23 Dekabr 2024, Bazar ertəsi

Mayın 17-də Naxçıvan Dövlət ­Filarmoniyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş mahnı müsabiqəsi ­keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri ­Natəvan Qədimova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi ­Sədrinin “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planının təsdiq edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli Sərəncamından irəli gələn vəzifələr uğurla icra olunur. Tədbirlər planına əsasən ümummilli ­liderə həsr olunmuş şeir və mahnı müsabiqələrinin keçirilməsi nəzərdə tutulub. Bugünkü mahnı müsabiqəsi Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Bəstəkarlar Təşkilatının birgə təşkilatçılığı ilə həvəskar və professional bəstəkarlar arasında keçirilir. Müsabiqənin keçirilməsində əsas məqsəd dahi Heydər Əliyevin mənəvi irsindən faydalanmaqla Naxçıvan Muxtar Respublikasında yetişən gənc nəslin bədii və estetik zövqünün formalaşmasına kömək etmək, istedadlı bəstəkarları aşkar edib üzə çıxarmaq, onların yaradıcılıq potensialını inkişaf etdirməkdən ibarətdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq əsasnaməyə əsasən muxtar respublikamızda yaşayan həvəskar və professional bəstəkarlıqla məşğul olan yaşı 18-dən yuxarı şəxslər müsabiqədə iştirak etmək hüququ qazanıb.
Yaradılmış Təşkilat Komitəsi müsabiqənin keçirilməsi üçün lazımi tədbirləri görüb, münsiflər heyəti müəyyən olunub. Müsabiqənin gedişi zamanı təqdim olunmuş əsərlər 10 ballıq sistem üzrə gizli səsvermə yolu ilə qiymətləndiriləcək və qaliblər müəyyən ediləcəklər.

Nazir çıxışının sonunda müsabiqənin iştirakçılarına və münsiflər heyətinə uğurlar arzulayıb.
Tədbirin aparıcısı müsabiqənin münsiflər heyətini iştirakçılara təqdim edib.
Müsabiqədə ümummilli liderə həsr olunmuş peşəkar və həvəskar bəstəkarların 11 mahnısı səsləndirilib. Naxçıvan Musiqi Kollecinin, Naxçıvan Dövlət Filarmoniyasının, Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin xor kollektivləri, Naxçıvan Muxtar Respublikasının Əməkdar ­artistləri Elçin Nağıyev, Yaşar Qurbanov, Azər Cəfərli, gənc müğənni Rahim Əsgərzadə müsabiqəyə təqdim olunmuş mahnıları ifa ediblər. “Fəxr edirəm ki, mən azərbaycanlıyam” odası, “Ömrün Heydər zirvəsi”, “Ulu öndər”, “Sönməyən Günəşim” və başqa mahnılar maraqla qarşılanıb.
Bütün əsərlər ifa edildikdən sonra münsiflər heyəti qalibləri müəyyən etmək üçün müzakirələr aparıb. Tədbirdə “Salnamə” sənədli filmlər studiyasının istehsal etdiyi “Heydər Əliyev – Azərbaycan mədəniyyətinin hamisi” sənədli filmi nümayiş etdirilib.
Müsabiqədə Naxçıvan Muxtar Respublikası Əməkdar incəsənət xadimləri Yaşar Xəlilov və Şəmsəddin Qasımov müvafiq olaraq III və II yerlərə layiq görülüblər. Fəridə Ağayeva isə müsabiqənin qalibi olub. Qaliblərə diplomlar təqdim olunub.
Tədbirin sonunda Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Yaşar Xəlilov çıxış edərək müsabiqənin təşkilatçılarına minnətdarlıq edib, qalibləri təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR