Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə əlaqədar gənclərin Yusif Küseyir oğlu türbəsinə ekskursiyası təşkil olunub.
Türbənin bələdçisi Naxçıvan-Marağa memarlıq məktəbinin və ümumilikdə, Azərbaycan memarlığının ən böyük nümayəndələrindən biri olan memar Əcəmi Naxçıvaninin əsəri, tarixi-memarlıq abidəsi olan türbə haqqında məlumat verərək bildirib ki, türbə ikiqatlı olub hər iki qatı səkkizbucaqlı biçimdədir. Türbə kənardan birqatlı qüllə kimi görünür. Yusif Küseyir oğlu türbəsi ilk baxışdan tutumunun həndəsi təmizliyi, nisbətlərinin incəliyi və harmonik gözəlliyi ilə yadda qalır. Abidə xalq arasında “Atababa türbəsi” və ya “Atababa günbəzi” də adlanır. Səkkiz əsrdən çox yaşı olan türbə XX əsrin ortalarında bərpa edilmişdir. Bərpa işləri nəticəsində türbənin dağılmış hissələri düzəldilmiş, mühəndis qurğuları möhkəmləndirilmişdir. Divarlarının qalınlığı 80 santimetrdir. Türbədə biz ikiqat günbəz quruluşunun ən görkəmli, zəmanəmizə qədər əvvəlki şəklini mühafizə etmiş və indiyə qədər gəlib çatmış yeganə bir nümunəsini görürük.
Qeyd edək ki, ekskursiya Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunub.
Ceyhun MƏMMƏDOV