Tədbir iştirakçıları əvvəlcə Hüseyn Cavidin şəhərin mərkəzində ucaldılan məqbərəsini ziyarət edib, dahi şairin Naxçıvan şəhərindəki ev-muzeyində olublar.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova deyib ki, bu gün istər poeziyada, istərsə də dramaturgiyada orijinallığı ilə seçilən, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan şair-dramaturq Hüseyn Cavidin anadan olmasından 135 il ötür. Hüseyn Cavid 1937-ci ilin iyun ayında “gizli millətçi əks-inqilabi təşkilat”da iştirakı bəhanəsi ilə günahsız yerə səkkizillik həbs cəzasına məhkum olunub. Həmin ildən onun bütün əsərlərinin nəşri və tamaşaya qoyulması qadağan edilib.
Ulu öndər Heydər Əliyevin qayğısı ilə ötən əsrin 70-ci illərindən etibarən Cavidin əsərləri nəşr olunmağa başlayıb, rus dilində 2 cildliyi işıq üzü görüb. Ümummilli lider Heydər Əliyev çox böyük cəsarət tələb edən addım atıb, Cavidin cənazəsi 1982-ci ildə Uzaq Sibirdən Bakıya, noyabrın 2-də isə Naxçıvana gətirilib. Bu fakt keçmiş Sovetlər Birliyi məkanında repressiya olunmuş şəxsə dövlət səviyyəsində göstərilmiş münasibətin yeganə cəsarətli nümunəsidir.
Bildirilib ki, 1992-ci il oktyabrın 23-də Naxçıvanda Hüseyn Cavidin 110 illik yubileyi təntənəli şəkildə qeyd edilib, həmin dövrdə Naxçıvanda Ali Məclisin Sədri işləyən ümummilli liderimiz yubiley tədbirində Hüseyn Cavid haqqında dərin məzmunlu nitq söyləyib, böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra məsələlərə toxunub. Görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra da Cavid şəxsiyyətinə, irsinə, ailəsinə diqqət və qayğısını əsirgəməyib. 1995-ci il iyunun 10-da ulu öndər Heydər Əliyevin yanında keçirilmiş müşavirədə görkəmli şair-dramaturq Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə bağlı məsələlər geniş müzakirə olunub. 1996-cı il oktyabrın 29-da Naxçıvanda böyük sənətkarın məqbərəsinin təntənəli açılış mərasimi olub. Bu mərasim böyük Cavidə qayğı və məhəbbətin təntənəsi, məqbərənin yaradılması isə təkcə böyük sənətkara deyil, Cavidlərə ucaldılan abidə idi.
“Hüseyn Cavidin anadan olmasının 120 illiyinin qeyd olunması haqqında ulu öndərin 2002-ci il 23 oktyabr tarixli Sərəncamı sübut edir ki, görkəmli dövlət xadimi Heydər Əliyev böyük sənətkarın irsinin öyrənilməsinə həmişə diqqətlə yanaşıb”, – deyən Natəvan Qədimova vurğulayıb ki, bu sərəncam Cavid şəxsiyyətinə və yaradıcılığına tükənməz məhəbbətin, Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidin ev-muzeyinin yaradılması, 1993-cü ildə Bakıda görkəmli ədibin abidəsinin ucaldılması dövlət qayğısının parlaq ifadəsidir.
Qeyd edilib ki, ulu öndərimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 17 aprel və 2012-ci il 16 fevral tarixlərində imzaladığı Hüseyn Cavidin 125 və 130 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar dahi sənətkara göstərilən dövlət qayğısının davamı kimi qiymətləndirilməlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yubileylə bağlı 2007-ci il 15 may və 2012-ci il 20 fevral tarixli sərəncamlarla təsdiq etdiyi Tədbirlər planlarına əsasən qədim diyarımızda yubiley tədbirləri yüksək səviyyədə təşkil olunub, muxtar respublikanın ali, orta ixtisas və ümumtəhsil məktəblərində “Hüseyn Cavid dərsləri” keçilib, elmi konfrans və simpoziumlar təşkil edilib. Həmçinin Naxçıvan Dövlət Musiqili Dram Teatrında Hüseyn Cavidin “Şeyx Sənan” əsəri tamaşaya hazırlanıb, “Naxçıvan” jurnalının ədibin 130 illik yubileyinə həsr edilmiş xüsusi nömrəsi nəşr olunub. Ali Məclis Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamla təsdiq etdiyi Tədbirlər Planında hər il görkəmli şair və dramaturqun anadan olduğu günün – 24 oktyabrın muxtar respublikamızda “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilməsi də öz əksini tapıb.
Diqqətə çatdırılıb ki, Hüseyn Cavid sənəti və şəxsiyyəti bu gün də yaşayır. Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə Naxçıvan Dövlət Musiqili Dram Teatrının 135-ci mövsümündə görkəmli ədibin “İblis” faciəsi əsasında tamaşa hazırlanıb. Bütün bunlar bir daha onu göstərir ki, Hüseyn Cavid yaradıcılığının öyrənilməsi və təbliği onun doğulub boya-başa çatdığı Naxçıvanda diqqət mərkəzindədir.
Sonra görkəmli ədibin “İblis” faciəsi əsasında hazırlanan tamaşaya baxış olub.
Nail ƏSGƏROV