Naxçıvan şəhərinin 2018-ci il üçün Gənclər Paytaxtı seçilməsi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illk yubileylərinə həsr olunmuş “Hünər” XII Vətənpərvərlik Mahnıları Festivalının 10 iyul 2018-ci il tarixdə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində seçim mərhələsi keçirilib.
Azərbaycanı tərənnüm edən vətənpərvər ruhlu xalq və bəstəkar mahnılarının gənclər arasında təbliğ edilməsi, bu sahədə gənclərin yaradıcılıq potensialının üzə çıxarılması və vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədilə keçirilən festivalda muxtar respublikanın şəhər və rayonlarından 18-29 yaş arasında 25 gənc solo və musiqi aləti ilə xalq və estrada mahnıları ifa edib. Festivalın seçmə mərhələsində iştirak edən 10 gənc Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Respublikasının Xalq artisti Mübariz Tağıyev, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Eldar Mansurov, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, “Humay” mükafatı laureatçısı Baba Vəziroğludan ibarət münsiflər heyəti tərəfindən final mərhələsinə vəsiqə qazanmışdır.
Dünən keçirilən final mərhələsində Culfa rayon təmsilçiləri Nazil Qulusoy, Aqil Adilzadə, Nicat Hüseynov, Babək rayon təmsilçisi Məqsəd Hacıyev, Şahbuz rayon təmsilçisi Bayram Qubadlı, Kəngərli rayon təmsilçisi Sevinc Ağalarova, Naxçıvan şəhər təmsilçisi Əfsanə Babayeva, İlkin Abdullayev və Samir İsmayılov çıxış ediblər. Tamaşaçılar tərəfindən iştirakçıların çıxışları alqışlarla qarşılanmışdır.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov qalibləri təbrik edərək bildirmişdir ki, Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirliklərinin, Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar “Hünər” XII Vətənpərvərlik Mahnıları Festivalı keçirilir. Tədbir Naxçıvan musiqiçilərinin və Naxçıvan gənclərinin ürəyincədir. Mədəniyyətin təbliğ edilməsində musiqinin xüsusi yeri olduğunu vurğulayan gənclər və idman naziri doğma Naxçıvanın ölkəmizin Gənclər Paytaxtı seçilməsi münasibəti ilə gəncləri və festivalın qaliblərini təbrik edib.
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev və Azərbaycan Respublikasının Xalq artisti Mübariz Tağıyev çıxış edərək bildiriblər ki, keçirilən tədbir muxtar respublikada istedadlı gənclərin üzə çıxarılmasında mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, müsabiqədə iştirak edən gənclər xüsusi istedada malikdir və edilən seçim tam ədalətlidir.
Sonra mükafatlandırılma başlayıb. Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Rəhimov və Azərbaycan Respublikasının Xalq artisti Mübariz Tağıyev mükafatları təqdim ediblər. I yerə İlkin Abdullayev, II yerə Əfsanə Babayeva, III yerə isə Samir İsmayılov layiq görülüblər. Qaliblər və fərqlənən 7 nəfər iştirakçı diplom, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə bağlı keçirilən tədbirin davamı olaraq Heydər Əliyev Muzeyinin qarşısında muxtar respublika sakinlərinin istirahətini daha da maraqlı etmək üçün Bakı şəhərindən dəvət olunmuş müğənnilərin ifasında konsert proqramı təşkil edilib. Konsert proqramında tanınmış müğənnilər Sevil və Sevinc Səfərova bacıları, Aysel Əlizadə, Zaur Əmiraslanov və Elnur Məmmədov çıxış ediblər. Muxtar respublika sakinlərinə əsl mənəvi zövq bəxş edən, zəngin repertuara malik konsert proqramı alqışlarla qarşılanıb.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti