23 Dekabr 2024, Bazar ertəsi

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayevanın iki cilddə nəzərdə tutulmuş “Hüseyn Cavid və folklor” monoqrafiyasının birinci cildi çapdan çıxıb. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunan monoqrafiya Hüseyn Cavid yaradıcılığında folklorun yerinin, həm də folklorun romantizm müstəvisində rolunun müəyyənləşdirilməsi baxımından diqqəti cəlb edir. 

Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Hüseyn Həşimlinin elmi redaktorluğu ilə nəşr olunan monoqrafiyaya akademik Nizami Cəfərov və AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyev rəy vermişlər.
Romantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi olan Hüseyn Cavid yaradıcılığında milli və mənəvi dəyərlərin təcəssümü ədibin bənzərsiz istedada malik olması ilə bərabər, həm də milli mənsubiyyətini, tarixi köklərini unutmaması və unutdurmamasıdır. Ulu öndərimiz Heydər Əliyevin Hüseyn Cavid haqqında dediyi “Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitablarıdır” fikri də monoqrafiyanın əvvəlində verilmişdir ki, bu da mütəfəkkir şairin yaradıcı­lığının həmişəyaşarlığından xəbər verir. Azərbaycan xalqının keçmişinin, adət-ənənəsinin əks etdirilməsi baxımından görkəmli şair-dramaturqun yaradıcılığı çox əhəmiyyətlidir. Ədibin öz yaradıcı­lığında folklor nümunələrindən istifadəsi də məhz bunun təməlində dayanan faktorlardandır ki, bu da Çinarə Rzayevanın “Hüseyn Cavid və folklor” monoqrafiyasının aktual­lığının mühüm göstəricisidir. Monoqrafiyada folklor nümunələrindən istifadə məqamları, onların rəng­arəngliyi təhlil olunmuşdur.

Aparılan geniş araşdırmalar və tədqiqatlar nəticəsində Hüseyn Cavidin öz fikir və ideyalarını, romantik düşüncələrini məhz mifoloji obrazların vasitəsilə oxuculara çatdırmağa çalışdığı aydın bir şəkildə görünür. Böyük ədibin mifoloji obrazlarla təkrarsız fəlsəfi əsərlər yaratması onun digər romantiklərdən fərqlənməsinin və Azərbaycan romantizm tarixində zirvəyə sahib olmasının əsas səbəblərindən biridir. Bu deyilənlər monoqrafiyada geniş bir şəkildə tədqiq olunmuşdur. Müəllif “İblis”, “İblisin intiqamı”, “Peyğəmbər”, “Şeyda”, “Şeyx Sənan” və digər əsərlərində mifik obrazların xarakterik xüsusiyyətlərinin Hüseyn Cavid tərəfindən necə işləndiyini də əsərləri təhlil edərək izahlar vermişdir.
Çinarə Rzayeva ədibin yaradıcılı­ğında Dərviş surəti ilə bağlı müqayisəli təhlillərə də geniş yer vermiş, bu surətin funksiyalarını və həmin funksiyalardan hansından Hüseyn Cavid yaradıcılığında istifadə edildiyini müəyyənləşdirmişdir.
Monoqrafiyada böyük Cavidin əsərlərində işlənən atalar sözləri və məsəllər, digər folklor nümunələri haqqında geniş məlumat verilmiş, əsərlərin ideya-bədii həllindəki əhəmiyyəti ön plana çəkilmişdir. Həm atalar sözləri, həm də məsəllər ictimai həyat mübarizəsinin kəşf etdiyi həqiqəti əks etdirən hikmətli ifadələrdir ki, bu da əsərin aktual olmasını təmin edir. Ədibin istifadə etdiyi aforizmlərin günümüzdə atalar sözləri və məsəllər kimi istifadəsini də Çinarə Rzayeva öz monoqrafiyasında aydın bir şəkildə ifadə etmişdir.
Hüseyn Cavid yaradıcılığında alqış və qarğışlara da rast gəlinir. Bu, obrazların keçirdikləri hisslərin oxucuya daha canlı çatdırılması ilə bərabər, müəllifin folklora olan marağını da göstərir. Alqışlardan daha çox istifadə etməsi Hüseyn Cavidin humanistliyindən xəbər verir. Bunların hər biri monoqrafiyada özünün daha dolğun izahını tapmışdır.
“Hüseyn Cavid və aşıq yaradıcı­lığı” adlı bölmədə ədibin əsərlərində müraciət etdiyi, folklorda əhəmiyyətli bir yer tutan aşıq şeir şəkilləri barədə məlumat verilib.
Hüseyn Cavidin yaradıcılığında folklor nümunələrindən geniş istifadə olunması onun xalqının keçmişinə, adət-ənənəsinə olan bağlılığının sübutudur. Monoqrafiya da bu baxımdan təqdirəlayiqdir. Eyni zamanda bu, Cavid yaradıcılığının ədəbiyyat üçün nə dərəcədə əhəmiyyətli bir yerə sahib olduğunu göstərir.
Onu da qeyd edək ki, Çinarə Rzayeva Hüseyn Cavid yaradıcılığının məhsuldar tədqiqatçısı, bununla bağlı bir neçə kitabın müəllifidir. Yeni nəşr isə Cavid və folklor məsələsinə həsr etdiyi ilk kitabıdır və bu sahədəki tədqiqatlarını bu gün də davam etdirir. Biz də Cavid yaradıcılığında folklorun fərqli tərəflərinə işıq tutacaq növbəti araşdırmalarında ona uğurlar arzulayırıq.

Vəfa QASIMOVA
AMEA Naxçıvan Bölməsinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR