Nizaminin yaradıcılıq manifesti sayılan “Sirlər xəzinəsi”nin müqəddiməsində şairin sözün qüdrəti və qiyməti, qızıla bərabər dəyərilə bağlı belə bir məqam var:
` Kimsə alıb söz və zəri bir sabah
Sərrafa göstərdi, dedi: – Ey qoçaq,
Köhnə qızıl ya təzə söz yaxşıdır?
Söylədi usta: – Təzə söz yaxşıdır.
Bəli, söz vaxtında və yerində, haqlı olaraq deyiləndə qiyməti qızıldan da baha olur. Təzə söz demək isə tarixən çətin və məsuliyyətli olub. Çünki köhnə sözlər artıq işlənib və nəticələri də hər kəsə əyan olduğu səbəbilə çoxları üçün bu asan tapılan tikəyə çevrilib, hər kəs başını əvvəldə deyilən sözlərlə qatıb. Bu da söz tənbəlləri üçün əla fürsətə çevrilib, söz çeynəndikcə çeynənib, bir çox hallarda dəyərdən və kəsərdən düşüb. Sözdən söz çıxarmaq da adət, dəb halını alıb. Bu gün elə “söz ustalarımız” var ki, sözlə güştü tutmaqla nəsə yeni bir şey kəşf etdiyini zənn edir.
... Bu günlərdə Bakı şəhərindəki nəşriyyatlardan birinin qarşısında belə “söz ustaları”ndan biri ilə qarşılaşdım. İlk tanışlıq əsnasında məlum oldu ki, o, Naxçıvanda “yaşayıb-yaradan” şairlərdəndir. Çox sayda şeir kitabları var, (sözün düzü, bu adamın adını ilk dəfə eşidirdim və bu kitablarda nə yazıldığı hələlik mənim üçün qaranlıq idi), ancaq onların hamısı Naxçıvanda yox, paytaxtdakı özəl nəşriyyatlardan birində işıq üzü görüb. Bunun səbəbini soruşduqda həmin “şair” dedi ki, şeirləri çox gözəl olduğu üçün onun söz dünyasının “nemətlərini” heç kim həzm edə bilmir, buna görə də paxıllıq edir, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr etmək istəmirlər. Maraq üçün alıb bir-iki misra oxuyanda məlum oldu ki, misralar uzun müddət gecələr yata bilməyən və sonradan qısa müddətə yuxuya gedən birinin sayıqlamalarına bənzəyir:
Ey gözəl, qoy bu el və aləm qurban olsun sənə
Yanağın lalə kimi, bər-bəzəkdir çöl-çəmənə
Qorxuram yıxılasan, ayağına daşlar dəyə
Düşməni güldürəsən, başlayalar lağ etməyə...
Bu kimi “söz incilərini” oxuduqdan sonra vaqiədən hali oldum. Bu qaralamanı özünə hörmət edən naşir çapa buraxmazdı. Kitab çox keyfiyyətsiz şəkildə, necə deyərlər, başdansovdu çap edilmişdi və onu vərəqləyərkən tam ortadan ikiyə ayrıldı. Yaxşı ki “şair” tanışım bunu görmədi, kitabı tez büküb geri verdim. Məsələ ondaydı ki, paytaxtda adını çəkmədiyim nəşriyyat, sadəcə, bu işə maddi maraq dairəsindən yanaşaraq, pul qazanmaq üçün bu qəbildən “şair” və “yazar”ların kitablarını böyük həvəslə çap etmişdi. Yazıq binəvanı da inandırmışdılar ki, onun yazdıqları bənzərsiz incilərdir və onları kimsə gözügötürməzlikdən çapa buraxmayıb.
Açığı, son vaxtlar tez-tez bu qəbildən kitablarla qarşılaşıram. Elə kitablar var ki, Türkiyənin bulvar ədəbiyyatının təsiri özünü bütün çılpaqlığı ilə büruzə verir, elə kitablar da var ki, onlara ədəbiyyat nümunəsi – poema, roman, povest demək üçün min şahid lazım olar. Ancaq bu “əsərləri” oxucularına məsuliyyətlə və işinə vicdanla yanaşan “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap etmək mümkün olmadığından, belə “qələm adamları” paytaxta, bu işə sırf biznes məqsədilə yanaşan nəşriyyatlara üz tutmuşdular. Belə nəşriyyatlar üçün isə sözün dəyərinin sıfra bərabər olduğu hər kəsə məlumdur. Onları yalnız və yalnız nəşriyyata yolu düşənin cibi maraqlandırır. “Şeirləri”ni işə keçirmək istəyənlər üçün bu əla bir fürsətdir. Nə fərq edir, onsuz da onları heç kim oxumayacaq, bu kitablar rəflərdə qalıb çürüyəcək. Ancaq adı yaxşı səslənir: “Filankəsin 10 kitabı çapdan çıxıb”. Halbuki bu kitabların onu yox, bir səhifəsi belə, heç bir işə yaramır. Kitabın çapına nə qədər pul xərcləsən də, fərqi yoxdur, onun içi də çölü kimi quru və nəfəssizdir.
Qurban Səidin “Əli və Nino” romanında müəllifin maraqlı bir fikri var: “Dəyənəyin iki başı olur. Bir yuxarı başı, bir aşağı başı. Onu baş-ayaq çevirəndə yuxarı baş aşağıya, aşağı baş da yuxarıya düşür. Bu arada dəyənəkdə heç nə dəyişməyib”. Bu fikri bu gün bəzi “şair” və “yazar”larımızın “yaradıcılığı” haqda da demək olar. “Nəsimi” filmində Topal Teymurun böyük şairimiz Nəsimi ilə dialoqdan sonra öz ətrafındakı üləmalara ünvanladığı “Hanı sözünüzün qüdrəti?”– sualını bu gün belələrinə ünvanlasaq, yəqin ki, yenə cavab ala bilməyəcəyik. Çünki qüdrətli söz demək üçün, sözün həqiqi mənasında, qüdrətli qələm sahibi olmaq lazımdır. Tarixdə o sənətkarlar yaşayır ki, onların yaratdıqları dünən üçün də, bu gün və sabah üçün də lazımlıdır.
Hikmət və nəsihətləri ilə dünyada söz sahibi olan Nizami – Kamalındır dövlətin, kamalına arxalan, amalındır cömərdlik, amalına arxalan, – deyirdi. Həqiqətən də, kamalına və amalına arxalananların sözü dünya bina olandan bəri dillər əzbəri olub. Ancaq bu günün özündən bədgüman “şair”ləri ilə bircə kəlmə kəsəndə belə, əmin ola bilərsiniz ki, onlar əsərlərinin bədii keyfiyyətinə yox, ciblərinin vəziyyətinə arxalanırlar.
Nəsirəddin Tusi “Əxlaqi-Nasiri” əsərində qeyd edir ki, hər sənətin şərəfi onun məqsədindədir. Bəli, Tanrı hər bir sənəti yaradanda bu sənət və onunla məşğul olan sənətkar qarşısında bir məqsəd qoyub. Məqsədsiz olaraq, sadəcə, şan-şöhrət xatirinə bir sənətlə məşğul olmaq, ömrü boşuna sərf etmək anlamına gəlir. Sadəcə, mənəvi aclıq ucbatından “şeir yazmağı” qarşılarına məqsəd qoyan insanları xəlbirlə su daşıyan divə bənzətmək olar. O da nəyəsə can atır, ancaq onun əməyi sizif əməyinə bənzəyir, çünki su bir anda yerə tökülür. Boş yerə mürəkkəb və kağız tükədənlərin də işi buna bənzəyir, yazdıqlarını kimsə oxumur, mütaliə etmir.
Nikolay Ostrovski “Polad necə bərkidi” bioqrafik romanında yazırdı: “Pavel Korçagin çox güclü idi, ancaq gücünü nəyə sərf eləyəcəyini bilmirdi”. Təəssüf ki, bu gün qarşılaşdığımız bəzi nümunələrdə şair və yazıçılarımızın çox zəngin söz ehtiyatına malik olduğu üzə çıxsa da, sözün nəyə və niyə sərf olunduğu haqda oxucularda xeyli suallar yaranır. Bəzən əsərlərin ən pik nöqtəsində söz adamlarımız əsas hədəfdən şaşıraraq, sanki zirvə qorxusu olan adamlar kimi, sağa-sola çırpınmağa başlayırlar. Halbuki əsərlərin kulminasiyası sözün qüdrətinin nümayiş etdiriləcəyi ən əlverişli məqamdır, ən geniş meydandır.
ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubunda belə bir məqam diqqəti cəlb edir: “Ona bütün insanlara qulaq asmağı, qulaq asdıqlarını həqiqət ələyindən keçirib, ancaq yaxşıları özünə götürməyi, bacarsanız, kədərlənəndə belə, necə gülə biləcəyini öyrədin”.
Bu gün yaradıcılıqla məşğul olan şair və yazıçılarımızdan oxucular çox şeylər gözləyir, ancaq gözlədiklərinin yüzdə birini belə, ala bilmirlər. Bəzi ədəbiyyat nümunələrini oxuyanda görürsən ki, bu nümunələrdə insanların istək və ehtiyacları haqda bir sətir belə, yoxdur, yazar yazdıqlarına özünü belə, inandıra bilməyib, faktlar həqiqət ələyindən keçirilməyib. Bu cızma-qaralarda oxuyub öyrənmək, dərs almaq üçün heç nə yoxdur. Sanki yazar-çizər bu dövrün, bu dünyanın adamı deyil, ümumiyyətlə, hissiyyatsız bir məxluqdur, nə hissi, nə də həyəcanı var, insanlara doğru yolu göstərmək əvəzinə yanlış ideologiyaları, bizə yabançı dəyərləri təbliğ edir. Belə adamlar kütlə psixologiyasından qurtula bilmir, əsərlərdə konkret ideya və məzmun ortaya qoymurlar. Onlar hamı dediyini deyir və təbii ki, oxucu bu qarmaqarışıqlıqda yeni bir addım, yeni bir ideya görə bilmir:
Könlünüz cənnət istəyirsə əgər,
Xocanız başqa nəğmə bilməlidir.
Mütəvəkkil duran bu məbədlər
Həp kütübxanə, məktəb olmalıdır.
O zaman fəzlü mərifət günəşi
Ölgün, azğın cahanı həp süslər.
Bu sönük torpağın bulunmaz eşi,
Qurular hər bucaqda cənnətlər.
Bu misralar ölməz şairimiz Hüseyn Cavidin “Azər” poemasına aiddir. Dünyanın bir çox ölkələrində amansız müharibələrin insanları fəlakətə sürüklədiyi bir vaxtda, dini fanatizmin ölkələrə bəla gətirdiyi bir dönəmdə qələm adamları üzərlərinə düşən məsuliyyətləri dərk etməli, ümumbəşəri ideyaların carçısına çevrilməli, yazarkən “Bunu nə üçün yazıram?” – deyə özünə sual verməlidir. Yüz il bundan öncə yağış duası üçün müsəllaya çıxanlar vardı və onlar o dövrün şair və yazıçılarının kəskin satira atəşinə tutulurdu. Bu gün də eyni məqsədlə çöllərə düşənlər var. Ancaq nədənsə, qələm adamlarımız insanları narahat edən məsələlərdən yox, güldən-çiçəkdən və böcəkdən, ilahi eşq əvəzinə birgünlük sevgilərdən yazır, fikir, ideya və forma, məzmun oğurluğu ilə məşğul olurlar. Bütün bunlar isə təbii ki, oxucunu kitabdan çox uzaq salır.
Görkəmli şairimiz Məmməd Araz sözün qüdrətini onun doğruluğunda görürdü. O, böyük sənətkar Məhəmməd Füzuliyə müraciətlə yazdığı “Artıran söz qədrini...” şeirində sözün qiymətdən düşdüyünü, “sözün qəddinin əyildiyini” yanğı ilə belə təsvir edirdi:
Biz artıra bilmədik sözün qədrini, ustad!
Əydik də qamış kimi sözün qəddini, ustad!..
Sözə əhya vermədik, sözü şeypur elədik;
Biz düzəldə bilmədik sözün qəddini, ustad!
Bəli, biz oxucuların bu günün şair və yazıçılarından da tələbi odur ki, sözün qədrini-qiymətini bilsinlər, sözü əyməsinlər, əksinə, ucaltsınlar. Bax o zaman kitab çıxarmaq üçün çoxlu pul tökməyə və başqa şəhərlərə üz tutmağa ehtiyac qalmayacaq. Elə doğma Naxçıvanımızda sözə dəyər verənlər “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində kitabınızı nəfis şəkildə çap edib, sizə təhvil verəcəklər.
Səbuhi HÜSEYNOV