23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərində dəvət olunduğum bir toy ziyafətində masabəyinin iştirakçılara təqdim etdiyi müğənni qısa bir vaxtda bütün məclisin diqqətini özünə cəlb edə bildi. Onun ifa etdiyi “Sarı gəlin” xalq mahnısında vurduğu zəngulələr özünəməxsusluğu ilə diqqət çəkirdi. Ziyafət iştirakçılarının da çoxlarının tanımadıqları bu vokalist kimdir? – deyə fikrimdən keçirdim. Bu an mahnı sona çatdı. Toya dəvətlilərin xahişi ilə o, daha bir neçə mahnı ifa etdi. “Küçələrə su səpmişəm”, “Niyə gəlməz oldun” xalq mahnıları, Müslüm Maqomayevin “Mənim Azərbaycanım” mahnısı da alqışlarla qarşılandı. Onun Ukrayna Respublikasında, yaxınlarının isə Naxçıvan şəhərinin Qaraçuq kəndində yaşadığını bir qədər sonra öyrəndim. Jurnalist marağı məni ona yaxınlaşmağa, tanış olmağa sövq etdi...

Qurban Abbasov 1952-ci ildə Naxçıvan şəhərinin Qaraçuq kəndində anadan olub. Naxçıvan şəhər 39 nömrəli dəmiryol məktəbini bitirib. Bir il Araz Su Elektrik Stansiyasında fəhlə işləyib. 1971-ci ildə Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının xor qrupuna işə dəvət alıb. Həmin il Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun rus bölməsinə daxil olub. Bu təhsil müəssisəsində görkəmli vokal ustası Pərixanım Behbudovadan dərs alıb. Bir il sonra xor qrupu Ukraynanın Vladimirsk, Kursk, Bryansk, Oryol şəhərlərində qastrol səfərlərində olub. Qurban Abbasov xor qrupunun tərkibində solist kimi öz istedadını göstərə bilib. Burada ona Qliyer adına Musiqi Texnikumunda təhsil almağı təklif ediblər. Razılaşıb. Ukraynanın Əməkdar artisti İvan İqnatyeviç Polivodanın sinfində oxuyub. 1978-ci ildə Ukrayna Dövlət Konservatoriyasına daxil olub. Paralel olaraq həm də rejissorluq kursunu bitirib. Ali məktəbi başa vurduqdan sonra Ukrayna Dövlət Opera və Balet Teatrına dəvət alıb. Konservatoriyada ona dərs deyən Ukraynanın Xalq artisti Vasili Yakovleviçlə çiyin-çiyinə çalışıb. Müəllimi ilə birgə işləmək onun bir sənətkar kimi formalaşmasında mühüm rol oynayıb. Teatrda onun birinci işi dünya şöhrətli bəstəkar Cüzeppe Verdinin “Traviata” operasında Alfredo rolu olub. Bu rolda həmyerlimiz öz səs diapazonu imkanlarını ortaya qoymağı bacarıb. Bir müddət müqavilə ilə Almaniyanın Veymar şəhərində fəaliyyət göstərən Musiqili Komediya Teatrında və oradakı sovet qoşunlarının hərbi ansamblının solisti kimi çalışıb.

1992-ci ildə Qurban Abbasov Kiyevə qayıdaraq Ukrayna sərhəd qoşunlarının mahnı və rəqs ansamblının solisti kimi 2012-ci ilədək bu ansamblda fəaliyyətini davam etdirib. 2005-ci ildə Ukrayna Respublikasının “Əməkdar artisti”, 2009-cu ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
Haşiyə: Bu gün postsovet məkanında, dünyanın bir sıra ölkələrində azərbaycanlı adını və şərəfini uca tutan, Azərbaycan həqiqətlərini digər millətlərə çatdırmağı, elm, mədəniyyət və başqa sahələrdə çalışaraq ölkələrimiz arasında əlaqələr yaratmağı, milli və mənəvi dəyərlərimizi tanıtmağı özünün vətəndaşlıq borcuna çevirən yüzlərlə soydaşımız yaşayır. Təbii ki, onlarla fəxr edir, xalqımızın belə övladları ilə qürur hissi duyuruq. Qurban Abbasovla birsaatlıq söhbətimdə hiss etdim ki, müsahibim də onlardan biridir. Söhbət zamanı söylədiyi bir qənaətdə dərin səmimiyyət, böyük vətənpərvərlik duydum: xalq yolunda, millət yolunda gördüyün işdə təmənna duyursansa, o işi görmə... Heç bir şəhidimiz şəhid olmaq üçün özünü güllə qabağına atmayıb. Torpaqlarımızın bütövlüyü onu düşündürüb. Bu müqəddəs vəzifə onu şəhidliyə ucaldıb. Bu gün hansı sahədə çalışmasından asılı olmayaraq, hər bir azərbaycanlı bu hiss ilə yaşamalıdır ki, “Mən azərbaycanlıyam”, – deməyə mənəvi haqqı çatsın. Vətəndən uzaqda olduğum 45 il ərzində, fəxr edirəm ki, belə azərbaycanlılarla işləmişəm.
Qurban müəllim deyir ki, Ukraynada yaratdığımız Azərbaycan Mədəniyyət Mərkəzi 1999-cu ildə Ukraynanın Opera və Balet Teatrında böyük konsert proqramı ilə çıxış etdi. Konsertdə xalqımızın ümummilli lideri Heydər­ Əliyev iştirak edirdi. Tədbirdə “Cəngi”, “Yallı”, “Naz eləmə”, “Qoçaqlar” kimi mahnı və rəqslərimiz bizimlə yanaşı, ukraynalılar tərəfindən də ifa olundu və rəğbətlə qarşılandı. Mədəniyyət Mərkəzinin fəaliyyətini daha da gücləndirməyə başladıq. Dahi öndər konsertdən əvvəl keçirilən konfransda bizə qiymətli tövsiyələr verdi. Ümummilli liderin tövsiyəsi ilə mərkəzə xalqımızın sevimli sənətkarı, Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında böyük xidmətləri olan SSRİ Xalq artisti Müslüm Maqomayevin adını verdik.
Qurban Abbasov həm də Ukrayna Sərhəd Qoşunlarının orkestrində fəaliyyət göstərir. Bu orkestrdə “Arşın mal alan” operettasından parçalar səhnələşdirilib. Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Onun dediklərindən: Səhnədə səslənən hər bir mahnımız alqışlarla qarşılananda böyük qürur hissi keçirirəm ki, mədəniyyətimiz sərhədləri aşır, milli dəyərlərimizin tərkib hissəsi olan musiqi nümunələrimiz digər xalqlar tərəfindən də ifa olunur və sevilir. Bu gün onları qorumaq, qiymətli miras kimi gələcək nəsillərə ərməğan etmək təkcə bu sahədə çalışanların deyil, hər bir azərbaycanlının borcudur. Bir məsələni də deyim ki, biz uzaq Ukraynadan ölkəmizlə sıx əlaqə saxlamaqla fəaliyyət göstəririk. Mən özüm yaxınlarımı görmək üçün 2-3 ildən bir Naxçıvana gəlirəm. Qədim diyarda bir çox sahələrdə, o cümlədən mədəniyyətin, incəsənətin inkişafı istiqamətində görülən işlər məni çox sevindirir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı böyük əhəmiyyət daşıyır. Sərəncamda nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsi milli dəyərlərimizin yaşadılmasında mühüm rol oynayır. 2012-ci ilin Naxçıvan Muxtar Respublikasında “Milli dəyərlər ili” elan olunması, son illərdə bir neçə festivalın keçirilməsi doğma diyarımızda ata-babalarımızdan bizə miras qalan dəyərlərimizə ehtiramın ifadəsidir. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi məni bir azərbaycanlı kimi çox qürurlandırır. Bütün bunlar barədə Azərbaycan Mədəniyyət Mərkəzində təşkil etdiyimiz Azərbaycan məktəbində şagirdlərə ətraflı məlumat veririk. Onu da deyim ki, məktəb həftənin şənbə, bazar günləri fəaliyyət göstərir. Həmin məktəbdə Kiyevdə yaşayan azərbaycanlıların və dilimizə maraq göstərən digər millətlərin uşaqlarının təhsil almasına hərtərəfli şərait yaratmışıq. Respublikamızdan tez-tez Ukraynaya, bizim Mədəniyyət Mərkəzinə qonaqlar gəlir. Onlarla görüşlər təşkil edirik. Bu yaxınlarda Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Fərhad Bədəlbəyli qonağımız oldu.
Qurban müəllim həm də Kiyevdə fəaliyyət göstərən Azərbaycan diasporunun təmsilçilərindən biridir. Bu diasporun fəaliyyətində Azərbaycan Mədəniyyət Mərkəzi mühüm rol oynayır. Qeyd edək ki, Qurban Abbasov diaspor nümayəndəsi kimi Bakıda keçirilən dünya azərbaycanlılarının bütün qurultaylarında iştirak edib. O da qürurvericidir ki, onun bu sahədəki əməyi də yüksək qiymətləndirilib. 2005-ci ildə Qurban Abbasov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. O, bu mükafatı qazandığı bütün mükafatlardan üstün tutur. Söhbətimizin sonunda Qurban müəllimə bir sual da ünvanladım:
– Bir neçə işin öhdəsindən gəlmək sizi yormurmu? Buna necə vaxt tapırsınız?
Gülümsəyərək dedi:
– İnsan dünyaya bir dəfə gəlir. Bu “Gəlimli, gedimli, son ucu ölümlü dünya”da elə yaşamalısan ki, mənsub olduğun xalq üçün iz qoyasan. Bunun üçün ömrü fəda etməyə dəyər. Görkəmli şairimiz Bəxtiyar Vahabzadə yazırdı:
Yaşamaq yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa, yaşamır demək,
Onun yaşamağı yanmağındadır.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR