Naxçıvan Dövlət Uşaq Filarmoniyasının xalq çalğı alətləri ansamblı və solistləri Naxçıvan şəhərindəki 2 nömrəli Təqaüdçülər Klubunda konsert proqramı ilə çıxış ediblər.
Əvvəlcə Naxçıvan Dövlət Uşaq Filarmoniyasının direktoru Ariz Ağayev çıxış edərək muxtar respublikada ahıllara, təqaüdçülərə göstərilən diqqət və qayğıdan bəhs edib. Bildirilib ki, muxtar respublikada sakinlərin asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Bu günlərdə Naxçıvan şəhərindəki 2 nömrəli Təqaüdçülər Klubunun binasının yenidən qurularaq istifadəyə verilməsi də bunun bariz nümunəsidir.
Vurğulanıb ki, Naxçıvan Dövlət Uşaq Filarmoniyası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 19 aprel tarixli Sərəncamı ilə yaradılıb. Muxtar respublika rəhbərinin bu sərəncamı istedadlı uşaqların yaradıcılıq potensialından daha səmərəli istifadə olunması və milli musiqi ənənələrimizin gələcək nəsillərə çatdırılması istiqamətində atılan mühüm addımdır. Filarmoniyanın əsaslı fəaliyyətinə hərtərəfli şərait yaradılıb, musiqi alətləri, xüsusi geyim dəstləri alınıb, buraya musiqi qabiliyyəti olan uşaqlar cəlb ediliblər.
Sonra konsert proqramının təqdimatı olub. Filarmoniyanın xalq çalğı alətləri ansamblı və solistlərinin ifalarında səsləndirilən “Çahargah rəngi”, “Güləbətin”, “Gülə-gülə”, “Azərbaycan”, “Bayatı-şiraz”, “Simayi-şəms” və digər muğam, təsnif, xalq mahnıları və bəstəkar musiqiləri təqaüdçülər tərəfindən maraqla qarşılanıb.
Sonda klubun direktoru Mirvasif Seyidov çıxış edərək bu gün muxtar respublikada bütün təbəqələrdən olan insanların rahat yaşayışlarının və asudə vaxtlarının səmərəli təşkilinin diqqət mərkəzində olduğunu deyib. Yeni istifadəyə verilən bu binada şəhərimizin yaşlı sakinlərinin mədəni istirahətlərinin təşkili üçün bütün imkanlar var. Klub müdiri bugünkü tədbirə görə minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin mətbuat xidməti