23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamının imzalanmasından ötən dövr ərzində muxtar respublikanın təhsil və mədəniyyət müəssisələrində məqsədyönlü tədbirlərə başlanılıb. Guşələr yaradılıb, diskussiyalar təşkil olunub, bir neçə kitabın müzakirəsi keçirilib. Həmin tədbirlərin davamı kimi “Şərq qapısı” qəzetinin redaksiyasında muxtar respublikanın tanınmış ziyalıları, təhsil və mədəniyyət işçilərinin iştirakı ilə keçirilən dəyirmi masada görülmüş və gələcəkdə görüləcək tədbirlər barədə geniş söhbət aparılıb. Maraqlı olacağını nəzərə alıb həmin söhbəti oxucularımıza təqdim edirik.

Muxtar Məmmədov – “Şərq qapısı” qəzetinin məsul katibi:
– Adıçəkilən sərəncamın imzalanması muxtar respublika ziyalıları, mütaliəsevər oxucu auditoriyası tərəfindən sevinclə qarşılanıb, yüksək dəyərləndirilib. Bugünkü söhbətimiz də sərəncamın əhəmiyyəti barədədir. Dəvətimizi qəbul edib dəyirmi masada iştirakınıza görə redaksiya kollektivi adından minnətdarlığımızı bildirir, belə bir tədbirin keçirilməsində hamınıza fəallıq arzulayırıq.
Hüseyn Həşimli – professor, filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi:
– Ulu öndər Heydər Əliyev kitabın, kitabxananın əhəmiyyətini yüksək dəyərləndirirdi: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı adıçəkilən sərəncam məhz gənc nəsli mənəviyyat, bilik, zəka mənbəyi olan kitabxanalara, faydalı kitabları mütaliə etməyə dəvət edən qiymətli tarixi sənəddir.

Qədim yunan mütəfəkkiri Sokrat yazırdı: “Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilsə, həmin cəmiyyət xoşbəxt olar”. Doğrudan da, bütövlükdə cəmiyyətin və onun üzvü olan hər bir insanın həyatında mütaliənin çox böyük əhəmiyyəti var. İnsan şəxsiyyətinin yüksək mənəvi dəyərlər əsasında formalaşmasında, kamilləşməsində müvafiq kitabları mütaliə etmək, oxuyub öyrənmək əvəzolunmaz rola malikdir. Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi ­Sədrinin həmin sərəncamı təkcə bu gün üçün deyil, həm də gələcək inkişafımız üçün böyük tarixi əhəmiyyət daşıyır.
Nizami Rəhimov – Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi:
– “Oxunması zəruri olan kitablar haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin, tarixinin və ədəbiyyatının əsasını təşkil edən qiymətli əsərlərin mütaliəsinin təşviqi gənclərimizin dövlətçilik təfəkkürünün və milli məfkurənin formalaşmasında mühüm rol oynayacağı şəksizdir. Bu da bir həqiqətdir ki, hər bir millət yalnız özünü tanımaqla qalmamalı, əhatəsindəki millətləri də tanımalıdır. Ortaq tarix, ortaq mədəniyyət dairəsinə daxil olmaq millətləri də insanlar kimi yaxınlaşdırır, bir-birini tanımağa vadar edir, zəngin dünyagörüş formalaşdırır. Necə ki Azərbaycan xalqının görkəmli şairi Nizami Gəncəvinin irsi bir çox Şərq və Qərb xalqlarının dünyagörüşünün müəyyənləşməsində rol oynayıb, onun əsərlərindən faydalanan bir çox müəlliflər eyniadlı əsərlər yaradıblar. Ona görə də siyahıda yer alan dünya klassiklərinin əsərləri bu baxımdan böyük əhəmiyyətə malikdir.
Əli Novruzov – Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin direktoru:
– Bu gün bütün kitabxanalarımız öz zəngin fondları ilə qapılarını mütaliəsevərlərin üzünə açıb. Belə mədəniyyət müəssisələrindən istənilən əsəri əldə edib oxumaq olar. Klassik və müasir Azərbaycan ədəbiyyatı ilə yanaşı, dünya klassiklərinin əsərlərinin latın qrafikası ilə çap olunaraq bütün kitabxanalara pulsuz paylanılması, bu ədəbiyyatlardan səmərəli istifadəyə şərait yaradılması onların mütaliə imkanlarını genişləndirib. Qeyd etmək lazımdır ki, mütaliə yolu ilə insan müsbət keyfiyyətlərə malik olmaqla yanaşı, həm də onda mütaliə mədəniyyəti formalaşır. Sərəncamın bir əhəmiyyəti də məhz bu amillə bağlıdır.
Südabə Süleymanova – Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının şöbə müdiri:
– Kitabı bəşəriyyətin ən mühüm kəşfi adlandıranlar yanılmayıblar. Kitablar insanın tərbiyə və təhsilində, intellektual inkişafında, biliklərə yiyələnməsində, cəmiyyətin əldə edib topladığı biliklərin, təcrübənin, vərdişlərin, habelə mənəvi sərvətlərin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır.
Hazırda kitabxanada oxunması zəruri olan kitablardan ibarət sərgi təşkil etmişik. Bir metodik mərkəz kimi başqa kitabxanalara da bu işdə əməli və metodik tövsiyələr verilir. Muxtar respublikamızın müxtəlif strukturlarında fəaliyyət göstərən kitabxanaların zəngin fondunu gənc nəslə aşılamaq, onların mütaliəsinə düzgün rəhbərlik etmək, oxunması zəruri olan kitabları təbliğ etmək biz kitabxanaçıların mühüm və ən vacib işi olmalıdır.
Aygün Orucova – AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru:
– “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam uzun illərdir, Naxçıvanda elmin, təhsilin, mədəniyyətin inkişaf etdirilməsini, elmlə təhsilin və istehsalatın, mədəniyyətlə təhsilin sıx əlaqəsini nəzərdə tutan kompleks şəkildə düşünülmüş tədbirlərin yeni mahiyyət daşıyan bir mərhələsinin başlanğıcıdır.
Muxtar Məmmədov: – İndiyədək keçirilmiş tədbirlərdə onu müşahidə etmişəm ki, belə tədbirlər tədbir xatirinə təşkil olunmur. Xüsusilə də ziyalılarımız dərindən dərk edirlər ki, vaxtında atılmış bu zəruri addım gələcəyimizə hesablanıb. ­Siyahıya elə əsərlərin adları salınıb ki, bu əsərləri mütaliə etməklə sabahımız üçün layiqli vətəndaşlar yetirməkdə onlar böyük əhəmiyyət daşıyırlar.
Hüseyn Həşimli: – Oxunması zəruri olan kitabların siyahısının çox dəqiqliklə seçildiyini, burada ən qiymətli əsərlərin yer aldığı­nı minnətdarlıqla qeyd etmək ­istərdim.
Siyahının ulu öndərimiz Heydər Əliyevin “Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” ilə başlanması təsadüfi deyil. Ümummilli liderin bu müraciəti xalqımızın keçdiyi tarixi yolun təhlil olunub dəyərləndirilməsi, gələcək vəzifələrə diqqət yönəldilməsi baxımından çox­əhatəli və konseptual bir əsərdir. Onunla tanış olan hər bir vətəndaş, o cümlədən hər bir yeniyetmə, hər bir gənc, sözün əsl mənasında, vətən­pərvərlik dərsi alır.
Siyahıda Azərbaycan şifahi və yazılı ədəbiyyatının, klassik pedaqoji və publisistik irsin gənc nəslin təlim-tərbiyəsində böyük əhəmiyyət daşıyan seçmə nümunələrinin yer alması, ilk növbədə, diqqəti çəkir. Dünya ədəbiyyatına böyük töhfələr bəxş etmiş Nizami Gəncəvi, Nəsirəddin Tusi, Seyid Əzim Şirvani, Hüseyn Cavid, Cəlil Məmməd­quluzadə və başqa ustad sənətkarların müvafiq əsərlərinin mütaliəsinin tövsiyəsi bu baxımdan təqdirəlayiqdir.
Türk-islam dünyasının tarixi keçmişini, mənəvi-əxlaqi dəyərlərini əks etdirən Faruk Sumerin “Oğuzlar”, Yusif Balasaqunlunun “Qutatqu-bilik”, Rəşidəddin Fəzlullahın “Oğuznamə”, Sədi Şirazinin “Gülüstan” əsərləri, “İslamda müdrik kəlamlar” toplusu da böyüməkdə olan nəsillərin formalaşmasında geniş tərbiyəvi imkanlara malikdir.
Həmin siyahıda Qərb klassiklərinin əsərləri də çox dəyərli nümunələrlə təmsil olunur. Teodor Drayzerin “Dahi”, Cek Londonun “Həyat eşqi”, Ernest Heminqueyin “Qoca və dəniz”, Gi de Mopassanın “Gombul”, Nikolay Ostrovskinin “Polad necə bərkidi”, Moris Meterlinkin “Arıların həyatı”, “Göy quş” və sair əsərlərin mütaliəsinin verəcəyi böyük tərbiyəvi əhəmiyyət aşkardır. ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu, Nikolo Makiavellinin “Hökmdar” əsəri və sair də bu baxımdan ayrıca qeyd olunmalıdır.
Bütövlükdə mütaliə materialları seçilərkən yeniyetmə və gənclərin mənəvi tərbiyəsinin əsas istiqamətləri, onların hərtərəfli formalaşması işinin ən müxtəlif aspektləri nəzərə alınıb.
Nizami Rəhimov: – Milli məfkurəmiz dəyişməz, sabit milli dəyərimizdir ki, buraya da mədəniyyət, tarixi dünyagörüş, ədəbiyyat, xalqın hikmət xəzinəsi daxildir. Bu dəyərlərin dəyişməzliyi ondan ibarətdir ki, min illər keçsə belə, insanın dünyaya baxışını formalaşdıran, ona millət özəlliyi qazandıran, tarixi şüurunda silinməz iz buraxan həmin əsərlər öz aktuallığını qoruyub saxlayır. Əsrlər keçsə də, gələcək nəsillər ulu Dədə Qorqudun hikmət bulağından su içəcək, Nəsiminin, Füzulinin, Nizaminin şeirləri ilə özünü dərk edəcək, “Oğuznamə”lərlə babalarını tanıyacaq, onlar kimi qorxmaz, mərhəmətli, qəhrəman olmağa çalışacaqlar.
Əli Novruzov: – Adıçəkilən sərəncam vaxtında imzalanmış dövlət sənədi kimi təhsil müəssisələrinin qarşısında çox mühüm vəzifələr qoyub. Sirr deyil ki, şagirdlərin kamil insan kimi formalaşması məktəbin başlıca funksiyasıdır. Bu funksiyanın yerinə yetirilməsində adıçəkilən sərəncam da töhfəsini verəcək. Bu qiymətli dövlət sənədinin imzalanmasından sonra bizim məktəbdə də bir sıra işlər görülüb, kitabxanada guşə yaradılıb. Hazır­da gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən bu kitabların müzakirəsi aparılır və bu tədbirlər davam etdirilir. İlk olaraq “Kitabi-Dədə Qorqud” dastanının müzakirəsini keçirmişik. Tədbirdə iştirak edən şagirdlərə dastanda tərənnüm edilən vətənpərvərlik, torpağa məhəbbət, düşmənə nifrət, igidlik, milli və mənəvi dəyərlər barədə söhbət açılıb.
Aygün Orucova: – Düşünürəm ki, kiçik yaşlarından şagirdləri mütaliəyə maraqlandırmaq üçün məktəbəqədər təhsil müəssisələrindən başlamaq lazımdır. Qiraət şifahi şəkildə, yəni müəllimin bütün qrup üçün uşaq ədəbiyyatı nümunələrindən mütaliəsi ilə başlamalı, bu proses ibtidai və yuxarı siniflərdə müəllimlərin tətil müddətində oxumaq üçün tövsiyə etdiyi əsərlərlə şagirdlər tərəfindən davam etdirilməlidir. Burada onu da xüsusi olaraq qeyd etməyi lazım bilirəm ki, mütaliəyə şagirdləri cəlb etmək üçün repetitorların da üzərinə müəyyən məsuliyyət düşür. Çünki humanitar elmlər yönümlü ixtisaslarda repetitorlar “Ədəbiyyat müntəxəbatı” ilə kifayətlənirlər. Evdə isə bu məsuliyyət, təbii ki, valideynlərin üzərinə düşür. Valideyn, ilk növbədə, özü mütaliə ilə məşğul olmalı, öz övladı üçün, yaxşı mənada, nümunə olmalı və bunun faydaları haqqında da söhbətlər aparmalıdır.
Muxtar Məmmədov: – Onu da xüsusi vurğulamağa ehtiyac duyuram ki, sərəncamın üçüncü bəndində bu qəbildən olan kitabların siyahısının zənginləşdirilməsi nəzərdə tutulub. Bu isə çox mühüm məqam olmaqla gənc nəslin sağlam prinsiplər əsasında formalaşdırılması işində mütaliənin imkanlarından istifadənin ardıcıl və daimi xarakter daşıyacağını, getdikcə genişlənəcəyini göstərir.
Hüseyn Həşimli: – Sərəncamda deyildiyi kimi, oxunması zəruri olan kitablar gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlı­lığın və dünyagörüşün formalaşdırılmasına xidmət edəcəkdir. ­Sərəncamın imzalanmasından ötən müddət ərzində görülən işlər, o cümlədən təhsil və mədəniyyət müəssisələrində təşkil olunmuş sərgilər, yaradılmış guşələr, keçirilən kitab müzakirələri, bütövlükdə, mütaliəyə marağın güclənməsinə xidmət edir.
Aygün Orucova: – Mütaliəyə marağın xeyli azaldığı və sosial şəbəkələrə, müxtəlif ziyanlı internet oyunlarına meylin artdığı bir zamanda belə sərəncam tamamilə ehtiyacdan, zərurətdən, dövrün tələbindən yaranıb. Bu gün mütaliəyə marağın azalması bütün dünyanı əhatə edən qlobal problemdir.
Nizami Rəhimov: – Bəhs olunan sərəncam mədəniyyət işçilərinin qarşısında yeni vəzifələr qoyur. Gənc nəslin dünyagörüşünün formalaşmasında birbaşa iştirak edən mədəniyyət işçiləri oxunması zəruri hesab edilən əsərləri özləri də oxumalı və həmin əsərlərdəki ideyaları gənc nəslə aşılamağa səy göstərməlidirlər.
Hüseyn Həşimli: – Böyük maarifçi Həsən bəy Zərdabinin müdrik kəlamı ilə fikrimi tamamlamaq istərdim: “Yaxşı kitab çox qiymətli xəzinədir”. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamı da məhz bu qiymətli xəzinəni hamının mənəvi sərvətinə çevirmək vəzifəsinə ­yönəlməklə böyük əhəmiyyətə malikdir.
Muxtar Məmmədov: – Dəyirmi masada səsləndirilən fikirlərdən belə qənaətə gəlmək olar ki, adı­çəkilən sərəncamdan sonra gənc nəslin mütaliəyə marağının artırılması istiqamətində əhəmiyyətli addımlar atılır. Əminliklə demək olar ki, bu sərəncam gənclərin mütaliə mədəniyyətinin formalaşdırılmasına müsbət təsirini göstərəcəkdir.

Hazırladı:  Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR