“Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olublar.
Açıq Səma Altında Muzeyi ziyarət zamanı məlumat verilib ki, xalqımızın zəngin tarixi-mədəni irsi memarlıq abidələri ilə bərabər, həm də daş abidələrdə yaşayır. Əcdadlarımızın yaratdıqları daş abidələr, xüsusilə Gəmiqaya rəsmləri bəşəriyyətin tarixindən xəbər verir. Muzeydə muxtar respublika ərazisindən tapılan müxtəlif dövrlərə aid daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr nümayiş olunur. Ekspozisiyadakı 450 maddi-mədəniyyət nümunəsi ulu Naxçıvanın daş yaddaşıdır.
Möminə xatın türbəsi ilə tanışlıq zamanı qeyd olunub ki, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan bu türbə 1186-cı ildə tikilib. Nəinki Azərbaycan, bütövlükdə, İslam memarlığında seçilən kompozisiyalı türbələrdən olan Möminə xatın türbəsi sərdabə və yerüstü hissədən ibarətdir. Xalqın yaddaşında “Atabəy günbəzi” adı ilə qalan abidənin baştağında kufi xətti ilə bu sözlər yazılıb: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”.
Xan sarayında bildirilib ki, Naxçıvan xanı I Kalbalı xan Kəngərliyə və onun varislərinə məxsus olan bu saray Azərbaycanın orta əsrlər memarlığının nadir incilərindən biridir. Xüsusi memarlıq üslubunda inşa edilən və xalq tətbiqi sənətinin bir çox növlərinin birləşdiyi Xan sarayı orijinal görünüşü ilə seçilir. Muzeydə Naxçıvan xanlığının və Kəngərli nəslinin tarixi ilə bağlı nəşr olunmuş kitablar, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi, məişət əşyaları – misgərlik nümunələri, saxsı və çini qablar, qədim kişi və qadın milli geyimləri də nümayiş etdirilir.
Səadət Əliyeva