23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi münasibətilə ebru sənətçisi, Türkiyə Böyük Millət Məclisinin sənət üzrə müşaviri Hikmət Barutçu­gilin əsərlərindən ibarət “Allahın gözəl adları” mövzusunda sərgisi təşkil olunub. 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkil etdiyi sərginin açılış mərasimində çıxış edən muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimova qeyd edib ki, bu gün muxtar respublikada milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılır. Bütün bunların nəticəsidir ki, Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib. Belə bir əlamətdar ildə türk-islam mədəniyyətinin dərin məzmunlu nümunələrindən olan ebru sənətinə aid bu möhtəşəm sərginin təşkili İslam mədəniyyəti ilə səsləşən mühüm mədəniyyət hadisəsidir. Sərgidə müəllifin 47 əl işi sərgilənir.

Natəvan Qədimova qeyd edib ki, 1973-cü ildə İstanbul Dövlət İncəsənət Akademiyasının Ali Məktəbində təhsil aldığı illərdə ebru sənəti ilə tanış olan Hikmət Barutçugil öyrəndiyi bu sənətə öz töhfəsini verib. “Barut Ebrusu” kimi tanınan yeni bir ebru sənəti növü yaradan Hikmət Barutçugil daha çox kağız sənəti olaraq tanınan ebrunu həm də fərqli bir sənətkarlıq növü kimi sənət aləminə təqdim etməyə müvəffəq olub. Hikmət Barutçugil ebru sənətinin inkişafı və təbliği işini daha da genişləndirmək məqsədilə İstanbul Ebru Evini yaradıb. Sənətkarın bu günə qədər Türkiyə Respublikasında və xarici ölkələrdə olmaqla, 100-ə yaxın sərgisi təşkil edilib. Ebru sənəti ilə bağlı Hikmət Barutçugilin bir sıra məqalələri və 20-yə yaxın kitabı çap olunub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva vurğulayıb ki, məşhur ebru sənətçisi Hikmət Barutçugilin əsərlərindən ibarət sərginin təşkil olunması naxçıvanlı rəssamlar üçün sevindirici haldır.
Məşhur ebru sənətçisi Hikmət Barutçugil çıxışında bildirib ki, Azərbaycanda ebru sənətinə olan maraq məni çox sevindirir. Gələcəkdə ebru sənətilə bağlı burada ustad dərslərinin keçilməsini və bu sənətin daha da geniş yayılması üçün səylər göstərəcəyəm. Bu sərginin təşkil olunmasında əməyi olanların hamısına minnətdarlığımı bildirirəm.
Sonra Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi adından Hikmət ­Barutçugilə “Naxçıvan xalçaçıları” adlı kitab-kataloq hədiyyə olunub.
Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Nihat Erşen və rəssamın əsərlərinin kataloqunun tərtibçisi və naşiri olan Ahmet Taner Özer çıxışlarında sərginin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlıqlarını bildirib, iki qardaş ölkə arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində də əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdırıblar.
Sonra sərgiyə baxış olub.
Qeyd edək ki, sərgi bir neçə gün davam edəcək.

* * *

Sərgidə türkiyəli rəssam “Şərq qapısı” qəzetinə müsahibəsində bildirib ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi məni çox sevindirdi. Çünki Azərbaycan torpağı qədim tarixə və mədəniyyətə malik bir diyardır. Bu münasibətlə əsərlərimdən ibarət “Allahın gözəl adları” mövzusunda sərginin ­burada təşkil edilməsi mənim üçün qürurvericidir.
Belə sərgilərin təşkil olunması İslam mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyətə malikdir, – deyən Hikmət Barutçugil vurğulayıb ki, Naxçıvana ilk dəfə gəlməyimə baxmayaraq, burada mədəniyyətə, incəsənətə yüksək dəyər verildiyinin şahidi oldum. Bu, məni bir sənətçi kim çox sevindirdi. Sərginin təşkilatçılarına minnətdarlığımı bildirirəm.

Tural Ağayev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR