23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Azərbaycan Respublikasının Əməkdar rəssamı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyevanın “Portal” adlı yeni fərdi sərgisi açılıb.
Sərgini giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nizami Alıyev açaraq rəssamın yaradıcılıq yoluna nəzər salıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, rəssamın zəngin yaradıcılığı rənglərin dili ilə yazılmış bədii həqiqətlər məcmusuna bənzəyir. İldən-ilə rəssamın palitrasında yer almış rənglərin işığı artdıqca, yaradıcı təcrübəsi çoxaldıqca bu dünya ona daha sirli-soraqlı, daha maraqlı görünüb. Bu da rəssama mövzu və süjetlərin alt qatına nüfuz etməyə, orada gizlənən mənəvi-­fəlsəfi qatı aşkarlamağa imkan verib. Odur ki, ildən-ilə ərsəyə gətirdiyi əsərlərin qarşısında tamaşaçı seyrçi kimi yox, müsahib kimi dayanır, onunla dialoqa girir.

Vurğulanıb ki, illərdən bəri yaşadığı məkanı layiqincə təmsil edən rəssama dövlətimiz tərəfindən göstərilən böyük diqqət və qayğı onun yüksək uğurlarına yol açıb. Əminliklə demək olar ki, yaradıcılığının məcmusu kimi dəyərləndirilən növbəti sərgidə nümayiş etdirilən əsərlər də böyük tamaşaçı marağına səbəb olacaqdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva növbəti sərginin təşkilini onun sənətinə göstərilən dövlət qayğısı kimi ­dəyərləndirib.
Sonra sərgiyə gələnlər burada nümayiş etdirilən əsərlərlə tanış olublar. Sərgidə rəssamın müxtəlif janrlarda işlənmiş 170-ə yaxın əsəri nümayiş etdirilir.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR