İyulun 11-də Babək rayon sakinləri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Zaleh Novruzov, Sidiqə Seyidova və İsmayıl Qurbanov tərəfindən qədim mədəniyyətimizi və tariximizi əks etdirən məişət və təsərrüfat əşyaları, numizmatika, toxuculuq nümunələrindən ibarət 140 eksponat Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təqdim edilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, muxtar respublikada tariximizin, mədəniyyətimizin, adət-ənənələrimizin araşdırılması, qorunması və gələcək nəsillərə çatdırılması diqqət mərkəzində olan məsələlərdəndir.
Nazir qeyd edib ki, bu gün muzey ziyarətçilərimizin sayı əhəmiyyətli dərəcədə artıb və muzey işçilərinin öhdəsinə daha böyük vəzifələr qoyulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına əsasən muxtar respublikanın nazirlik, komitə və təşkilatlarının kollektivləri mütəşəkkil şəkildə muzeyləri ziyarət edirlər. Bu ilin 6 ayı ərzində muxtar respublikanın muzeylərini 284 min 720 nəfər tamaşaçı ziyarət edib ki, onlardan 95 min 619 nəfəri əcnəbi vətəndaşlardır. Muxtar respublikamızda fəaliyyət göstərən muzeylər ilə orta məktəblər arasında distant, həmçinin yetişməkdə olan gənc nəsil üçün açıq dərslər təşkil edilir. Ötən dövr ərzində 219 açıq, 2 distant, 6 elektron dərs keçilib. Cari ilin birinci yarımili ərzində muzeylərdə, ümumilikdə, tarixi və əlamətdar günlərlə bağlı 79 sərgi, 21 tədbir təşkil edilib.
“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır”, – deyən Natəvan Qədimova bildirib ki, bu ilin 6 ayı ərzində muxtar respublika muzeylərinə 670 ədəd yeni eksponat daxil olub. Bu müddət ərzində AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna qədim tarixə malik əlyazma və kitabların təqdimatı da daxil olmaqla, ümumilikdə, 3 dəfə eksponat təqdimatı keçirilib.
Nazir göstərilən diqqət və qayğıya görə tədbir iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Tədbirdə Akif Hacıyev, Zaleh Novruzov, İsmayıl Qurbanov və Sidiqə Seyidova çıxış edərək muxtar respublikada maddi-mədəni irsimizin qorunub yaşadılması və gələcək nəsillərə çatdırılması sahəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıblar.
Sonda muzeyin ekspozisiyasına baxış olub.
Əli RZAYEV