23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun, Mədəniyyət Nazirliyinin və Rəssamlar Birliyinin təşkilatçılığı ilə bu gün açılışı olacaq festivalda 14 ölkədən 63 rəssam iştirak edəcək.

Mayın 22-də qonaqlar əvvəlcə Azərbaycan xalqının ümummilli ­lideri Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüb, Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Naxçıvan Dövlət Xalça Muzeyində olan festival iştirakçılarına bildirilib ki, hazırda burada 3 mindən çox eksponat var. Muzeyin daimi ekspozisiyasında xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, mis və saxsı qablar nümayiş etdirilir.
Sonra qonaqlar Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonuna gələrək ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunan sərgiyə baxıblar. Sərgidə 35 rəssamın 100-ə yaxın rəsm əsəri nümayiş olunur. Həmin əsərlər Beynəlxalq Rəsm Festivalı iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Naxçıvan Dövlət Tarix Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, burada Naxçıvanın qədim tarixi ilə bağlı 48 mindən çox eksponat qorunub saxlanılır. Ekspozisiyalar, əsasən, qədim və orta əsrləri, müasir dövrü əhatə edir.
Festival iştirakçıları Naxçıvan şəhərindəki Bəhruz Kəngərli adına Rəssamlar Parkına gələrək görkəmli rəssamın abidəsi önünə güllər düzüb, xatirə şəkli çəkdiriblər. Sonra Bəhruz Kəngərli Muzeyində olan qonaqlara məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılıb, 2002-ci il iyun ayının 18-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə açılışı olub. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama əsasən Naxçıvan Muxtar Respublikasında da bir sıra işlər görülüb. Bəhruz Kəngərlinin Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanan bir çox əsərlərinin surəti çıxarılaraq muzeyə verilib, ilk dəfə olaraq rəssamın əsərlərinin tam külliyyatı albom-kataloq şəklində nəşr olunub. Eyni zamanda muxtar respublikada yubiley münasibətilə poçt markası buraxılıb. Bu gün muzeydə realist rəssamın zəngin irsinə aid yüzlərlə eksponat mühafizə edilir.
Həmin gün festival iştirakçıları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə kompleksləri və Duzdağ Fizioterapiya Mərkəzi ilə də tanış olublar.

Tural AĞAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR