Oktyabrın 20-də Beynəlxalq Kulinariya Gününə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə milli yeməklərimizdən ibarət sərgiyə baxış olub.
Tədbiri Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Əkbər Novruzov açaraq bildirib ki, ölkəmizin hər bir regionunun öz adət-ənənələri olduğu kimi, Naxçıvanın da özünəməxsus ləziz yemək növlərindən ibarət mətbəx mədəniyyəti vardır. Burada süfrə mədəniyyəti hər zaman ən yüksək səviyyədə qorunub saxlanılıb, bərəkətin rəmzi kimi süfrəyə böyük ehtiram göstərilib, süfrə estetikası və etikasına son dərəcə dəqiqliklə əməl olunub. Naxçıvan mətbəxinin bu zəngin mənzərəsi, muxtar respublikamızda kulinariya turizminin inkişafı üçün də gözəl zəmin yaradır.
Vurğulanıb ki, muxtar respublikada milli mətbəxin təbliği diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 9 aprel tarixli Sərəncamı ilə “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin yaradılması bunun bariz ifadəsidir.
Tədbirdə “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin direktoru Türkay Səfərzadə Beynəlxalq Kulinariya Gününün yaranma tarixindən, ölkəmizdə geniş qeyd olunmasından ətraflı söhbət açıb.
Bildirilib ki, xalq yaradıcılığının ən qədim sahələrindən olan kulinariya mədəniyyətinin sistemli şəkildə öyrənilməsi və inkişaf etdirilməsi, təbliğ olunması və tanıdılması məqsədilə Naxçıvanda yaradılan “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi ötən dövr ərzində qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlməyə səy göstərib və bu gün də öz fəaliyyətini bu istiqamətdə davam etdirir. Bunun üçün mərkəzdə hərtərəfli şərait yaradılıb.
Tədbirin sonunda “Azərbaycan mətbəxi” adlı tanıtım filmi nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti