Naxçıvan ədəbi mühitinin yetirdiyi istedadlı sənətkarlardan olan Ələkbər Qərib Naxçıvanlının zəngin, çoxşaxəli yaradıcılığı son vaxtlaradək öyrənilməmiş, elmi fikrin diqqətindən kənarda qalmışdır. Unudulmuş ədibin ədəbi irsinin sorağı ilə Azərbaycan və Gürcüstan arxivlərində, kitabxanalarında, müxtəlif mətbuat nümunələrində apardığımız uzunmüddətli araşdırmalar nəticəsində onun həyat və yaradıcılığına aid çoxsaylı materiallar əldə etmişik. Yazıçının əsərlərini və onun haqqında monoqrafiyanı çapa hazırlayırıq.
Ələkbər Qərib Naxçıvanlı (Abbasov Ələkbər Tağı oğlu) 1910-30-cu illərdə ədəbi prosesdə yaxından iştirak edən, nəsr, publisistika, ədəbi tənqid və bədii tərcümə sahəsindəki səmərəli, məhsuldar fəaliyyəti ilə diqqəti çəkən istedadlı sənətkarlarımızdan biridir. Onun “Ələkbər Qərib”, “Əliəkbər Naxçıvanlı”, “Ələkbər Abbasov”, “Ə.Qərib” və digər imzalarla çap etdirdiyi roman, povest və hekayələr, publisistik və ədəbi-tənqidi məqalələr, müxtəlif xalqların ədəbiyyatından etdiyi tərcümələr ciddi yaradıcılıq axtarışlarının məhsuludur.
Ələkbər Abbasov Naxçıvanda dünyaya göz açmış, ilk təhsilini əsası məşhur maarifçi M.T.Sidqi tərəfindən 1894-cü ildə qoyulmuş “Məktəbi-tərbiyə”də almışdır. 1909-cu ildə Qori Müəllimlər Seminariyasına daxil olan Ələkbər 1913-cü ildə həmin təhsil ocağını bitirmiş, maarif, mətbuat, ədəbiyyat, mədəniyyət sahəsində səmərəli çalışmaqla yanaşı, ictimai işlərdə də fəallıq göstərmişdir. Birinci Dünya müharibəsi illərində Osmanlı türklərinə kömək üçün Xosrov bəy Sultanovun rəhbərliyi altında fəaliyyət göstərən xeyriyyə cəmiyyətinin xətti ilə Əhməd Cavad, Əli Səbri kimi ziyalılarla bir sırada Ələkbər Qərib də Batumi,Trabzon, Qars, Ərdəhan və digər yerlərdə həyata keçirilən tədbirlərin əsas təşkilatçılarından olmuşdur.
1918-1920-ci illərdə, əsasən, Tiflisdə yaşayan Ə.Naxçıvanlı pedaqoji sahədə çalışmaqla yanaşı, orada nəşr olunan “Gələcək”, “Gənclər yurdu” kimi mətbuat orqanlarında müxtəlif səpkili yazılarla çıxış etmişdir. 1922-1927-ci illərdə Tiflisdə Azərbaycan dilində çıxan “Yeni fikir” qəzetində çalışan Ə.Qərib həmin şəhərdə yazıçı Böyükağa Talıblının rəhbərliyi altında fəaliyyət göstərən ədəbiyyat dərnəyinin işində Eynəli bəy Sultanov, Rzaqulu Nəcəfov və digər ziyalılarla birlikdə yaxından iştirak etmişdir. Tiflisdə 1926-cı ildə nəşrə başlayan “Dan yıldızı” jurnalının fəaliyyətində də sənətkarın ciddi xidmətləri olmuşdur. Jurnalın ilk yeddi sayı məhz onun məsul redaktorluğu ilə çıxmışdır. Sonra isə görkəmli publisistin də daxil olduğu “heyəti-təhririyyə” (redaksiya heyəti) yaradılmışdır. 1920-ci illərin ortalarında Tiflisdə Mirzə Davud Hüseynovun sədrliyi ilə fəaliyyət göstərən “Yeni əlifba dostları cəmiyyəti”nin aparıcı üzvləri sırasında onun da adı çəkilməkdədir. O, 1927-ci ildən etibarən fəaliyyətini Bakıda davam etdirmiş, daha çox nəşriyyat sahəsində çalışmışdır.
Ümumiyyətlə, Ələkbər Qərib 1910-1930-cu illərdə müxtəlif mətbuat orqanlarında, xüsusən Bakıda və Tiflisdə nəşr olunan “İşıq”, “Məktəb”, “İqbal”, “Gələcək”, “Gənclər yurdu”, “Yeni fikir”, “Dan yıldızı” kimi qəzet və jurnallarda çoxsaylı publisistik və ədəbi-tənqidi məqalələr dərc etdirmişdir. 1920-ci illərdə o, Bakıda çıxan rəsmi dövlət qəzeti “Kommunist”in Tiflis şəhərindəki müxbiri kimi də səmərəli publisistik fəaliyyət göstərmişdir. Məqalələrində Ələkbər Qərib Vətən və xalq taleyi, beynəlxalq aləmdə baş verən hadisələr, sosial-mədəni tərəqqi, təlim-tərbiyə, qadın azadlığı kimi mövzulara həssas münasibət göstərmişdir. Onun məqalələrinin bir qismi ədəbi-tənqidi xarakterdədir. Bu kimi məqalələrində o, ədəbi-mədəni mühitin aktual problemlərinə toxunmuş, orijinal fikirlər söyləmişdir. Onun klassik irsə münasibət, sənət və müasirlik, tənqidçi və ədəbi proses, bədii əsərlərin dil və üslub xüsusiyyətləri, incəsənətin inkişaf meyilləri barədəki təhlil və dəyərləndirmələri bu gün də əhəmiyyətini saxlamaqdadır.
Ələkbər Qərib 1910-1930-cu illərin ən məhsuldar və istedadlı tərcüməçilərindən olmuşdur. O hələ 1912-ci ildə rus yazıçısı N.M.Karamzinin “Bədbəxt Liza” əsərini qısa ixtisarla dilimizə çevirmiş, həmin tərcümə Bakıda “Məktəb” jurnalının vəsaiti ilə ayrıca kitab kimi çap olunmuşdur. 1920-1930-cu illərdə onun bir çox tərcümələr etməsi faktları bəllidir (N.Lyaşko “Domna ocağı”, M.Y.Lermontov “Zəmanəmizin qəhrəmanı” və sair). Tərcümələri həmin illərdə ədəbiyyatşünaslar Məmməd Arif, Mikayıl Rəfili və digərləri tərəfindən yüksək qiymətləndirilmişdir. İstedadlı mütərcim o zaman bir sıra elmi-kütləvi, ictimai-siyasi əsərləri, rəsmi materialları da dilimizə çevirmişdir. 1927-1938-ci illərdə E.Zolya, C.London, A.Barbüs, A. S.Puşkin, M.Y.Lermontov, N.V.Qoqol, İ.S.Turgenev, A.P.Çexov, M.Qorki və digər dünya klassiklərinin müxtəlif əsərlərinin dilimizə tərcüməsinin “Azərnəşr” tərəfindən məhz Ələkbər Qəribin redaktorluğu ilə çap edilməsi də onun tərcümə sahəsində kamil mütəxəssis olmasından soraq verir. Görkəmli ziyalının o dövrdə lüğətçiliklə bağlı işlərini, rusca-azərbaycanca lüğətlərin hazırlanmasında fəal iştirakını da xatırlatmaq yerinə düşər.
Ələkbər Qərib Naxçıvanlı bədii yaradıcılığa hələ Qori Müəllimlər Seminariyasında təhsil alarkən başlamışdır. Bakıda çıxan “İşıq” adlı mətbuat orqanının 1911-ci ildəki 31-ci, 32-ci, 33-cü və 34-cü, 1912-ci ildəki 2-ci sayında, yəni 5 sayda Ələkbər Naxçıvanlının “Zavallı Leyla xala” hekayəsi verilib. Uşaqların kimsəsiz Leyla xalaya yardımını təsirli şəkildə canlandıran müəllif humanizmi, xeyirxahlığı təbliğ edir, oxucuları da təmizqəlbli, insaflı olmağa səsləyirdi. Hekayədə yazıçının yaratdığı dolğun peyzajlar, ədəbi müstəviyə gətirdiyi etnoqrafik detallar, təsvir etdiyi adət-ənənələr koloriti daha da qüvvətləndirmişdir.
Yazıçının “Bacı və qardaş” hekayəsi isə Bakıda çıxan “Məktəb” jurnalının 1913-cü ildəki 7-ci sayında “Əliəkbər Naxçıvanlı” imzasıyla dərc olunmuşdur. Gənc müəllifin uşaq psixologiyasına və dünyagörüşünə yaxından bələdliyi duyulur. Hekayədə bir tərəfdən uşaq məişətindən maraqlı səhnə canlandırılmış, digər tərəfdən də sağlam həyat tərzi üçün zəruri olan təmizkarlıq, səliqəli olmaq, vaxtında qida qəbul etmək kimi məsələlər bədii şəkildə ifadə olunmuşdur.
1914-cü ildə Bakıda çıxmış “Haqq divanı” adlı kitabda isə müəllifin üç hekayəsi verilmişdir: “Haqq divanı”, “Faciə”, “Uşaq divanı”.
İlk hekayədə xanın nökəri Firidunun mənəvi aləmi yığcam süjet əsasında məharətlə açılmışdır. Əsərin sonluğu onun insani ləyaqətinə Tanrı mükafatı, Allah-Taalanın ədalətin tərəfində olması kimi mənalanır. Əsərdəki lirizm və psixologizm, oxunaqlı təhkiyə, maraqlı süjet gənc yazıçının ədəbi istedadından soraq verir. “Faciə” hekayəsi birinci şəxsin dilindən nəql olunur. Burada Mikayıl ilə Rəxşəndənin nakam məhəbbəti təsirli bədii boyalarla qələmə alınmışdır. Müəllif bir psixoloq kimi Mikayılın mənəvi aləmini, yaşadığı sarsıntıları, keçirdiyi iztirabları böyük həssaslıqla canlandıra bilmişdir.
“Uşaq divanı” hekayəsində isə hadisələr xəlifə Harun Ər-Rəşid zamanında baş verir. Burada bir tərəfdən, öz kamalı ilə hətta böyüklərə yol göstərə bilən uşağın qabiliyyəti önə çəkilmiş, digər tərəfdən isə həqiqətin gec-tez qalib gələcəyinə inam hissi ifadə olunmuş, təmizqəlbli Qasımın sərvətini mənimsəmək istəyən acgöz tacir kimi var-dövlət naminə mənəvi dəyərləri unudanların axırda öz cəzalarına çatacağı ideyası bədii ifadəsini tapmışdır.
Yazıçının 1918-ci ildə Tiflisdə “Gələcək” qəzetində dərc etdirdiyi “Tamahkarlığın nəticəsi” adlı hekayəsində süjet gözü görməyən kişinin xəlifə Harun Ər-Rəşidə danışdığı həyat tarixçəsi üzərində qurulub. Bu vasitə ilə müəllif tamahkar tacirin faciəli aqibətini, sərvət hərisliyinin gözlərini itirməsinə səbəb olduğunu əks etdirmiş, oxucuları mənəvi kamilliyə çağırmışdır.
Ümumiyyətlə, Ələkbər Naxçıvanlının 1920-ci ilə qədərki hekayələri ideya-bədii mükəmməlliyi, aydın mündəricəsi, dolğun sənətkar işi ilə diqqəti çəkir.
Yazıçının 1912-ci ildə yazdığı “Qəlbimin sultanı” povesti ədəbiyyatımızda lirik-psixoloji nəsrin dəyərli nümunələrindən sayıla bilər. Əsərdə azərbaycanlı tələbə oğlanla onun sevdiyi qız arasındakı saf məhəbbət lirik boyalarla canlandırılmış, hadisəçilikdən daha çox obrazların hissi-mənəvi yaşantıları, qəlb təbəddülatları diqqət mərkəzinə çəkilmişdir. Müəllif yığcam bir süjetin imkanları daxilində əsas surətlərin bitkin xarakterlərini təqdim etməyi bacarmışdır. Yazıçı gənc tələbənin timsalında təmizqəlbli, pak niyyətli, yüksək əxlaqa və mənəviyyata malik azərbaycanlı oğlanın dolğun obrazını yaratmışdır. O, gənc qızın zahirən gözəl olması ilə yanaşı, onun nəcib mənəvi keyfiyyətlərindən, ləyaqətindən, əhatəli bilik dairəsindən də söz açmışdır. Onun öz sevgilisinə dediyi aşağıdakı sözlər də əsl insani dəyərlərin hər şeydən üstün olduğunu mənalandırır: “Sənə daha bircə mühüm vəsiyyətim var. Gələcək ömründə fəqət “İnsan” ol! Bu sözün həqiqi mənasilə və yəqin bil ki, bircə həqiqi insaniyyət sahibi həm bu dünyada, həm axirətdə füyuzati-ilahiyyəyə malik ola bilər”. Göründüyü kimi, Ələkbər Qərib burada ləyaqətli insan olmaq amalını başlıca qayə kimi önə çəkmişdir və əsərin əsas məziyyəti, kredosu da bununla səciyyələnir. Povest məhəbbət mövzusu fonunda kamil insan konsepsiyasını dolğun şəkildə əks etdirir.
Ələkbər Naxçıvanlı sovet dövründə də bir sıra maraqlı bədii nümunələr qələmə almışdır. Bu baxımdan onun “Əfi ilan” adlı irihəcmli hekayəsi xüsusilə diqqəti çəkir. Həmin əsər Tiflisdə çıxan “Dan yıldızı” jurnalının 1926-cı ildəki 1-ci və 2-ci saylarında oxuculara çatdırılmışdır. “Əfi ilan” bir sıra xüsusiyyətlərinə (həcminə, obrazlar sisteminə, hadisələrin əhatəsinə, çoxplanlılığına və sair) görə hətta janrın hüdudlarını bir qədər aşaraq müəyyən mənada povestə də yaxınlaşır. Bu əsər özünün ictimai-siyasi mündəricəsi ilə də diqqətəlayiqdir. Sovet hakimiyyəti ərəfəsində və bolşevik inqilabının ilk illərində baş verən mürəkkəb hadisələrə aydın, bəzək-düzəksiz münasibət ilk baxışdan oxucunun diqqətini çəkir. “Əfi ilan” hekayəsi yazıçının nəsrinin 1920-ci illərdə tematika və problematika baxımından yeni mərhələyə qədəm qoyduğunu, sənətkarlıq cəhətindən daha da təkmilləşdiyini aşkar şəkildə nümayiş etdirir. Yazıçı 1918-20-ci illərin mürəkkəb ictimai-siyasi mənzərəsini, baş verən hadisələri bədii ümumiləşdirmə yolu ilə məharətlə canlandıra bilmiş, bu fonda obrazların talelərini də ustalıqla ədəbi müstəviyə gətirmişdir. Hekayənin o dövrdə yazılmış əsərlərin çoxundan fərqli şəkildə, vulqar-sosioloji təsirlərdən, qondarmaçılıqdan uzaq olması onun ideya-bədii dəyərini daha da artırır.
O, sovet dövründə “Azadlıq bahası” adlı bir roman üzərində də işləmiş, əsərdən bəzi parçaları Tiflisdə Azərbaycan dilində çıxan mətbuat orqanlarında dərc etdirmişdir.
Ələkbər Qərib Naxçıvanlının yaradıcılıq fəaliyyətinin ətraflı şəkildə tədqiqi onun istedadlı sənətkar olduğunu göstərməklə yanaşı, bütövlükdə, 1910-1930-cu illərin ədəbi prosesinin bir sıra əhəmiyyətli məqam və problemlərini də aydınlaşdırmağa imkan verir.
Hüseyn Həşimli
filologiya üzrə elmlər doktoru, professor