23 Dekabr 2024, Bazar ertəsi

 50 illik yubileyi təntənəli şəkildə qeyd olunan Naxçıvan Dövlət Universitetinin ötən müddət ərzində ölkəmiz üçün müxtəlif ixtisaslar üzrə mütəxəssislər yetişdirməsindəki fəaliyyəti nümunə gücündədir. Bu baxımdan ali təhsil ocağının İncəsənət fakültəsinin tərkibində 1998-ci il martın 28-də yaradılmış Tələbə Teatr Studiyasının öz ətrafına topladığı istedadlı tələbələrin təhsillərini başa vurduqdan sonra müxtəlif teatrlarda çalışması diqqətəlayiqdir. Studiyanın fəaliyyəti ilə yaxından tanış olmaq üçün kollektivin rəhbəri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədova ilə həmsöhbət olduq. O bildirdi ki, studiya universitetin mədəni həyatının tərkib hissəsinə çevrilib. Yaradıcı qurum tələbə-gənclərin istedad və qabiliyyətlərinin üzə çıxarılmasında mühüm rol oynayır. 

Studiyanın ilk tamaşası kimi “Beyrəyin andı” pyesi seçilib. Dərin həyati fəlsəfəsilə fərqlənən pyes tarixi-mənəvi dəyərlərimizin ədəbi abidəsi “Kitabi-Dədə Qorqud” dastanlarının motivləri əsasında, müasir düşüncə prizmasında uğurlu həllini tapıb.

“Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə yaradıcı heyətin layiqli töhfəsi kimi ilk tamaşa 1999-cu il may ayının 29-da nümayiş etdirilib. Tələbə-aktyorların ifaları təbii təsir bağışlayaraq rəğbətlə qarşılanıb. Tamaşa Türkiyə səhnəsində də oynanılıb. Həmin il iyul ayının 18-dən 24-dək Türkiyə Respublikasına dəvət olunmuş kollektiv Bayburt şəhərində keçirilən “Dədə Qorqud-1300” Beynəlxalq Mədəniyyət və Sənət Festivalında tamaşanı nümayiş etdirib, xüsusi diploma layiq görülüb.
1999-cu il 11 oktyabrda Naxçıvan Dövlət Universitetinin yeni tədris korpusunun açılışından sonra ümummilli lider Heydər Əliyevin də tamaşa etdiyi “Prezidentim, 100 yaşa” ədəbi-bədii kompozisiyası alqışlarla qarşılanıb. Studiyanın ikinci tamaşası türk yazıçısı Turan Oflazoğlunun birpərdəli “Atatürk” əsəri əsasında səhnələşdirilmiş “Türklərin Atatürkü” olub və 2000-ci ilin aprel ayının 6-da Naxçıvan Dövlət Universitetinin səhnəsində göstərilib. Tələbə-aktyorlar bu səhnə əsərində də bacarıq və istedad­larını nümayiş etdiriblər.
Daha sonra yazıçı-dramaturq ­Cəlil­ Məmmədquluzadənin “Anamın kitabı” pyesi səhnələşdirilib. Bu tamaşanı studiyanın tarixində ayrıca mərhələ kimi qiymətləndirmək olar. Belə ki, 2003-cü il oktyabr ayının 17-də Dövlət Müstəqilliyi Günü münasibətilə keçirilən tədbirdə “Anamın kitabı” tamaşası Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində müvəffəqiyyətlə nümayiş etdirilib.
Studiyanın fəaliyyəti ilə bağlı “Tələbə Teatr Studiyasının böyük uğurları” adlı məqalənin müəllifi, şair-jurnalist, tarix üzrə fəlsəfə doktoru, mərhum Vaqif Məmmədov yazırdı: “Ümumiyyətlə, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası kollektivinin ifasında “Anamın kitabı” tamaşası ilə tanışlıqdan sonra bu qənaətə gəlmək olur ki, həmin kollektiv Naxçıvan Dövlət Universitetini teatr sənəti baxımından təmsil etmək qüdrətinə malikdir”.
Universitet Tələbə Teatr Studiyasının növbəti böyük uğuru, nailiyyəti kimi qeyd edilə biləcək tamaşa Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinə yeni səhnə həyatının verilməsidir. Tamaşa Cəlil Məmmədquluzadənin 140 illik yubileyinə layiqli töhfələrdən biri sayıla bilər.
Sonrakı illərdə bu studiya səhnəyə qoyduğu “Milaxda həyəcan”, “Qəribə adam” tamaşaları antik yunan dramaturqu Esxilin “Zəncirlənmiş Prometey” faciəsi ilə uğurla çıxış edib.
Bu gün Naxçıvan Dövlət Universitetində teatr mühiti formalaşmaqdadır. 2011-ci ildən bəri bu ali təhsil ocağında aktyorluq ixtisası üzrə kadr hazırlığına başlanması bu mühitin daha geniş sferada inkişafına imkan verib. Əvvəllər studiyada müxtəlif ixtisaslarda təhsil alan tələbələr fəaliyyət göstərirdi. Altı ildir ki, tələbə teatrına daha çox aktyorluq sənətini seçən tələbələr cəlb edilir, onlar burada ilk səhnə təcrübəsinə yiyələnirlər.
Müsahibimiz sonda V.Q.Belinskinin “dünyanı təkcə elm vasitəsi ilə deyil, həm də incəsənət vasitəsi ilə öyrənmək mümkündür” fikrini xatırladaraq deyir:
– Tələbələrin səhnə fəaliyyətinə hazırlanmasında yaradıcı təxəyyül mühüm psixoloji amil kimi əhəmiyyətlidir. Teatr sənətini incəsənətin başqa növlərindən fərqləndirən əsas cəhət kimi biz tamaşada heç bir sənət növündə nümayiş etdirilməsi mümkün olmayan prosesi – həyatı canlı hərəkətdə görür, yaşayır, təxəyyülün geniş imkanlarını izləyirik. Yaxşı qavrama və incə müşahidə qabiliyyəti səhnə sənətinə yiyələnən hər bir tələbə-aktyorda formalaşır. Tələbə-aktyorlar, birinci növbədə, özlərində müxtəlif həyati vəziyyətlərdə insanın davranış xüsusiyyətlərini bütün təfsilatı ilə görür, baş verən hadisələri daxili dərk etmək bacarığına yiyələnirlər. Aktyor-tələbə nəinki həyatı bütün təzahür formaları ilə qavrayır və müşahidə edir, o həm də qavradığı duyğuları və apardığı müşahidələri öz yaddaşında qoruyub saxlamağı bacarır, özündə insanın xarakteri ilə xarici mühit arasında mövcud olan incə əlaqəni duyur və təxəyyülündə canlandırır.
Gülxarə Əhmədova bildirib ki, Tələbə Teatr Studiyası Naxçıvan Dövlət Universitetinin 50 illik yubiley tədbirinə ciddi hazırlaşır. Kollektiv Həmid Arzulunun tərcümə etdiyi Qothold Efraim Lessinqin “Emiliya Qolotti” faciəsinin tamaşası üzərində məşqlər aparır. Qeyd edək ki, studiya növbəti ildə 20 illik yubileyini keçirməyə hazırlaşır. Bu münasibətlə yeni kitab çap olunacaq.
Aktyorluq ixtisasının tələbələri Seymur Babayev, Rauf Gülməmmədov, Vəfa Qurbanova və başqaları ilə də həmsöhbət oldum. Onlar bildirdilər ki, həvəs, istək, istedad olmadan incəsənət adamı olmaq mümkün deyil. Aktyor səhnədə öz rolunu elə ifa etməlidir ki, tamaşaçını ona inandıra bilsin. Buna görə də oynayacağın rolu dərk etməli, həmin obraza özünü inandırmalı, sonrakı mərhələdə bunu tamaşaçılara aşılamalıdır.
Bu sənəti sevməkdə onlarla yorulmadan, səylə çalışan müəllimlərin böyük rolu olduğunu deyən tələbələr bildirdilər ki, insanın hər hansısa bir sənəti sevməyinə səbəb olan biri mütləq vardır ki, bizim üçün də həmin simalar sənət müəllimlərimizdir.
Burada aktyorluq ixtisası ilə yanaşı, fərqli ixtisaslardan olan tələbələrlə də görüşdük. Kitabxanaçılıq ixtisası üzrə 3-cü kurs tələbəsi Vüsal Sultanlı dedi ki, incəsənətlə məşğul olmaq üçün həmin fakültənin tələbəsi, məzunu olmaq vacib deyil. Əlbəttə, bir sahə üzrə təhsil alıb, onun nəzəri biliklərinə yiyələnmək mütləqdir, lakin onu daxilində hiss edə bilirsənsə, istedadın da varsa, az-çox öhdəsindən gələ bilərsən. Mən də məhz elə bu düşüncəylə bu gün burdayam.
Başqa bir tələbə, Tarix-filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə 2-ci kurs tələbəsi Nuray Mahmudova isə öz ixtisası olma­masına baxmayaraq, bu sənəti çox sevdiyini bildirir. Aktyorluqla məşğul olmağın onun ixtisasına da bilavasitə təsir göstərdiyini deyən Nuray məşqlər nəticəsində nitqinin formalaşdığının da fərqində olduğunu bildirdi.
Təsviri incəsənət ixtisasının tələbələri Əli Qasımov və Xəyal Babayev də fakültənin tədbirlərində fəal olmağa çalışır, bununla da doğma universitetlərinə öz töhfələrini verirlər.
Universitetin ictimai həyatında fəallıq göstərən bu gənclərə müvəffəqiyyətlər arzulayıb onlardan ayrılıram.
Qeyd edək ki, studiya universitetdə keçirilən bayramların, əlamətdar günlərin, folklor şənliklərinin, festivalların və toplantıların, meydan tamaşalarının bilavasitə təşkilatçısı və iştirakçısıdır. Studiyanın “Yallı” qrupu bu tədbirlərdə həmişə öz maraqlı çıxışları ilə seçilir. “Kosa-kosa” meydan tamaşaları da studiya üzvlərinin fəallığı sayəsində ərsəyə gələn tədbirlərdəndir.
Onlara yeni yaradıcılıq uğurları arzulayırıq.

 Fatma BABAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR