23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan mədəniyyət tarixində, teatr salnaməmizdə öz yeri və dəst-xətti olan Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ictimaiyyəti daha bir uğurlu tamaşa – eyniadlı “Qılınc və qələm” səhnə əsəri  ilə sevindirdi. Çoxşaxəli ədəbi fəaliyyətə malik, Azərbaycan ədəbiyyatı tariximizə tarixi roman janrının banisi kimi düşən Məmməd Səid Ordubadinin bu əsəri ədibin 1939-1941-ci illərdə yazdığı son tarixi romanıdır. Əsərdə 1175-1225-ci illərin, təxminən, ­yarıməsrlik bir dövrün hadisələri təsvir edilir. Müəllifin əvvəlki tarixi romanları ilə müqayisədə tarixi reallıqlar burada daha dəqiq, təhrif edilmədən əks olunur. Macəraçılıq üslubunda yazılmış “Qılınc və qələm”də tarixi sənədliliklə bədii təxəyyülü ustalıqla əlaqələndirən yazıçı surətlərin təqdimində digər tarixi romanlarından daha sərbəst hərəkət edib.

“Qılınc və qələm” çoxsaylı tarixi, elmi, ədəbi mənbələrə istinadən yazılan tədqiqat xarakterli, mürəkkəb bir əsər olub, Azərbaycanda XII əsrdə baş vermiş proseslərə, intibah dövründəki ictimai-siyasi, ədəbi hadisələrə həsr edilib. Burada Atabəy Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Nizami Gəncəvi, Məhsəti Gəncəvi kimi tarixi şəxsiyyətlərin obrazları yaradılıb. Bütün bunlar – Azərbaycan dövlətçilik tarixini, xalqımızın azadlıq uğrunda mübarizəsini əks etdirməsi romanın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə Oxunması zəruri olan kitabların Siyahısına daxil edilməsini, eləcə də teatrın repertuarına salınmasını şərtləndirən amillərdir.

Əsərin səhnə versiyası ilə tanış olduqca Ali Məclis Sədrinin müvafiq sərəncamı ilə təsdiq olunmuş siyahıya daxil edilən bədii əsərlərin janr, üslub, mövzu rəngarəngliyi, milli və bəşəri ideyaların, vətəndaşlıq qayəsinin təbliği baxımından nə qədər həssaslıq və dəqiqliklə, müasir və klassik irsə kamil bələdçiliklə seçildiyini bir daha aydın dərk edirsən. Belə bir irihəcmli əsərin, tarixi və milli məsuliyyət tələb edən bir romanın uğurlu səhnə həlli tapması oxunması zəruri olan kitabların nəşrinin, mütaliə və müzakirələrinin həyata keçirilməsi, həmin ədəbi əsərlərin yeni istiqamətdə elmi tədqiqləri ilə yanaşı, incəsənətin ecazkar qüdrəti ilə, ekranlaşdırılmış və səhnələşdirilmiş şəkildə təbliğinin də zəruriliyini ortaya qoyur. Romanda baş qəhrəman, dahi şair Nizaminin dilindən deyilən “... biliksiz və siyasi düşüncəsi olmayan adamların silahları da qələbə qazana bilməz. Qəhrə­manlıq yalnız silah deyil, bilik də tələb edir” qənaəti müəllif qayəsi ilə “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamın əsas mahiyyətinin üst-üstə düşməsini təsdiq edir, bu isə əsərə müraciətin aktuallığını daha da artırır.
Repertuar seçimi Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olduğu ildə bu qədim diyarda türk-islam mədəniyyətinin intibah mərhələsinə çatdığı Atabəylər dövlətinin hakimiyyəti dövründən bəhs edən bir əsərin tamaşaçılara təqdim edilməsi baxımından təqdirəlayiqdir. Əsərin Naxçıvan şəhərinin ölkəmizin Gənc­lər Paytaxtı olduğu ildə səhnələşdirilməsi surətlərinin əksəriyyəti gənc­lər olan tamaşa vasitəsilə Naxçıvanın istedadlı gəncliyinin incəsənət sahəsində uğurlarını sərgiləmək, onlara milli özünüdərk, tarixi köklərə bağlı­lıq, sağlam dövlətçilik əqidəsi, yüksək əxlaqi-mənəvi keyfiyyətlər aşılamaq baxımından da aktualdır.
Yeni tamaşa haqqında danışarkən, hər şeydən əvvəl, peşəkar səhnə versiyasını qeyd etmək yerinə düşər. Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun quruluş verdiyi yeni səhnə əsəri 2 pərdəli və 17 şəkillidir. Tamaşa irihəcmli əsərdə hadisələrarası məntiqi əlaqəni qırmadan ixtisarlar aparmaq, əsas ideyanı tamaşaçıya çatdıra bilmək baxımından Azərbaycan teatrında o qədər də zəngin olmayan tarixi roman səhnələşdirmək təcrübəsini zənginləşdirəcək uğurlu nümunədir.
Tamaşada hadisələr idrak, zəka rəmzi olan QƏLƏM – dahi şair Nizami Gəncəvi və gücün, cəsarətin tərənnümçüsü olan QILINCIN – Fəxrəddinin ətrafında cərəyan edir. Əsərin əsas qəhrəmanlarından olan Nizami xalqına, Vətəninə sevgidən yoğurulan, incə ruhlu, fəlsəfi düşüncələrlə zəngin, ədalətsizliyə qarşı mübariz bir şair, şəxsiyyət, Azərbaycançılıq mücəssəməsi kimi təqdim olunur. O, müdrik fəlsəfəsi, təmkini, uzaqgörənliyi, milli ləyaqəti ilə seçilir. Nizami dəliqanlı Fəxrəddini öz siyasi düçüncəsi, mütəfəkkirliyi ilə hədəfə, məqsədə doğru düzgün istiqamətləndirərək apardığı mübarizələrdə ona yaxından kömək edir. Gənc aktyor Nəsimi Məmmədzadə belə bir klassik obraz yaratmağın şərəf və məsuliyyətini dərk edərək onu məharətlə canlandırır.
Gənc aktyor Səyyad Məmmədov isə mərd, cəsur, qəhrəman, qılıncı və iradəsi ilə xalqını, Vətənini müdafiəyə qalxan, sonadək mübarizə aparan, böyük Nizaminin məsləhətlərinə ehtiramla yanaşan Fəxrəddini ustalıqla canlandırır. Bütün səhnələrdə o, hər şeydən əvvəl, igid döyüşçü, basılmaz cəngavər təsiri bağışlayır. Bu cəsur obraz tamaşaboyu inkişafda təqdim olunur: Fəxrəddinin Cahan Pəhləvanın Gəncədə təşkil etdiyi məclisdə yer adlarının ərəbləşdirilməsinə əsaslı etirazı, Gavur arxının guya ərəblər tərəfindən çəkilməsi faktını təkzib etməsi, tamaşanın sonunda Qızıl Arslanı Azərbaycanın bütövlüyü və toxunulmazlığı naminə müdafiə etməyə razılaşması onun Nizami tövsiyələrindən – QƏLƏMİN gücündən bəhrələnərək adi cəngavərdən öz milli mənliyinə ağılın və həqiqətin gücü ilə sahib çıxa bilən, milli varlığını sübut etməyi bacaran xalq qəhrəmanına, məğrur bir sərkərdəyə yüksəldiyini göstərir.
Tamaşanın ən uğurlu obrazı Gəncə əmirinin qızı, xəlifənin nəvəsi Qətibə xanımdır. Gənc olmasına rəğmən artıq səhnədə öz təsdiqini tapan, böyük istedad və yaradıcılıq potensialına malik aktrisa Nurbəniz Niftəliyeva bu obrazı emosional, təsirli və dolğun şəkildə canlandırır. O, aydın və nüfuzedici diksiyası, geniş aktyor diapazonundan irəli gələn plastikası ilə seçilir. Öz canlılığı və təbiiliyi ilə diqqətçəkən bu obraz hər səhnədə bambaşqa bir Qətibə xatın olmaqla uzun müddət tamaşaçının hafizəsində yaşayacaq. Nurbəniz obrazı daxilən yaşayır, ən müxtəlif səhnələrdə – xüsusilə də sevgisinin rədd edildiyi, özünün Atabəyə hazırladığı sui-qəsdin qurbanına çevrildiyi məqamlarda psixoloji halətlərini, ruhi təbəddülatlarını böyük məharətlə yarada bilir. Nizaminin qarşısında sevgi yalvarışları ilə inildəyən gənc qız rədd cavabı aldıqdan sonra kin, nifrət, qəzəb hayqırır. Əmir İnancın qızı Qətibənin – ilk səhnələrdəki nisbi məsumluğu, iffəti olan bu obrazın tamaşaboyu məhz saray mühitinin təsiri ilə “inkişafda” verilməsi – məkrli, hiyləgər, hakimiyyət hərisi, qisas hissi ilə alovlanan bir obraza çevril­məsi uğurlu rejissor işi, aktrisanın ­məharətidir.
Tamaşada Eldəniz dövlətinin başçısı Məhəmməd Atabəyin timsalında mübariz sərkərdə, ədalətli hökmdar obrazı ilə tanış oluruq. Aktyor Ələsgər Quliyevin uğurlu ifasında müxtəlif səhnələrdə – dövrün böyük şairləri – Nizami və Məhsəti xanıma münasibətində, torpaq ixtilafları ilə bağlı ərizələrin müzakirəsi zamanı, Fəxrəddinlə dialoqunda, “Bilmirəm hansı cəsarətiniz üçün Cahan Pəhləvan adını daşıyırsınız?” cəsarətinə rəğmən Gözəl və atası Canpoladla bağlı ədalətli qərarlarında bunun şahidi oluruq. Böyük Nizaminin “Fəqirəm, bəxtiyarəm, bir yenilməz kainatam mən” misrası ilə bitən şeirinə vurğunluğu qüdrətli bir hökmdarın əsl zənginliyin, məğlubedilməzliyin məhz mənəvi zənginlik, idrak kamilliyi olması qənaətini təsdiqləyir. Bu, Atabəy Məhəmməd Cahan Pəhləvanın yüksək əxlaqi-mənəvi keyfiyyətlərə malik olduğunu göstərir. Ən əsası isə hələ XII əsrdə Azərbaycanın Atabəylər kimi qüdrətli bir dövləti, bu dövlətin idarəetmədə demokratik prinsiplərə meyilliyi haqqında ətraflı məlumat almış oluruq. Atabəyin Fəxrəddinin və digər azərbaycanlıları xəlifəyə “mənim ölkəmin qəhrəmanlarıdır. Bunların tarixi şöhrətləri vardır. Bu millət Midiya qəhrəmanlıq tarixinə malikdir”, – deyə təqdim etməsi də Azərbaycanla bağlı keçirdiyi milli qürur və iftixarın təzahürüdür.
Azərbaycan Respublikasının Əməkdar artisti Bəhruz Haxverdi­yevin canlandırdığı Gəncə əmiri Əmir İnancın timsalında isə liberal, qorxaq, xalqın taleyinə biganə, hakimiyyətini hər şeydən üstün tutan bir əmir obrazı ilə qarşılaşırıq.
Əsərdəki digər tarixi şəxsiyyət – Məhsəti Gəncəvi obrazı ilə (Nazlı İmanquliyeva) o dövrün ədəbi mühitində qadınların rolu və ümumiyyətlə, Azərbaycan ədəbiyyatında və mədəniyyətində qadına şəxsiyyət kimi verilən dəyər tərənnüm olunur.
Tamaşada digər diqqətçəkən obrazlar isə xalqın nümayəndələri olan Gözəl və atası Canpoladdır. Gənc aktrisa Fatimə Yusiflinin uğurlu ifasında Məhəmməd Atabəylə mübahisəyə girmək, xalqının hüquqlarını müdafiə etmək cəsarətinə sahib qeyrətli, məğrur Azərbaycan qızı Gözəl canlandırılır. Rejissor Qətibə xatınla Gözəlin Atabəy qarşısında ailə qurmaq şərtlərini qabarıq şəkildə müqayisəli təqdim etməklə əsl Azərbaycan qızının hökmdarı tərbiyələndirəcək qədər vətənpərvər, xalqa bağlı biri olduğunu tamaşaçıya düzgün çatdıra bilir.
Tamaşada iştirak edən digər ­aktyorlar – Xalq artistləri Rövşən Hüseynov, Həsən Ağasoy, Azərbaycan Respublikasının Əməkdar artisti Əbülfəz İmanov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Vüsal Rzayev, aktyor və aktrisalardan Vəli Babayev, Məmməd Mehdiyev, Həcərxanım Cavanşir, Mehri Nəbiyeva, Anar Eyvazov, Zəminə Məmmədova da öz rolları ilə əsərin uğurlu səhnə təcəssümünə, müəllif və rejissor ideyasının düzgün təqdimatına xidmət edirlər.
Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov səhnə tərtibatı ilə tamaşaçıda hadisələrin baş verdiyi zaman və məkanla bağlı dolğun təsəvvür yaratmağa müvəffəq olur. Tamaşanı müşayiət edən dekorasiya – Qələm və Qılıncın – əsərin simvolik qəhrəmanlarının təsviri də başlıca ideyanın təbliğinə uğurla xidmət edir.
Ariz Ağayevin musiqi tərtibatı tamaşaçını hər səhnədə növbəti saray müəmmaları, yeni macəralarla rastlaşmağa hazırlayır. Udda ifa olunan musiqilər isə həm də bir Şərq aurası yaradır.
Tamaşa əsərdən fərqli olaraq nikbin notlarla tamamlanır. Əsərin ana qayəsi olan QƏLƏM – ağıl və zəka QILINCla – güc və qüvvətlə birləşir. Bu birlikdən güc alan, Ana Vətən Azərbaycanın rəmzi – xalq arasında böyük sevgi və nüfuza malik ana, qadın, şairə Məhsəti xanım övladlarını bu günə – xoşbəxt, firavan, müstəqil gələcəyə uğurlayır. Final səhnəsi akademik İsa Həbibbəylinin “Qılınc və qələm”in müstəqil Azərbaycanın romanı olması, milli dövlətçilik ideyasının məhz əsərdə təbliğ olunan qılıncın və qələmin birliyi əsasında yaranması və Azərbaycanda dövlət müstəqilliyinin qurulması ilə həyata keçirilməsi ilə bağlı fikirlərini xatırladır. Əsrlər öncənin xəyalı, amalı olan milli azadlıq və müstəqilliyimiz, QILINC və QƏLƏMin birliyi ilə qazandığımız bu günün reallıqları fəxarət doğurur!
Tamaşaya verilən ən yüksək qiymət isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun premyeradan sonra yaradıcı heyətlə görüşərək əsərin səhnə həllini yüksək dəyərləndirməsidir: “Dövlətçiliklə bağlı səhnə əsərlərinin yaradılması istedad tələb edir. Bunun üçün gərək böyük yazıçı, dramaturq olasan, öz ölkənin, xalqının tarixini və əsərin əhatə etdiyi dövrü yaxşı biləsən. “Qılınc və qələm” tamaşasında aktyor seçimindən tutmuş səhnə tərtibatına qədər bütün işlər ustalıqla görülmüşdür. Hər tamaşada bir obraz daha çox diqqəti cəlb edir. Bu tamaşada da Qətibə xatın obrazı mükəmməl yaradılmışdır. Bu cür obrazların yaradılması üçün gərək aktyorda istedad olsun. Tamaşada hər bir aktyorun istedadı görünürdü. Zəhmət çəkiləndə istənilən uğura nail olmaq mümkündür. Ancaq çəkilən zəhmətə, o tamaşaya, o rola ürəklə bağlananda isə həmin obraz təkcə oynanılmır, həm də yaradılır və yaşadılır. “Qılınc və qələm” tamaşasında da obrazları yaradan hər bir aktyor həm də öz vətəndaş sevgisini ortaya qoymuşdu”.
Tamaşa müstəqillik uğrunda mübarizə tariximizi bir daha vərəqləməsi ilə yadda qalır. Bəli, ən ağır və çətin sınaqlarda – QILINCsız – gücümüz yalnız fiziki qüvvəmizə çatdığı silahsız günlərimizdə QƏLƏMin – ümummilli lider Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi sayəsində Naxçıvan müdafiə olundu, dahi ­öndərin siyasi qətiyyəti və fədakarlıqları nəticəsində Azərbaycanın müstəqilliyi qorundu! Məhz ümummilli lider ­Heydər Əliyev böyük zəka və siyasi iradəsi ilə QILINCları – bütün gücləri parçalanmaqda olan Azərbaycanı xilas etmək naminə öz ətrafında birləşdirib QURTULUŞ DASTANINI yaza bildi! Xalq zəka, idrak, müdrik siyasət ətrafında birləşdi, lazım gəldikdə isə “qılıncına sarılmaqla” qüdrətini göstərdi.
Bu gün Naxçıvanın blokadada inkişaf modeli məhz idrak və zəkaya arxalanmaqla dünyaya ideal nümunə kimi təqdim olunur. Məhz ağıl və müdrikliklə yaradılan kəsərli qılıncımız – qüdrətli ordumuz tarixə Günnüt qələbəsini – 26 ildən sonra yurda zəfərli dönüş gününü yazdı. Bu ağıl və müdriklik sayəsində vaxtilə “təklənmiş ada” vəziyyətinə salınan muxtar respublikamızın paytaxtı bu gün İslam Mədəniyyətinin Paytaxtı kimi dünyaya qucaq açır.Və nə qədər ki müstəqil Azərbaycan güclü idrakın, idrakla idarəolunan gücün əlindədir, daim yaşayacaq, var olacaq! Azərbaycan hələ neçə-neçə qalibiyyət və zəfərlərə imza atacaq!


Mehriban SULTAN
filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR