Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şahbuz Rayon Kolanı Kənd Uşaq Musiqi Məktəbinin xanəndəlik ixtisası üzrə müəllim və şagirdlərinin Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” tədbirləri çərçivəsində “Zabul” muğam kompozisiyası təqdim olunub.
Konsertin aparıcısı bildirib ki, muğam sənəti 2002-ci ildə YUNESKO tərəfindən “Bəşəriyyətin qeyri-maddi mədəni irsi reprezentativ siyahısı”na daxil edilib. Təqdim olunacaq “Zabul” muğamı “Bərdaşt”, “Mayeyi-zabul”, “Muyə”, “Manəndi-müxalif” və başqa şöbələrdən ibarətdir.
Kolanı Kənd Uşaq Musiqi Məktəbinin müəllimi Bayram Qubadlı, şagirdləri Təyyar Mədətli, Özər Hacıyev, Mətləb Şirinzadə “Zabul” muğam kompozisiyasını ifa ediblər.
Məktəbin xalq çalğı alətləri ansamblı isə onları müşayiət edib. Konsertdə səsləndirilən şöbələr və guşələr maraqla qarşılanıb. Balaca xanəndələr Məhəmməd Füzuli, Əliağa Vahid və başqa şairlərimizin qəzəllərini səsləndiriblər.
Qeyd edək ki, məktəbin adıçəkilən istedadlı şagirdləri bu il ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin muxtar respublika müsabiqəsinin laureatlarıdır.
Konsertdə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru, Prezident mükafatçısı Rəhman Dünyamalıyevin Xalq şairimiz Bəxtiyar Vahabzadənin “Muğam” poemasından bədii qiraət etdiyi parçalar və klassik poeziyamızdan seçilmiş nümunələr maraqla qarşılanıb.
Konsertdən sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova konsert iştirakçılarını təbrik edib və onlara uğurlar arzulayıb.
Əli RZAYEV