Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında tarix üzrə fəlsəfə doktoru, şair-publisist Vaqif Məmmədovun əsərlərinin müzakirəsi keçirilib. Anadan olmasının 70 illiyi münasibətilə təşkil olunan tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açıb. “Naxçıvan” Universitetinin müəllimi, dosent Aypara Behbudova “Vaqif Məmmədov yaradıcılığında sənətkarlıq xüsusiyyətləri”, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova “Ölməz sənətkar” mövzularında çıxış ediblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Yadigar, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Hüseyn Həşimli, Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli, şair, filologiya üzrə fəlsəfə doktoru Elxan Yurdoğlu və digərləri şair-publisistin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.
Qeyd olunub ki, Vaqif Məmmədov torpağa, Vətənə, xalqa bağlı olan poetik ruhlu, milli düşüncəli şairdir. Vətən anlayışı şairin yaradıcılığında özünəməxsus bir şəkildə öz əksini tapıb. “Ürəyimə təkcə Vətən yerləşir”, “Vətənsizi qızıla bük, dərd olur”, “Yavan çörək belə baldı Vətəndə”, hətta həyatının son günlərində qələmə aldığı “Nə Vətən məndən doydu, nə mən Vətəndən” kimi şeirlərində Vətənə, torpağa məhəbbət daha dolğun şəkildə verilib. O, şeirlərində, sadəcə, Vətən torpağını tərənnüm etmir, həm də bu torpağın qədrini bilməyə, onu qorumağa, ona dikilən yad gözlərə qarşı amansız olmağa çağırır. Şair torpaq dərdini, Vətənin bölünməsini böyük faciə hesab edirdi. Ana torpağında döyüşlərin getməsinə dözə bilmirdi, bu ağrı-acılarını, ürəyinin yanğısını şeirə çevirirdi.
Çıxışlardan sonra şairin oğlu Səbuhi Məmmədov tədbir iştirakçılarına öz minnətdarlığını bildirib, sərgiyə baxış olub, şairin həyatı haqqında film nümayiş etdirilib.
Ramiyyə ƏKBƏROVA