23 Dekabr 2024, Bazar ertəsi

Məlumat əldə etmək, oxuyub savad sahibi olmaq hər bir insanın əsas intellektual tələbatlarından biridir. Bu mənada, bəşər­iyyətin yaratdığı hər cür elmi, mədəni və bədii potensialı gələcək nəsillərə çatdıran kitablar ən qiymətli xəzinədir. Kitab yazıb ərsəyə gətirmək qədər onun çap edilib oxuculara çatdırılması da informasiya erasının mühüm yeniliklərindən biridir.

Şübhəsiz, hələ XV əsrin ortalarında almaniyalı İohan Quttenberq kitab çapını kəşf etdiyində yüz illər sonra insanların kitablar vasitəsilə nə qədər məlumatlı ola biləcəyini, bəlkə də, düşünə bilməzdi. Elə indi də biz beş yüz il sonra yer üzündə nələr olacağını deyə bilməsək də, gələcəkdəki bütün texnoloji yeniliklərə baxmayaraq, kitaba olan marağın heç zaman azalmayacağını əminliklə deyə bilərik. Çünki kitab cəmiyyətin ən dəyərli maddi və mənəvi sərvətlərindən biridir.
Yaddaşlarda dərin iz buraxan kitabları mütaliə həvəskarı olan oxucular çox sevir. Mütaliənin isə hər bir insanın cəmiyyətin mükəmməl bir fərdi kimi yetişməsində, intellektual səviyyəsinin dərinləşməsində mühüm rolu vardır. Müasir texnoloji yeniliklərlə nəfis şəkildə çap olunmuş kitablar da mütaliəsevənlər üçün, sözün əsl mənasında, ən dəyərli hədiyyədir. Əgər belə bir hədiyyəni Naxçıvan kimi qədim elmi, ədəbi və mədəni tarixi keçmişə malik torpaqda yaşayanlara təqdim etsək, bu, onların yaddaşında daimi olaraq qalacaq. Naxçıvanda fəaliyyət göstərən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin çap məhsullarının da, bu mənada, yüksək elmi-mədəni və publisistik dəyəri vardır.

1997-ci ildə yaradılmış “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi 2001-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin tabeçiliyinə verilərək yüksək qayğı ilə əhatə olunub. Ümumiyyətlə isə muxtar respublikamızda çap məhsulları istehsalının tarixi ötən əsrin əvvəllərindən başlanır. Belə ki, 1921-ci ildə Naxçıvanda ilk çap sexi yaradılıb və bu müəssisə 1938-ci ilədək “Şərq qapısı” qəzeti redaksiyasının nəzdində olan mətbəə kimi fəaliyyət göstərib. Bundan sonra isə Naxçıvan mətbəəsi adı ilə müstəqil müəssisəyə çevrilib. Uzun illər ərzində müxtəlif yerlərdə uyğunlaşdırılmış binalarda köhnə avadanlıqlarla fəaliyyət göstərmiş olan müəssisənin işində əsaslı dönüş 2001-ci il martın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanmış “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması tədbirləri haqqında” Sərəncamından sonra başlayıb. Bundan sonra muxtar respublikada fəaliyyət göstərən redaksiya və digər mətbuat qurumları kimi, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin də fəaliyyəti üçün əlverişli şərait yaradılıb və maddi-texniki bazası möhkəmləndirilib. Artıq bu nəşriyyat müəssisəsi dünyanın ən müasir nəşriyyat evlərində istifadə olunan müasir kompüter və çap avadanlığı ilə təmin olunub. Belə ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin 2010-cu ildə istifadəyə verilmiş yeni binada yerləşdirilməsi və burada yüksək poliqrafik göstəricilərə malik Almaniya istehsalı olan çap avadanlığının quraşdırılması, 2015-ci ildə isə ikinci belə bir avadanlığın alınıb bu müəssisədə quraşdırılması muxtar respublikada nəşr-poli­qrafiya işinə göstərilən diqqətin bariz nümunəsidir. Artıq Naxçıvanda “Şərq qapısı” qəzeti və rayon qəzetlərinin, habelə kitabların, jurnalların rəngli formatda nəşr olunması həyata keçirilir. Bunlardan əlavə, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən müəssisə və təşkilatlar üçün dəftərxana kitabları, sadə və ciddi hesabat blankları, müxtəlif qəbzlər, təqvimlər, etiketlər, dəftərlərin ­hazırlanması həyata keçirilir. 35 nəfərin birlikdə çalışdığı mətbəədə təkcə cari ilin ötən dövründə ­80-dən artıq kitab, “Naxçıvan” jurnalının 34-cü nömrəsi, yüzlərlə qəzet nömrəsi çap olunub. Müəssisəyə dövlət sifarişlərindən başqa, Naxçıvanda fəaliyyət göstərən elm və mədəniyyət müəssisələri, universitetlər və akademiya əməkdaşları tərəfindən müxtəlif çap sifarişləri də daxil olur, çap məhsulları yüksək standartlar və müasir dizayn əsasında qısa müddətdə ərsəyə ­gətirilir.
Son illərdə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunmuş kitablar arasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin nəşrləri olan “Naxçıvan 1924-2014”, “Naxçıvan: ilkin şəhər və Duzdağ (27-28 iyul 2012-ci ildə keçirilmiş beynəlxalq simpoziumun materialları)”, “Behbud ağa Şahtaxtinski və Qars müqaviləsi”, “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar”, 3 cilddə “Naxçıvan tarixi” və “Naxçıvan folkloru”, akademik İsmayıl Hacıyevin “Heydər ­Əliyev siyasəti: tarixdə və günümüzdə”, akademik İsa ­Həbibbəylinin “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr”, Fəxrəddin Səfərlinin “Heydər Əliyev irsi – əbədiyaşar təlim”, “İftixar. Qurtuluş dastanı” (2 hissəli epik-tarixi dram), “Naxçıvan dünya mətbuatında”, Elçin Əfəndiyevin “Baş” romanı, Qadir Qədirzadənin “Kitabi-Dədə Qorqud” və Naxçıvan: qarşılaşdırmalı etnoqrafik motivlər”, Rudolf İvan­ovun “Kalbalı xan Naxçıvanski dövrü və irsi” və “Basqın”, Çingiz Qacarın rus dilində nəşr olunmuş “Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri” və amerikalı jurnalist Peter Tasenin ingilis dilində nəşr olunmuş “Naxçıvan” kitabları və digər maraqlı nəşr nümunələri diqqətləri cəlb edir.
Naxçıvanda kitaba, kitab oxumağa meyil həmişə güclü olub. Tanınmış naxçıvanlı ziyalılar gənclərimizin çox oxuması, elmli-təhsilli olması üçün çağırışlar ediblər. Bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri tərəfindən imzalanmış “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam isə müasir dövr insanının mütaliə yolu ilə yetkinləşməsinə, gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən mühüm bir qərardır. Fərəhli haldır ki, adıçəkilən sərəncamda qeyd olunan kitabların arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”, “İslamda müdrik kəlamlar”, “Mister Hemferin xatirələri. (İngilis casusunun etirafları)” və ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub kitabları da bu müəssisənin çap məhsulları ­arasındadır.
Kitablar, qəzet-jurnallar ziyalılarımızın etibarlı yolyoldaşı, təhsilimizdə, elmi və mədəni fəaliyyətimizdə mühüm vasitədir. Muxtar respublikamızın artan iqtisadi, mədəni potensialına, əhalinin yüksələn həyat səviyyəsinə uyğun olaraq müasir çap məhsullarının da hasilə gətirilməsində “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin üzərinə mühüm vəzifələr qoyulub. Bu vəzifələrin uğurla yerinə yetirilməsi Naxçıvanın bugünkü inkişaf salnaməsinin gələcək nəsillərə çatdırılmasına əhəmiyyətli töhfələr verir.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR