Qədim mədəniyyət beşiyi olan Naxçıvanın tarixi abidələri dünyada böyük maraq doğurmaqdadır. Amerikalı jurnalist Peter Tasenin ingilis dilində çapdan çıxmış “Azərbaycanın Naxçıvanının qədim abidələri və sərvətləri” kitabında da ölkəmizin bu qədim diyarının tarix və mədəniyyət abidələri haqqında geniş və maraqlı məlumatlar öz əksini tapmışdır.
ABŞ-ın Milvuake ştatının “Lulu Enterprises” nəşriyyatında nəfis şəkildə çap olunmuş kitab 38 paraqraf və 208 səhifədən ibarətdir. Kitabın redaktoru Bosniya və Hersoqovinadan olan alim və jurnalist Sabhudin Hadzialiçin ön söz yazdığı kitab Azərbaycanın Naxçıvan Muxtar Respublikası haqqında qısa məlumatla başlayır. Burada Naxçıvanın müasir inkişaf səviyyəsi, tarix və mədəniyyət abidələri haqqında fikirlərə yer verilərək Naxçıvan Muxtar Respublikasının 5,5 min kvadratkilometrlik ərazisində 1200-dən artıq tarixi-mədəni və arxeoloji abidənin qeydə alındığı, onlardan 58-nin dünya əhəmiyyətli olduğu bildirilir. Bu bölümdə, həmçinin Naxçıvanın təcavüzkar Ermənistan tərəfindən 26 ildən artıq davam edən blokadasının yaratdığı çətinliklərə baxmayaraq, iqtisadi-sosial və mədəni sahədə qət etdiyi inkişafdan, tikilmiş 250-dən artıq modern təhsil obyektindən və aparılmış islahatlardan bəhs olunur. Kitabda Naxçıvanın Azərbaycan tarixində tutduğu yer, xüsusilə onun XII əsrdə Atabəylər hakimiyyəti dövründə paytaxt şəhər olmasının əhəmiyyəti vurğulanır. Həmçinin bəhs olunan tarixi abidələrin Naxçıvana səyahət edənlərin diqqətini cəlb etdiyi bildirilir.
Kitabın “Naxçıvan: qısa məlumat” adlı ilk bölməsində Azərbaycanın bu qədim diyarının adının Dünya tufanı və Nuh Peyğəmbərin adı ilə bağlı olması, habelə muxtar respublikanın əhalisi, hökumət quruluşu, Konstitusiyası və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən regionun sosial-iqtisadi, mədəni inkişafı istiqamətində görülmüş işlərdən və xarici-iqtisadi əlaqələrin yaradılmasından bəhs olunur. Naxçıvandakı Möminə xatın türbəsi, Qarabağlar Türbə Kompleksi, Yusif Küseyir oğlu türbəsi, Xan sarayı, Buzxana, Xanəgah Kompleksi, Əlincəqala, Gülüstan türbəsi kimi tarixi abidələrin bərpası, həmçinin Cəmşid Naxçıvanski, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Cəlil Məmmədquluzadə, Yusif Məmmədəliyev, Bəhruz Kəngərli, Məhəmməd Tağı Sidqi kimi görkəmli şəxsiyyətlərin adının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışılır. Bu sahədə 1996-cı ildə keçirilmiş “Naxçıvan beynəlxalq qaynaqlarda” Beynəlxalq simpoziumun əhəmiyyəti xüsusilə qeyd olunur.
Daha sonrakı bölmələrdə Avrasiyanın mərkəzindəki qədim şəhər kimi Ordubadın tarixi əhəmiyyətinə toxunan jurnalist Peter Tase buradakı muzeylərdən, XVII əsrə aid Qeysəriyyə binasından, qədim su sistemlərindən, tarixi səyyahların buraya səfərlərinin təəssüratlarından və Ordubad ipəyinin keçmişdəki şöhrətindən yazır.
Naxçıvanın möhtəşəm tarixi abidələrindən bəhs edən müəllif bu regionu Azərbaycanın və bütün dünya tarixinin canlı şahidi adlandırır. Bu barədə kitabda Əcəmi memarlıq məktəbi, onun davamçıları olan Əmirəddin Məsud Naxçıvanidən danışan araşdırmaçı Naxçıvanın memarlıq abidələrindən Fərhad evinin təsvirinə də xüsusi yer verib. Naxçıvanın memarlıq xəzinəsi kimi muxtar respublika ərazisində müxtəlif yerlərdə rast gəlinən eradan əvvəl II və I minilliklərə dair nekropolları, həmçinin Göynük qalası, Ordubaddakı Gəmiqaya, qədim Gənzə hamamı və Aza körpüsü, Gülüstan türbəsi, Sədərək rayonundakı Əjdəhan mağarası, Şahbuz rayonu ərazisindəki Gəlinqaya, Şərur rayonunun Havuş kəndindəki Tamaşalı yaşayış məskəni, müqəddəs Əshabi-Kəhf ziyarətgahı, böyük coğrafiyaçı-alim və səyyah Ptolomeyin əsərlərində adını çəkdiyi tarixi Narınqala şəhərinin əhəmiyyətinə xüsusilə yer ayrılıb.
Naxçıvanın tarixi abidələri arasında, heç şübhəsiz, Möminə xatın türbəsinin xüsusi yeri vardır. Bu barədəki bölmədə müəllif Azərbaycanın həmin görkəmli abidəsini dünya memarlıq irsinin gizli xəzinəsi adlandırır. O qeyd edir ki, 1186-cı ildə tikilmiş Şərq memarlıq məktəbinin bu incisi Azərbaycanın milli memarlığını digərlərindən fərqləndirən əsas sərvətlərdən biridir. Belə ki, indiyə qədər Möminə xatın türbəsinə xas olan sənətkarlıq elementlərini özündə əks etdirən ikinci bir memarlıq abidəsi tikilməyib.
Naxçıvan qədim müdafiətipli qalaları ilə məşhurdur. Tarixi eramızın I əsrinədək gedib çatan və XIV əsrin sonu, XV əsrin əvvəllərində Teymurilərin hakimiyyəti dövründə özünün qəhrəman müdafiəçiləri ilə tanınan Əlincəqala haqqında kitabda geniş bəhs olunur. Qalanın tarixi, burada tapılmış qədim maddi-mədəniyyət nümunələri, Azərbaycan xalqının tarixi keçmişi və mübarizəsi haqqında müfəssəl məlumatlar ingilisdilli oxuculara çatdırılır.
Azərbaycan tarixinin mühüm mərkəzlərindən biri olan Naxçıvan, eyni zamanda muzeylər şəhəridir. Buradakı muzeylərdən Heydər Əliyev Muzeyi, Xalça Muzeyi və Zaviyə mədrəsəsi haqqında “Naxçıvan: Azərbaycan tarixinin beşiyi” adlı başlıqda geniş məlumat verən müəllif həmin mədəniyyət müəssisələrindəki qiymətli eksponatlarla tanış olan on minlərlə ziyarətçinin yüksək təəssüratlar qazandığından bəhs edir.
Naxçıvan qədim tarixi keçmişə və zəngin memarlıq ənənələrinə malik olmaqla yanaşı, həm də görkəmli tarixi şəxsiyyətlərin ana vətənidir. Kitabda bu məqama diqqətçəkən Peter Tase Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov haqqında “Azərbaycanın Naxçıvandan olan görkəmli tarixi və müasir şəxsiyyətləri” bölməsində xüsusi yer ayırıb. Bu bölmədə Azərbaycanın ən yeni tarixində dərin izlər qoymuş və müstəqillik illərində hərtərəfli inkişafını təmin etmiş ümummilli lider və davamçılarının bioqrafiyası və siyasi fəaliyyəti haqqında geniş məlumat verilib. Həmin səhifələrdə Azərbaycanın tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasının da müasir inkişafı, eləcə də tarixi abidələrin bərpası istiqamətində görülmüş işlər barədə oxucuda dərin təsəvvür yaradılır.
Qeyd edək ki, beynəlxalq İSBN kodu ilə nəşr olunmuş kitabın elektron variantı ilə internetdə də tanış olmaq mümkündür.
Əli Cabbarov