Dünən Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında uşaq incəsənət və bədii sənətkarlıq məktəblərində dərs deyən müəllimlərin və rəsm ixtisası üzrə təhsil alan şagirdlərin iştirakı ilə ustad dərsi keçilib.
Təbiət təsvirinə həsr olunmuş ustad dərsi başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin aparıcı məsləhətçisi Leyla Əlimərdanova bildirib ki, ustad dərsi nazirliyin tabeliyində olan uşaq incəsənət və bədii sənətkarlıq məktəblərində rəsm ixtisası üzrə dərs deyən müəllimlər və həmin ixtisas üzrə təhsil alan şagirdlər üçün rəssamlıq sənətinin tərkib hissəsi olan təbiət təsvirinə həsr edilib.
Sonra Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri, Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli və Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov rəssamlıq sənətində peyzaj təsvirinin incəliklərindən bəhs edərək praktik olaraq ustad dərsi keçiblər. Müəllim və şagirdlərə təsviri incəsənət tarixi haqqında da məlumat verilib, ümumilikdə, ustad dərslərinin şagirdlərdə estetik tərbiyəni, mənəvi-əxlaqi keyfiyyətləri inkişaf etdirdiyi vurğulanıb.
Sonda müəllim və şagirdlərin sualları cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti