Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan mədəniyyət müəssisələrində, mədəni-maarif ocaqlarında isti yay günlərində əhalinin istirahətinin səmərəli təşkili, asudə vaxtın mənalı keçirilməsi üçün müxtəlif tədbirlər davam etdirilməkdədir.
Vurğulanıb ki, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi altında keçirilən tədbirlər çərçivəsində Naxçıvan şəhərinin park və meydanlarında şənbə konsertləri də təşkil olunur. Ötən şənbə Naxçıvan şəhərinin Saat meydanında keçirilən növbəti konsertdə aparıcı bildirib ki, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblı 15 ildən çoxdur, fəaliyyət göstərir. Bu musiqi kollektivi repertuar zənginliyinə diqqət yetirməklə ictimaiyyət qarşısında və hərbi hissələrdə, müxtəlif tarixi və əlamətdar günlərlə bağlı keçirilən tədbirlərdə konsert proqramları ilə çıxış edir.
Konsert ansamblın ifa etdiyi “Çahargah” kompozisiyası ilə başlayıb. Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Arzu Fərzəliyev və Xatirə Səfərovanın ifa etdikləri “Yaşa məhəbbətim”, “Güldür məni”, “Eşqimi sönməyə qoymaram”, “Xatırlayarsan” və başqa şən və lirik mahnılar iştirakçılarda xoş ovqat yaradıb.
Konsertdə ansamblın solistləri Qəmər Babayeva, Ədalət Hüseynov, Səyavuş Nəcəfov, Hüseyn Tağıyev Emin Sabitoğlu, İslam Rzayev, Ramiz Mirişli, Oqtay Kazımi, Elçin Vəzirov və başqalarının populyar mahnılarını ifa ediblər. Solistlərin ifa etdikləri “Kəpənək”, “Bir xumar baxışla”, “Həsrət nəğməsi”, “Azərbaycanım” və başqa mahnılar alqışlarla qarşılanıb. Konsertdə ansamblın ifasında instrumental musiqilər də səslənib.
Bir saatdan artıq davam edən konsert Naxçıvan şəhər sakinləri və qonaqlar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, şənbə konsertləri yay fəslinin sonuna qədər davam edəcəkdir.
Əli RZAYEV