AMEA Naxçıvan Bölməsində Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun “Naxçıvan diyarında sənətkarlıq və ticarət (XVIII-XX əsrin əvvəlləri)” monoqrafiyasının təqdimatı keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq çoxsaylı tədqiqatların nəticəsini özündə əks etdirən yeni nəşrin Azərbaycan tarixşünaslığı üçün elmi əhəmiyyətindən danışıb. O, Vidadi Muradov tərəfindən aparılan araşdırmalar zamanı Naxçıvan xalçaçılıq məktəbinin, Naxçıvan xalçalarının texniki və bədii xüsusiyyətlərinin tədqiq və təhlil olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, professorun Naxçıvan xalçaçılıq tarixi ilə bağlı tədqiqatları respublikamızın müxtəlif elmi jurnal və qəzetlərində işıq üzü görüb. Onun araşdırmaları Azərbaycan, ingilis, rus dillərində dərc edilən “Naxçıvan xalçaçıları” adlı kitablarda, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” filmində əksini tapıb.
İsmayıl Hacıyev Naxçıvanda xalq yaradıcılığı – xalçaçılıq sahəsinin inkişafındakı səmərəli xidmətinə görə Vidadi Muradovun Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 7 noyabr tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görüldüyünü bildirib.
Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Naxçıvan diyarında sənətkarlıq və ticarətin inkişaf tarixinə həsr edilmiş qiymətli monoqrafiya” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixinin yeni dövrün tələblərinə əsasən öyrənilməsi və tədqiqi zərurətini alim və ziyalılar qarşısında mühüm məsələ kimi qoyduğunu, Prezident İlham Əliyev tərəfindən ulu öndərin siyasətinin bütün sahələrdə inamla, uğurla davam etdirildiyini vurğulayıb. İctimaiyyətə təqdim edilən yeni nəşri tədqiqatçılar üçün dəyərli mənbə kimi qiymətləndirən alim monoqrafiyanın XVIII-XX əsrin əvvəllərində Naxçıvan diyarında sənətkarlıq və ticarətin tədqiqinə həsr olunduğunu bildirib. Qeyd edilib ki, çoxsaylı arxiv materiallarının və 449 adda ədəbiyyat mənbələrindən istifadə edilən nəşrdə ticarətin və sənətkarlığın vəziyyətinə təsir göstərən bir sıra amillər, o cümlədən diyarın siyasi və sosial-iqtisadi vəziyyəti ilə bağlı araşdırmalar yer alıb.
Təqdimat mərasimində bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyeva, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri Fizzə Quliyeva çıxış edərək monoqrafiyanın Naxçıvanın sənətkarlıq və ticarət tarixi sahəsində məlumatları özündə cəmləşdirən dəyərli mənbə olduğunu vurğulayıblar.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi