AMEA Naxçıvan Bölməsində təsəvvüf alimi Baba Nemətullah Naxçıvaninin həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev tarixən Şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzi olan Naxçıvanın görkəmli yetirmələri ilə də tanındığını deyib. Azərbaycanın təsəvvüf alimləri arasında xüsusi yeri olan Baba Nemətullah Naxçıvaninin həyat və yaradıcılığı barədə məlumat verən İsmayıl Hacıyev onun “Qurani-Kərim”i təsəvvüf üslubunda şərh edən ilk alim kimi tarixə düşdüyünü diqqətə çatdırıb.
Sonra akademik İsmayıl Hacıyev bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat institutlarının və Əlyazmalar Fondunun elmi əməkdaşlarına Türkiyə və İranın arxiv, muzey və kitabxanalarında sufi alimin irsi ilə bağlı tədqiqatlar aparmalarına dair tapşırıqlarını verib.
Tədbirdə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən “Taleyi və sənəti” layihəsi çərçivəsində hər il işıq üzü görən məqalələr toplusunun 2018-ci il üçün olan növbəti sayca 12-ci nəşrinin Baba Nemətullah Naxçıvaniyə həsr edilməsi barədə qərar verilib.
Qeyd edək ki, həyatının çoxunu Naxçıvanda keçirən alim İranda və Türkiyədə yaşayıb. O, təsəvvüf və təfsir sahəsində əsərlərini də burada qələmə alıb.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi