80 yaşını tamamlayan şairə Kəmalə Ağayeva ilə söhbət
Qədim diyarımız tarixən həm də söz sənəti məkanı kimi tanınıb. Bu yurdun burada doğulan, boya-başa çatan, ölməz əsərlər yaradan, dünyada tanınan Hüseyn Cavidini, Mirzə Cəlilini, Məmməd Səidini... böyük qürurla xatırlayırıq. Həmin sənətkarların ədəbiyyatımızın qızıl fondunu təşkil edən qiymətli əsərləri xalqımızın mənəvi sərvətidir. Yaratdıqları ədəbi məktəbin nümayəndələri mərhum Müzəffər Nəsirli, Hüseyn Razi, Hüseyn İbrahimov, Elman Həbib ulu Naxçıvan torpağından ilham alaraq qədim diyarımızı yüksək sevgi ilə tərənnüm ediblər. Bu gün də öz yaradıcılıqları ilə oxucuların sevimlisinə çevrilən Kəmalə Ağayeva, Muxtar Qasımzadə, Asim Yadigar, İbrahim Yusifoğlu, gənc nəslin nümayəndələri Rahil Tahirli, Elxan Yurdoğlu və başqaları yaratdıqları əsərlərlə ədəbiyyatımıza töhfələrini verməkdədirlər. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Kəmalə Ağayevanın bu sənət adamları içərisində xüsusi yeri var.
Qısa tərcümeyi-halı: 80 yaşı tamam olan Kəmalə Ağayeva yaradıcılığa şeirlə başlayıb. Mənzum dram, poema, oçerk, məqalə kimi müxtəlif janrlara da müraciət edib. İlk şeirini 12 yaşında yazıb. 20 yaşında Məhsəti Gəncəvinin həyatından bəhs edən “Məhsəti” mənzum pyesini qələmə alıb. Bu, onun dramaturgiya sahəsində ilk qələm təcrübəsi idi. İlk dəfə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulan 4 pərdəli mənzum faciə janrında yazılmış bu əsərin premyerası 1964-cü il oktyabrın 24-də olub.
Bu premyeradan sonra Kəmalə Ağayeva Naxçıvan teatrının ədəbi hissə müdiri təyin olunub və 30 il həmin vəzifədə çalışıb. Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının təşkilatçılarından biri kimi 1990-cı ildən 2003-cü ilədək bu teatrın da ədəbi hissə müdiri işləyib. 20-dən çox şeir kitabının, 16 mənzum pyesin, 200-ə qədər oçerk və bədii yazıların müəllifidir. Şeirləri rus, fars, türkmən, özbək, tacik və başqa dillərə tərcümə olunub. Özü də tərcüməçilik fəaliyyəti ilə məşğul olub, fransız dilindən tərcümələr edib. Onlarla şeirinə müğənnilərin repertuarından düşməyən mahnılar bəstələnib. Rəsmi nümayəndə heyətlərinin tərkibində Amerikada, Türkiyədə, Fransada və başqa xarici dövlətlərdə olub. Doğma yurda böyük məhəbbətlə bağlılıq və mənəvi saflığa çağırış şeirlərinin leytmotivini təşkil edir.
Hazırda Bakıda yaşayan Kəmalə Ağayevanın bu günlərdə Naxçıvana gəldiyini eşidib onunla görüşməyi qərara aldıq. Telefon açdıq. Söhbətləşməyə razılıq verdi. Evlərində görüşüb həmsöhbət olduq.
– Kəmalə xanım, söhbətimizə öz şeirinizlə başlamaq istəyirik:
Uşaqlıq çağlarım düşüb yadıma,
O əziz illəri anıram indi.
Nə vaxtdır ki, Naxçıvanda olmamısınız. Doğma yurda ayaq basanda hansı düşüncələr sizi öz ovsununa saldı?
– Əlixan məhəlləsini tanımamış deyilsiniz. Orda doğulmuşam. Bu məhəllə Vətən qoynunda mənim kiçik vətənimdir. Romantik şairimiz Hüseyn Cavid də bu Əlixan məhəlləsində yaşadığı üçün bəziləri bura Cavid məhəlləsi də deyir. Dünyanın bir çox yerlərində olmuşam. Mənim üçün həmin Əlixan məhəlləsi gəzdiyim yerlərin hamısından gözəldir. Bu gün Naxçıvanın gözəl olmayan guşəsi yoxdur. Gördüyüm bir çox Avropa şəhərlərindən seçilmir. O şeirimi yazarkən nə Əlixan məhəlləsi, nə də Naxçıvan belə deyildi. Hər gəlişimdə gördüyüm Naxçıvan məni, sözün həqiqi mənasında, cavanlaşdırır. Gənclik həvəsi ilə yazmaq istəyirəm. Çünki bu gün gördüklərim doğma Naxçıvanın tarixidir. Bu tarixi yazanlar tarixdə yaşamaq hüququ qazanıblar. Torpaq o vaxt Vətən olur ki, övladları torpağa adicə torpaq kimi yox, Vətən kimi baxırlar. Naxçıvan bu gün əyalət deyil, inkişafının yeni mərhələsinə qədəm qoymuş beynəlxalq əhəmiyyətli bir şəhərdir. Qocaldıqca cavanlaşan bir yurd yeridir. Bu şəhərə həsr etdiyim şeirlərimin sayı-hesabı yoxdur. O şeirlər daxili dünyamın pıçıltılarıdır, yurd yerinə sevgimin ifadəsidir.
– Bu da sizin şeirinizdir:
Mənim yurdum gülüstandır,
Yağış yağdı, gül islandı.
Bu yazılan nə dastandır,
Yazıldıqca yazılır hey?
– Bunu təkcə mən demirəm. Naxçıvana respublikamızın başqa bölgələrindən, digər ölkələrdən qonaq gələn həmkarlarımla görüşəndə naxçıvanlı olduğumu bilib mənə deyirlər ki, xoşbəxt adamsan. Doğrudan da, belə bir yurdda doğulduğum üçün özümü xoşbəxtlərin xoşbəxti sayıram. Bu gün şəhərə çıxmışdım. Yolboyu böyük romantik şairimiz Hüseyn Cavidin “Mənim Tanrım gözəllikdir, sevgidir” misrasını dəfələrlə xatırladım. Gözəlliyə hərə bir cür baxır, bu təbiidir. İnsan gözəlliyi, təbiət gözəlliyi – bütün bunlar vəhdət halında olanda dünya bir qədər də gözəlləşir. Sevinirəm ki, mən bu gözəlliyi bir daha Naxçıvan dünyamda gördüm. Axşam Naxçıvan televiziyası ilə yayımlanan verilişlərdə muxtar respublikanın ucqar yaşayış məntəqələrində yaradılmış gözəllikləri görəndə isə təəccübümü saxlaya bilmədim. İnsan zəkası, insan əli hər şeyə qadirdir. Ancaq o insan xarüqələr yarada bilər ki, o, gözəlliyi duysun, onda torpağa, yurda məhəbbət hissi olsun.
– “Doğma Naxçıvanım” şeirində dediyiniz kimi:
Gözəllik içində gördüm yurdumu,
Ona bəzək vuran əllərə alqış.
Bir anda könlümdən qovdu dərdimi,
Məni ovunduran dillərə alqış.
– Naxçıvan Muxtar Respublikası coğrafi cəhətdən elə bir ərazidə yerləşir ki, burada qısa bir müddət ərzində belə gözəlliyi yaratmaq özü bir hünərdir. Üstəgəl, Naxçıvan 20 ildən artıqdır, blokadada yaşayır. Bununla belə, burada görülən işlər həm öz həcmi, həm də istiqaməti ilə blokada çətinliklərini naxçıvanlılara unutdurub. Burada olduğum bir neçə gün ərzində müşahidə etdiyim o oldu ki, həmyerlilərimiz ancaq qurmaq, yaratmaq əzmilə çalışırlar. Bu hisslər onların yaşam tərzinə çevrilib. Bu, torpağa sevginin ifadəsidir. Mən belə sevgini ən böyük dəyər sayıram.
– Şeirlərinizdə Tomris anadan, Sara xatından, Məhsətidən gəlmə mənəvi dəyərlər öz geniş poetik ifadəsini tapıb. O mənəvi saflığın dolğun ifadəsi həmin şeirlərin bədii mükəmməlliyini təmin edib. İnsan ləyaqəti, təmiz sevgi, digər müsbət insani keyfiyyətlər şeirlərinizdən qırmızı xətt kimi keçir.
– Azərbaycan qadını tarixən mübariz olub, qoçaq olub. Yeri gələndə çiyninə silah alıb, düşmən üzərinə gedib. Öz namusunu, torpağını qoruyub. Həyata gətirdiyi övladlarını da bu ruhda böyüdüb. Onlar tarixin səhifələrində özlərinə əbədi yer qazanmaqla bizə ərməğan olunmuş dəyərlər bəxş ediblər. Şeirlərimdə bu mövzulara müraciət etməyim biz qadınlara olunmuş tövsiyələrin bədii ifadəsidir.
– Kəmalə xanım, yaradıcılığınız dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. Ayrı-ayrı vaxtlarda sizə “Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi” və “Əməkdar İncəsənt xadimi” fəxri adları verilib. Prezident təqaüdünə layiq görülmüsünüz. İlhamınız doğma Naxçıvanımızdan qaynaqlandığı kimi təltiflərinizin, mükafatlarınızın təməlində də bu yurd yeri dayanır...
– Ölkəmizdə, o cümlədən muxtar respublikamızda şeir, sənət adamına, qələm sahiblərinə hərtərəfli dövlət qayğısı, onların yaradıcılıqlarının yüksək səviyyədə qiymətləndirilməsi ən gözəl vətənpərvərlik, mənəvi kamillik nümunəsidir. Qismətimə düşənlər, əməyimə dövlətimizin verdiyi qiymət mənim məsuliyyətimi qat-qat artırıb.
– Son olaraq. Bir sıra xarici ölkələrdə olmusunuz. Doğma Azərbaycanı təmsil etmisiniz...
– Olduğum ölkələrdə çalışmışam ki, doğma Azərbaycanı təbliğ edə bilim. Bu, hər bir sənət adamının amalı olmalıdır. Adını çəkdiyimiz xarici ölkələrdə belə bir respublikanın mövcudluğuna inanmayanlarla rastlaşmışam. Təəssüf hissi keçirmişəm. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra dahi rəhbərin ciddi səyləri, şəxsi nüfuzu respublikamızı hər yerdə tanıtdı. Müstəqillik qazandığımız illərdə bu siyasət davam etdirildi və bu gün də davam etdirilir. Artıq dövlətimiz dünyada tanınır, qəbul edilir, beynəlxalq aləmdə söz sahibidir. Bununla qürur hissi keçirməmək, Azərbaycanın bu gününə sevinməmək olarmı? Doğma diyarımız Naxçıvana baxın. Şair istəyir ki, söz qoşsun, bəstəkar istəyir ki, nəğmə bəstələsin, rəssam istəyir ki, bu gözəllikləri tabloya köçürsün. Bu günü gözəl olan Naxçıvanın sabahı bundan da təravətli olacaq.
A yurdum, qurbanam bu vüsalına,
Bu gözəl çağına, bu cəlalına,
Axır ki, qovuşdun istiqlalına,
Sabaha aparan yollara alqış.
– 80 yaşınız mübarək, Kəmalə xanım.
Muxtar MƏMMƏDOV