23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan tarixi abidələrlə zəngin bir ölkədir. Ulu babalarımızın yadigarı olan abidələr bizə keçmişimizdən xəbər verir, məxsus olduğu dövrün mədəni mühitini, xalqımızın sənətkarlıq xüsusiyyətlərini, təfəkkür və düşüncə tərzini özündə yaşadır. Bu baxımdan tarixi abidələrin mühafizəsi və tədqiqi maddi-mənəvi irsimizin qorunub gələcək nəsillərə çatdırmasına xidmət edir.
Aparılan tədqiqatlar bir daha göstərir ki, Naxçıvan təkcə Azərbaycanın deyil, dünyanın ən qədim yaşayış məskənlərindəndir. Tarixçilərin Nuh Peyğəmbər və Dünya tufanı ilə bağlı ortaya qoyduğu faktların Naxçıvanla bağlılığı bu torpağın qədimliyini sübut edir.

Arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri, Gəmiqaya yazılı abidələri, dağ süxurlarının və torpaq qatlarının öyrənilməsi və sair bu diyarda lap qədimlərdən yaşayış olduğunu göstərir. Ümumdünya daşqınına (Nuh tufanına) qədər bu diyarın adının nə olduğu bizim üçün qaranlıq olsa da, “Qurani-Kərim”də dəfələrlə xatırladılan tufandan sonra bu ərazidə Həzrəti Nuhun nəslinin və onun tərəfdarlarının məskunlaşdığı ilk sivilizasiyanın buradan başlandığı şübhəsizdir.
Naxçıvanın Nuh Peyğəmbərlə bağlılığı hələ qədim dövrlərdən diqqəti cəlb edib, yunan alimi Klavdi Ptolomey bizim eranın II əsrində ilk dəfə olaraq, Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırladıb. XVI əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas Əl-Şərifi Nuh Peyğəmbərin qəbrinin, hətta gəmisinin qalıqlarının Naxçıvanda olması barədə məlumat verib.

Maraqlı odur ki, Naxçıvanda ­ 5 minillik ilkin şəhər mədəniyyətinin formalaşmasına təsir göstərən amillərdən biri də Duzdağ mədəniyyətidir. Rus tədqiqatçısı Konstantin Nikitinin 1882-ci ildə Tiflisdə nəşr olunan “Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar məcmuəsi”ndə verilən “Naxçıvan mahalı və Naxçıvan şəhəri” adlı irihəcmli məqaləsində Nuh Peyğəmbərin özünün duz mədənində ilk çalışanlardan olması, şəhər əhalisinə duz çıxartmağı öyrətməsi qeyd olunur. Tədqiqatçılar bu ərazidə Eneolit dövründən başlayaraq duz mədənçiliyinin əsasının qoyulduğunu göstərirlər. Naxçıvan Duzdağının tarixi əhəmiyyəti nəzərə alınaraq bu ərazidə arxeoloji tədqiqatlar aparılıb, müxtəlif dövrlərə aid daş alətlərlə yanaşı, Eneolit və İlk Tunc dövrlərinə aid keramika məmulatları aşkar olunub. Aparılan tədqiqatların davamı olaraq “Uluslararası qaynaqlarda Naxçıvan”, “Nuh Peyğəmbər: Dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzularında keçirilən beynəlxalq elmi simpozium və konfranslarda Naxçıvanda Duzdağ mədəniyyəti elmi əsaslarla təsdiqini tapıb. Təsadüfi deyil ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “ Naxçıvan Duz Muzeyinin yaradılması” haqqında 2017-ci il 12 sentyabr tarixli Sərəncamında da geniş bəhs olunmuşdur. Adıçəkilən sərəncamın icrası Naxçıvanın şəhərsalma mədəniyyətinin araşdırılmasında, eləcə də Nuh Peyğəmbərlə bağlı yeni məlumatların da üzə çıxarılmasında mühüm rol oynayacaq.
Naxçıvana gələn qonaqların ən çox ziyarət etdikləri Nuh Peyğəmbərin türbəsi onların düşüncəsində dərin iz buraxır. Çünki bəşəriyyətin ikinci yaranış tarixini özündə əks etdirən abidənin istənilən əcnəbidə maraq, təəccüb, həyəcan doğurmaması mümkün deyil. Məhz buna görə də bütün səmavi kitablarda öz əksini tapmış ümumdünya tufanından sonra bəşəriyyətin ikinci atası sayılan Nuh Peyğəmbərin bu torpaqda quruya çıxması, burada yaşaması, vəfat etməsi və məzarının bu torpaqda olması təkcə yerli tarixçilərin deyil, bura gələn səyahətçilərin də xatirələrində zaman-zaman öz əksini tapmışdır.
Abidə məzar, sərdabə və sərdabənin üzərində olan türbədən ibarətdir. Nuh Peyğəmbərin qəbrinin rəsmini naturadan Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərli çəkib.
Sovet hakimiyyətinin yürütdüyü ideoloji siyasət nəticəsində Naxçıvanın ən qədim dövrlərdən Azərbaycan türklərinə məxsusluğunu sübut edən digər abidələr kimi, bu abidə də diqqətdən kənarda qalıb. Son illər Naxçıvanda doğma tariximizin öyrənilməsinə, tədqiqinə və təbliğinə olan maraq bu məsələni yenidən gündəmə gətirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2006-cı il 28 iyun tarixli “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında” Sərəncam ­imzalayıb.
Türbənin bərpası zamanı buraya Nuh Peyğəmbərin dövründən qalma Gəmiqaya daşları və daşların üzərində həmin dövrə aid yazılar, insan rəsmləri həkk olunub. Türbədə, həmçinin Nuh Peyğəmbərin qəbrinin XIX əsrə aid rəsmləri, dənizin varlığını isbat edən daşlaşmış fauna nümunələri, XII əsrə aid divar parçası, fransız rəssamı Monperi tərəfindən 1840-cı ildə çəkilmiş Nuh Peyğəmbərin türbəsinin rəsmi, o cümlədən 2006-2008-ci illərdə türbənin bərpası zamanı, həmçinin 24-25 aprel 2009-cu ildə “Nuh Peyğəmbər: Dünya tufanı və Naxçıvan” adlı beynəlxalq simpozium zamanı çəkilən fotoşəkillər nümayiş olunur.
Bu gün Naxçıvana gələn qonaqların ziyarətgah yerinə çevrilən Nuh Peyğəmbərin məzarüstü türbəsi minilliklərdən süzülüb gələn, qədim tariximizi yaşadan, onu gələcək nəsillərə ötürən, bütün dünyaya tanıtdıran memarlığımızın incisi, dünənimizin və bu günümüzün zəngin maddi-mədəniyyət nümunəsidir.

Güntac ŞAHMƏMMƏDLİ
Naxçıvan Dövlət Universitetinin Radiotelejurnalistika ixtisası üzrə I kurs magistrantı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR