“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbiri ISESCO-nun saytında geniş işıqlandırılıb. Buradakı ilk xəbərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul etdiyi qeyd olunub. Ali Məclisin Sədri ISESCO-nun Baş direktorunu salamlayaraq ona Azərbaycan Respublikasının və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi sahəsindəki səylərinə görə təşəkkür edib. Xəbərdə ISESCO-nun Baş direktorunun da Ali Məclisin Sədri cənab Vasif Talıbova bu təntənəli tədbirin yüksək səviyyədə təşkilinə, bunun da Azərbaycan Respublikası ilə səmərəli əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə minnətdarlıq etdiyi vurğulanıb.
Saytdakı genişhəcmli ikinci yazı ISESCO-nun Baş direktorunun həmin tədbirdəki çıxışında vurğuladığı “İslam Mədəniyyət Paytaxtları Proqramı xalqların mədəni kimliyinə qarşılıqlı hörmət əsasında dialoq vasitəsilə sülhə xidmət edir” fikri ilə başlayır.
Yazıda qeyd olunur ki, açılış tədbirində ISESCO-nun Baş direktoru üzv dövlətlərin koordinasiyasında icrası həyata keçirilən İslam Mədəniyyət Paytaxtları Proqramının mahiyyəti barədə danışıb. Bildirib ki, bu proqram ən mühüm mədəni layihə kimi islami dəyərləri özündə əks etdirir və İslam mədəniyyəti paytaxtları da bu baxımdan dəqiq müəyyən olunmuş kriteriyalara cavab verən, İslam mədəniyyətinə və bütövlükdə, ümumbəşəri mədəniyyətin zənginləşməsinə öz töhfəsini verən şəhərlər arasından seçilir.
Daha sonra qeyd edilir ki, proqramın məqsədi xalqların tarixi keçmişini və bu gününü bir arada yaşada bilmək, yaradıcılıq, elm, sənət və digər sahələr vasitəsilə cəmiyyətin sivilizasiyalı inkişafında rol oynayan xüsusi mexanizmlərə üstünlük verməklə xalqlar arasında sülhə nail olmaqdan ibarətdir. Baş direktor vurğulayıb ki, bu proqramlar sayəsində ISESCO mədəniyyət, düşüncə, incəsənət və innovasiyaların genişləndirilməsinə də çalışır. Bu da üzv dövlətlərin dəstəklədiyi tolerantlıq, birgə yaşayış və dialoq kimi ümumbəşəri dəyərlərlə üst-üstə düşür.
Bundan əlavə, yazıda qeyd olunur ki, Baş direktor Əbdüləziz Osman əl-Tuveycri çıxışında xatırladıb ki, Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi 2009-cu ilin oktyabrında Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin konfransının qərarı əsasında qəbul edilib və onun maddi və qeyri-maddi mədəni irsinin zənginliyi, tarixi, mədəni, fəlsəfi fikir, ədəbiyyat, incəsənət və elm kimi sahələrin zənginləşməsinə verdiyi töhfələr əsas götürülüb.
Daha sonra Naxçıvanın bu bölgədəki mühüm mövqeyinin önə çəkildiyi yazıda onun Cənubi Qafqazda, Asiya və Avropanı bir-birinə bağlayan tarixi ticarət yollarının, mədəniyyətlərin və sivilizasiyaların kəsişmə nöqtəsindəki strateji əhəmiyyətindən bəhs olunur. Bildirilir ki, Naxçıvan keçmişdən bu günədək yaşadılan mədəni dəyərləri ilə Azərbaycanın tarixini özündə əks etdirir və bununla da bütün İslam dünyasının ən qədim mərkəzlərindən birinə çevrilib. Yazıda Əbdüləziz Osman əl-Tuveycrinin Naxçıvanın mədəni potensialının bütün Azərbaycanın mədəni irsinin və sivilizasiyalı kimliyinin parlaq ifadəsi, eyni zamanda bütün İslam sivilizasiyasının idealı olduğu fikri qeyd edilib.
Daha bir maraqlı məqam isə Baş direktorun erkən İslam dövrünə aid ərəb kitabı “Bilad Əl Reha”ya istinadən dediyi “Naxçıvan qədim sivilizasiyanın izlərini təcəssüm etdirən abidələri və qədim tarixin mədəni, iqtisadi və siyasi sahələrdəki aparıcı rolunu özündə yaşatmaqdadır” sözləri də diqqəti cəlb edir.
Məqalədə bu tədbirin İslam dünyası qarşısında artan problemlər fonunda keçirildiyi vurğulanıb. ISESCO-nun Azərbaycan Respublikasının səlahiyyətli orqanları ilə birgə bundan sonra da bir sıra işlər həyata keçirəcəyi qeyd edilib. Diqqətə çatdırılıb ki, adıçəkilən təşkilat həmin layihəni bundan sonra da dəstəkləyəcək və üzv dövlətlərin birgə əməkdaşlığının möhkəmləndirilməsinə, bütün sahələrdə, xüsusən elm və təhsil əlaqələri vasitəsilə mədəniyyət sahəsində koordinasiya və inteqrasiya əlaqələrinin genişləndirilməsinə köməyini əsirgəməyəcək.
“Bu, İslam dünyasının yeni sivilizasiyalı dəyərlərə qoşulmasının möhkəm əsasını təkşil etməklə bizim ən birinci vəzifəmizdir”, – deyə saytdakı məqaləyə yekun vurulur.
Əli CABBAROV