23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda uşaqların istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkilini təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. ­Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Uşaq Filarmoniyası və onlarla digər mədəniyyət ocaqları bu baxımdan mühüm əhəmiyyət daşıyır. 

Görkəmli maarifçi Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı gördüyü işlərlə, rəngarəng repertuarla, maraqlı səhnə əsərləri ilə tamaşaçı rəğbəti qazanmağa, auditoriyasını genişləndirməyə, balaca teatr həvəskarlarını sevindirməyə çalışır.
“Uşaqların qəlbi ağ kağız parçasıdır”, – deyirlər. Doğrudan da, belədir, nə yazılsa, qəbul edəcək və yaddaşına hopacaq. Bu mənada, kukla teatrı uşaqların tərbiyəsinə, onların düzgün formalaşmasına mühüm təsir imkanlarına malikdir. Ən çox üz tutulan məkanlardan biri olan teatr bu mövsümü də uğurla başa vurub. Hər dəfə bir-birindən maraqlı tamaşaları ilə balaca teatrsevərlərin görüşünə gələn sənət ocağının fəaliyyəti, yaradıcılıq işləri barədə bizi teatrın bədii rəhbər-direktoru, Xalq artisti Şirzad Abutalıbov məlumatlandırdı.

O qeyd etdi ki, Naxçıvan Dövlət Kukla Teatrı 14 sentyabr 1989-cu il tarixdən fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Sərəncamı ilə 2004-cü ildə sənət ocağına Naxçıvanda peşəkar teatrın yaradıcılarından olan Məhəmməd Tağı Sidqinin adı verilib. Teatr fəaliyyətinin ilk dövrlərindən etibarən uşaq və yeniyetmələrin milli, mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyəsində, dünyagörüşlərinin formalaşmasında, vaxtlarının səmərəli təşkilində əvəzsiz xidmətlər göstərib.
Müsahibim bildirdi ki, repertuar seçimində tamaşaçının mənəviyyatı ön planda götürülür, milli adət-ənənələrimizin öyrənilməsi, Vətənə, xalqa məhəbbət, dürüstlük, ədalət, böyüklərə hörmət aşılayan əsərlər xüsusi yer tutur. Diqqət edilir ki, seçilən əsərlər uşaqların düzgün tərbiyəsinə, gələcəkdə cəmiyyətə faydalı vətəndaş kimi formalaşmasına köməklik etsin.
Şirzad müəllim əlavə edir ki, repertuara salınan tamaşalar bir-bir təhlil olunur, əsasən, yerli dramaturgiyaya üstünlük verilir. Kuklaların dili ilə hər hansı bir əsərdə baş verən hadisələrin uşaqlara çatdırılması onlar tərəfindən böyük maraq və sevgi hissi ilə qarşılanır. Teatr çoxfunksiyalı bir sahə olduğundan hər hansı bir tamaşanın yaranmasında rejissorun və aktyor kollektivinin mövqeyi çox vacibdir. Tamaşanın təsirli alınması üçün səhnə, aktyor bacarığının imkanları nə qədər vacibdirsə, balaca tamaşaçıların səviyyəsinə, düşüncə tərzinə uyğun olan və onların mənəvi əxlaqına təsir edə bilən səhnə təcəssümünün yeni formalarını axtarıb tapmaq da bir o qədər zəruridir. Teatr tamaşaçı istəyini, tələbini nəzərə alarsa, o zaman görülən iş də uğurlu olar. Əks halda, tamaşaçı teatrdan ayrı düşür. Bəzən tamaşalar bizim kiçik dostlarımıza o qədər təsir edir ki, onlar da özlərini nağıl qəhrəmanlarına oxşatmaq istəyirlər. Bu, o vaxt mümkündür ki, aktyorlar böyük səriştəlilik və bacarıqla işlərini yerinə yetirir, bir sözlə, göstərilən tamaşa bütün kollektivin birgə əməyinin məhsulu kimi ortaya çıxır. Kukla teatrının digərlərindən fərqi də ondan ibarətdir ki, burada məhz nağıllar aləmi ilə tamaşaçılara fikirlər çatdırılır. Növbəti teatr mövsümü üçün repertuara daxil edilən Arzu Soltanın “Qırmızı, yaşıl, mavi” əsəri xüsusilə seçilir. Bu əsər balaca tamaşaçılarımıza doğma Vətənimizə, xalqımıza məhəbbət, sevgi hisslərini aşılamaqla, həm də üçrəngli bayrağımızın müqəddəsliyini, yenilməzliyini bütün təfərrüatı ilə çatdıracaq.
Müsahibim bildirdi ki, teatr hər rübdə yeni səhnə əsərləri ilə balaca tamaşaçıların görüşünə gəlir. Uşaqların tamaşaları sevməsi üçün əsərin maraqlı təqdimatı, balacaların maraq dairəsinə uyğunluğu, onları düşündürməsi, əyləndirməsi və sair məqamlar nəzərə alınır. Bu mənada, çalışırıq ki, onların mənəvi dünyasına nüfuz edək, qayğısız uşaqlıq illərinin ən xoş anlarını bizimlə yaşamasına imkan yaradaq. Hər il olduğu kimi, bu il də repertuarımıza müxtəlif səpkidə əsərlər daxil etmişdik. Son vaxtlarda Minaxanım Əkrəmqızının “Uf-uf xanım”, Kəmalə Ağayevanın “Göyçək Fatma”, “Sirli sözlər”, şair-dramaturq Zaur Vedilinin “Meşə macəraları”, “Çalıb-çağıran ağac”, Nağı İsmayılzadənin “Ağca və Bozca”, Ağaxan Salmanlının “Niyyət açarı”, Səbuhi Hüseynovun “Seymurun sirli dünyası”, Yevgeni Şvarçın “Qırmızı papaq” kimi tamaşaları ilə vaxtaşırı balaca teatrsevərlərin görüşünə gəlmişik. “Qoğalın sərgüzəşti”, “Ələddinin sehrli çırağı”, “Keçinin qisası” kimi tamaşalar isə həm uşaqlar, həm də valideynlər tərəfindən çox maraqla qarşılandı. Repertuarda Azərbaycan klassiklərinin, eləcə də Naxçıvanda yaşayıb-yaradan müəlliflərin əsərlərinə də yer ayrılır. Cəlil Məmmədquluzadənin “Çay dəsgahı”, Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Kəmalə Ağayevanın “Məlikməmməd” əsərləri vaxtilə səhnələşdirilən əsərlər sırasındadır. Cari ilin ikinci rübündə Abdulla Şaiqin “Tülkü həccə gedir”, Kəmalə Ağayevanın “Tıq-tıq xanım”, Bayram İsgəndərlinin “Cırtdanın yeni sərgüzəşti”, Arzu Soltanın “Qırmızı, yaşıl, mavi” əsərləri repertuarımıza daxil edilib.
Şirzad müəllim sevindirici hal kimi onu da vurğuladı ki, balaca tamaşaçılarla birgə onların valideynləri də qalıb əsərləri izləmək istəyirlər. Bundan əlavə, məktəblərlə, bağçalarla, valideynlərlə əlaqəmiz yüksək səviyyədə qurulub. Valideynlər də uşaqlarının dünyagörüşünün artırılmasında, onların tərbiyəsində teatrın əhəmiyyətini dərk edirlər.
Bu gün teatr kollektivinin tərkibində Ulduz Süleymanova, Vəsmə Quliyeva, İlqar və İlham Babayev qardaşları, Süleyman Süleymanov, İbad Nəbiyev kimi bu sənət ocağı yaranandan indiyədək çalışan peşəkar aktyorlar, teatrın baş rəssamı Rəfael Qədimov, quruluşçu rejissor Nadir Hüseynov, quruluşçu rəssam Ədalət Quliyev, bəstəkar Əli Məmmədov, butafor Çimnaz Gözəlova və digər istedadlı, artıq öz işində püxtələşən, işinin ustası olan insanlar fəaliyyət göstərirlər.
Kollektivdə gənc aktyorlarımız da vardır ki, onlar da bu məsuliyyətli işdə digər aktyorlarla çiyin-çiyinə çalışır. Gəncləri də öz sıralarımıza cəlb etməyə, onların yaradıcı fikirlərindən yararlanmağa çalışırıq, – deyən müsahibim hazırda teatrın kollektivində Ləman Əhmədova, Əfqanə Ələsgərova, Arzu Səfərov kimi gənc aktyorların olduğunu da bildirdi.
Müsahibim qeyd etdi ki, teatr dəfələrlə Azərbaycanın digər bölgələrində, Türkiyə və İran İslam Respublikasının bir çox şəhərlərində qastrol səfərlərində olub, Tacikistan Respublikasında təşkil edilmiş kukla teatrı festivalında iştirak edib. Eyni zamanda muxtar respublikada təşkil olunan tədbirlərdə, təhsil ocaqlarında balaca teatrsevərlərin qonağı olub. Tədbirlər planına uyğun olaraq Əlillərin Bərpa Mərkəzində, bir sıra ümumtəhsil məktəblərində xeyriyyə tamaşaları göstərilib ki, onlar içərisində “Göyçək Fatma”, “Keçinin qisası”, “Qoğalın sərgüzəşti” tamaşaları izləyənlər tərəfindən böyük maraqla qarşılanıb. Bu tədbirlər gələn mövsüm də davam etdiriləcək.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR