23 Dekabr 2024, Bazar ertəsi

Mayın 18-də Çin Xalq Respublikasının “HUAWEI Technologies Co.LTD” şirkətinin dəstəyi ilə nəşr olunmuş “Qədim və müasir Naxçıvan” kitabının təqdimatı olub.

Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov tədbirdə çıxış edərək deyib ki, ötən ilin noyabr ayında Çin Xalq Respublikasının “Huawei” şirkətinin təşəbbüsü ilə Naxçıvanla bağlı kitab hazırlanması haqqında razılıq əldə edildikdən sonra “Huawei Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssilərindən ibarət işçi qrupu yaradılıb. Nəticədə, bu gün təqdimatı keçirilən “Qədim və müasir Naxçıvan” kitabı ərsəyə gəlib. Kitabda Naxçıvanın tarixi abidələri, turizm imkanları, mədəniyyət və incəsənət, elm və təhsil sahələri, iqtisadiyyatın və kənd təsərrüfatının inkişafı barədə ətraflı məlumat verilir. Azərbaycan və ingilis dillərində nəşr olunan kitab 8 fəsildən ibarətdir və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov tədbirdə çıxış edərək deyib ki, dünyanın ən böyük telekommunikasiya şirkətlərindən olan Çin Xalq Respublikasının “Huawei” şirkəti artıq 16 ildir ki, muxtar respublika ilə faydalı əməkdaşlığa malikdir. Naxçıvanda telekommunikasiya və informasiya texnologiyaları, eləcə də distant təhsil sahəsində həyata keçirilən tədbirlərdə mühüm xidmətləri olan şirkət rəhbərliyi Naxçıvan Muxtar Respublikası haqqında kitab nəşr etmək barədə təşəbbüs irəli sürmüşdür. Bu təşəbbüsə Naxçıvan Muxtar Respublikası Ali Məclisində baxılmış və dəyərləndirilmiş, əməkdaşlığın nəticəsi olaraq nəfis tərtibatlı “Qədim və müasir Naxçıvan” kitabı nəşr olunmuşdur. Naxçıvan Muxtar Respublikasının keçib gəldiyi böyük inkişaf yoluna işıq tutan bu kitabdan Azərbaycan və ingilisdilli oxucular faydalana biləcəklər. Kitabın mühüm məziyyətlərindən biri də faktolojiliyi və foto materiallarının zənginliyidir.
Əli Həsənov səmərəli əməkdaşlığa və təşəbbüsə görə “Huawei” şirkətinin rəhbərliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəkkürünü çatdırıb.
Təqdimetmə mərasimində “Huawei Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Cao Zejun deyib ki, əməkdaşlıq etdiyimiz illərdə Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı, bu qədim diyarda müasir infrastrukturun yaradılması, bütün sahələrin inkişafına göstərilən hərtərəfli dövlət qayğısı adıçəkilən kitabın ərsəyə gəlməsinə səbəb olub. Muxtar respublika ilə gündən-günə genişlənən əlaqələrimizə bir nümunə olan “Qədim və müasir Naxçıvan” kitabında Naxçıvanın qısa bir zaman kəsiyində keçdiyi yol öz əksini tapıb. Əminəm ki, əməkdaşlığımız bundan sonra da davam edəcək.
Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, yeni nəşr muxtar respublika haqqında geniş və aydın təsəvvür yaratmaq baxımından olduqca əhəmiyyətlidir. Kitabın ilk səhifəsində Naxçıvan Muxtar Respublikası haqqında verilən qısa məlumatda bu qədim Azərbaycan torpağının tarixi, coğrafiyası, dövlət orqanları, təhsil və mədəniyyəti haqqında məlumat almaq mümkündür.
Təqdimat mərasimində çıxış edən AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli deyib ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı tədbirlər sırasında ümumiləşdirici əsərlərin, mono­qrafiya və kitabların nəşri xüsusi yer tutur. Son 20 ildə Naxçıvanda elmin bir sıra sahələri, xüsusilə tarix və mədəniyyətin müxtəlif problemləri ilə əlaqədar çoxlu ümumiləşdirici əsərlər hazırlanıb, kitablar və monoqrafiyalar nəşr etdirilib. Azərbaycanşünaslığın tərkib hissəsi olan Naxçıvanşünaslığın elmi xəzinəsi bu gün təqdimat mərasiminə toplaşdığımız “Qədim və müasir Naxçıvan” əsəri ilə daha da zənginləşib. Kitabda Naxçıvanın tarixi və memarlıq abidələrinə geniş yer ayrılıb. Naxçıvan memarlıq məktəbinin nadir nümunələri olan həmin abidələrin timsalında deyə bilərik ki, Naxçıvanda keçmiş irs, ümumiyyətlə, milli-mənəvi dəyərlər yüksək səviyyədə qorunur. Məhz buna görə və digər amillər də nəzərə alınmaqla Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib.
Qeyd olunub ki, kitabda ulu öndər Heydər Əliyev tərəfindən hazırlanan siyasi kursun tətbiqi, ölkə Prezidenti cənab İlham Əliyevin ardıcıl diqqət və qayğısı nəticəsində qısa müddətdə əldə olunan uğurlardan, Naxçıvanın elm və təhsil müəssisələrindən, o cümlədən ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə yaradılmış AMEA Naxçıvan Bölməsindən, 3 ali təhsil müəssisəsindən, 3 orta ixtisas məktəbindən, Heydər Əliyev adına Hərbi Liseydən də bəhs edilir. Kitabın dəyərini artıran cəhətlərdən biri də onun Azərbaycan və ingilis dillərində tərtib olunmasıdır. Kitaba hər bir mövzu ilə əlaqədar yerindəcə əlavə olunan yüksəkkeyfiyyətli foto­şəkillər oxucuda bəhs olunan məsələ və ya obyekt haqqında aydın təsəvvür yaradır.
Fəxrəddin Səfərli bu qəbildən olan kitabların nəşrinə göstərdiyi yüksək diqqət və qayğıya görə muxtar respublika ziyalıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Təqdimat mərasiminin iştirakçılarına “Qədim və müasir Naxçıvan” kitabı təqdim olunub.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR