaq bağçalarında, orta məktəblərdə çalışan müəllimlər üçün köməkçi vəsait olmaqla yanaşı, uşaqlarımızın mütaliə mədəniyyətinin yüksəldilməsində də böyük əhəmiyyətə malikdir. “Tapmacalar”ı Uşaqları Beynəlxalq Müdafiə Günündə onlara qiymətli hədiyyə kimi də dəyərləndirmək olar.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR