AMEA Naxçıvan Bölməsində Xaraba Gilan arxeoloji ekspedisiyasının yekununa həsr olunmuş tədbirdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, on ildən artıqdır ki, Naxçıvan Muxtar Respublikasında Beynəlxalq və Respublika səviyyəli arxeoloji ekspedisiyalar aparılır. Tədqiqatlar zamanı Naxçıvanın qədim tarixi ilə bağlı əhəmiyyətli faktlar aşkar olunur.
Akademik Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə bu il də bölgənin müxtəlif ərazilərində qazıntılar aparıldığını qeyd edərək bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlinin rəhbərliyi ilə iki aydan çoxdur, Ordubad ərazisində fəaliyyət göstərən Xaraba Gilan arxeoloji ekspedisiyası tədqiqatlarını yekunlaşdırıb.
Tədbirdə Xaraba Gilan arxeoloji ekspedisiyasının rəhbəri Bəhlul İbrahimli Naxçıvan bölgəsinin arxeoloji abidələrinin zənginliyindən danışaraq Ordubad ərazisində aparılan ekspedisiyanın nəticələri ilə bağlı ətraflı məlumat verib. O, Xaraba Gilan və onun ətrafında olan abidələrin Azərbaycan arxeologiyası üçün əhəmiyyətli olduğunu bildirərək gələcəkdə də bu ərazilərdə genişləndirilmiş tədqiqat işlərinin aparılacağını deyib.
Sonra Bəhlul İbrahimli tədqiqat zamanı aşkar olunan maddi-mədəniyyət nümunələrini – bəzək əşyalarını, qəbirləri, tikililər və sümük qalıqlarını, daşlar üzərinə həkk edilmiş təsvirləri videogörüntü vasitəsilə tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, ekspedisiya zamanı ərazidən aşkar edilən 229 maddi-mədəniyyət nümunəsi yaxın günlərdə bölmənin Аrхeоlоgiyа və Etnоqrаfiyа muzeyinə təqdim ediləcək.
Daha sonra arxeoloji ekspedisiyanın rəhbəri tədbir iştirakçılarının suallarını cavablandırıb.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi