Ötən əsrin 70-80-ci illərində bütün sahələr kimi, milli mədəniyyətimiz də muxtar diyarımızda öz inkişaf dövrünü yaşayıb. Sənətə, sənət adamlarına böyük qayğı ilə yanaşan ümummilli liderimiz Heydər Əliyevin səyi və köməyi nəticəsində incəsənətin bir çox sahələrində olduğu kimi, rəssamlıq sənətində də nailiyyətlər, uğurlar qazanılıb. Bunu 1982-ci ildə ulu öndər Heydər Əliyevin himayəsi ilə yaradılan Naxçıvan Dövlət Rəsm Qalereyasının timsalında da aydın görmək olar.
Bu mədəniyyət müəssisəsi ilə bağlı bizi maraqlandıran sualları Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü, Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli cavablandırdı. O bildirdi ki, muxtar respublikada ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi yaradıcılıq təşkilatlarını, o cümlədən Naxçıvan Dövlət Rəsm Qalereyasını da əhatə edib. 1982-ci ildə ulu öndərin təşəbbüsü ilə yaradılan qalereya 2000-ci ildən fəaliyyətinə Heydər Əliyev Sarayında davam edib. 2009-cu ildə binada aparılan əsaslı bərpa və yenidənqurma işlərindən sonra sarayın 3-cü mərtəbəsində qalereya üçün inzibati otaqlar və geniş ekspozisiya zalı istifadəyə verilib. Əsasən muxtar respublika rəssamlarının əsərləri nümayiş etdirilən muzeytipli müəssisənin fondunda 70-dən çox rəssamın 400-ə yaxın əl işi mühafizə olunur. Bunlardan 80-i ekspozisiya zalında nümayiş etdirilir. Qalereyada Azərbaycanda, onun Naxçıvan diyarında yaşayıb, fəaliyyət göstərən rəssamlarla yanaşı, əcnəbi rəssamların da rəsm əsərləri qorunub saxlanılır, nümayiş olunur.
Qalereyanın ekspozisiya zalında nümayiş etdirilən əsərlərlə də tanış olduq. Müxtəlif guşələrdən ibarət olan zalın birinci guşəsi ulu öndərimizə həsr olunmuş rəsm əsərləri və büstlərdən ibarətdir. Qarşısında dayanıb, maraqla izlədiyim dəyərli eksponat haqqında məlumat verən bələdçi deyir ki, bu əsər Rəfael Qədimovun müəllifi olduğu, 1998-ci ildə kətan üzərində yağlı boya ilə işlənmiş “Ümidimiz sənədir” adlı rəsm əsəridir. Burada ulu öndərə həsr olunmuş digər dəyərli sənət əsərlərindən Telman Abdinovun “Zamanın atəşfəşanlığı”, Nəriman Əliyevin “Heydər Əliyevin portreti”, Abbas Yaycılının “Zirvədə”, Şəmil Mustafayevin “Heydər Əliyev” əsərləri də guşəni zənginləşdirən maraqlı rəsmlərdir.
Zalın 2-ci guşəsində yer alan əsərlər haqqında məlumat verən bələdçi bildirir ki, burada 2012-ci il 18-20 iyun tarixlərində keçirilən “Naxçıvan – bəşəriyyətin beşiyi” adlı Beynəlxalq Rəsm Festivalında qalib gələn rəsm əsərləri sərgilənir. Naxçıvan şəhərindəki Açıq Səma Altında Muzeydə təşkil olunan festivalda dörd ölkədən 24 tanınmış rəssam iştirak edib. Yurdumuzun gözəllikləri, tarixiliyi, yüzilliklərə şahidlik edən Haçadağ və Möminə xatın türbəsi, daş qoç heykəllər, həmçinin insanlarda milli dəyərləri formalaşdıran, onu vətənpərvərlik duyğuları ilə zənginləşdirən bir çox əsərlər bu guşədə nümayiş etdirilir.
Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən 2014-cü il may ayının 20-23-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunan “Naxçıvan – bəşəriyyətin beşiyi” adlı II Beynəlxalq Rəsm Festivalında 7 ölkədən 31 rəssamın rəsm əsərlərinə də ekspozisiya zalında rast gəlmək olar. Həmçinin 2016-cı il may ayının 25-27-də “Əlincəqala” tarixi abidəsində keçirilən “Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalında 8 ölkədən festivala qatılan 50-yə yaxın rəssamın qədim Naxçıvanın əsrarəngiz gözəlliklərini, görkəmli şəxsiyyətlərini, gözəl təbiət mənzərələrini, tarixi abidələrini əks etdirən əsərləri ziyarətçilər tərəfindən maraqla qarşılanır. Burada sərgilənən əsərlər əcnəbilərdən qazaxıstanlı rəssam Esenqali Sadırbayevin “Naxçıvan dəyərləri”, iranlı rəssam Səyid Əyyaminin “Cənubdan İlanlıdağ”, rus rəssam R.F.Qolovanovun “Şair və memar”, türk rəssam Hülya Sezginin “Naxçıvanqala” əsəri və digərləri ekspozisiyanı zənginləşdirən eksponatlar sırasındadır.
Ekspozisiyanın növbəti guşəsindəki Azərbaycanın Xalq rəssamlarından Mikayıl Abdullayevin, Maral Rəhmanzadənin, Hüseyn Əliyevin əsərləri yüksək sənətkarlıq xüsusiyyətləri ilə diqqəti çəkir.
Üçüncü guşədə Naxçıvanın gözəl təbiət təsvirlərinə həsr olunmuş mənzərə janrına aid rəsm əsərləri özünə yer alıb. Burada Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinovun, Qədirulla Bağırovun, Hamlet Pənahovun və digər görkəmli rəssamların mənzərə janrında işlədikləri rəsm əsərləri ziyarətçilər tərəfindən maraqla qarşılanır.
Ekspozisiyanın son hissəsində Azərbaycanın, eləcə də Naxçıvanın qədim mədəniyyətini, xalqımızın dini-ideoloji və fəlsəfi dünyagörüşünü, yüksək bədii təfəkkürünü özündə əks etdirən sənət nümunələri – Naxçıvan xalçaları nümayiş etdirilir. Bu xalçalar ornamentlərinin obrazlı və ifadəli olması ilə yanaşı, yüksək estetik keyfiyyətləri ilə də Azərbaycanda, eləcə də Naxçıvanda xalçaçılıq sənətinin qədim dövrlərdən mövcud olduğunu, yerli istehsala əsaslandığını və müasir dekorativ-tətbiqi sənətin məhz bu möhkəm təməl üzərində inkişaf etdiyini göstərir.
Bələdçi deyir ki, bu gün yerli sakinlərlə yanaşı, Naxçıvana ölkəmizin digər bölgələrindən üz tutan qonaqlar, eləcə də xarici turistlər də qalereyanı böyük maraqla ziyarət edirlər.
Muxtar respublikanın tarixi abidələri, əsrarəngiz gözəllikləri, füsunkar, gözoxşayan mənzərələri, bənzərsiz təbiəti xalqımızın milli sərvətidir. Bu sərvətlər isə ölkənin tanıdılmasında, xalqımızın mədəniyyətinin təbliğ edilməsində mühüm əhəmiyyətə malikdir. Bu gün qalereya bu vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Öz fondunu ildən-ilə zənginləşdirərək dəyərli sənət əsərlərini, milli-mədəni sərvətlərimizi özündə toplayır, gələcək nəsillər üçün qoruyub saxlayır və milli sərvətlərimizi belə gözəl rəsm əsərləri vasitəsilə təbliğ edir.
Gülcamal TAHİROVA