23 Dekabr 2024, Bazar ertəsi

Türkiyə klassik musiqisinə dair yazılan bir çox mənbədə qarşımıza çıxan Murad ağa kimdir? Murad ağa 1610-cu ildə anadan olub. Əslən naxçıvanlıdır. Sultan IV Muradın Rəvan səfərindən sonra İstanbula gətirdiyi on iki sənətkar arasında yer alan Murad ağa sazəndə qrupunun iki xanəndəsindən biri olub. “İslam Ensiklopediyası”nda bu barədə məlumat verilir. Övliya Çələbi onun carta (çartar), Hüseyn Behcət sestak, Əsəd Əfəndi şeştar çaldığından bəhs edirlər. Onun şeştar ustası olması musiqişünaslar arasında Şeştari Murad ağa kimi tanınmasına gətirib çıxarıb.
Qeyd edək ki, şeştar türklər və digər müsəlman xalqları tərəfindən istifadə edilən və yerini tambura vermiş olan simli çalğı alətidir. Mənbələrdə qeyd olunur ki, təbrizli Əli xanın icad etdiyi bu musiqi aləti çartara bənzəyir. Lakin adından da bilindiyi kimi onun altı simi var. Şeştardan bu gün İran, Azərbaycan və Qafqazda da istifadə olunur. İbni Qəbinin tərifinə əsasən onun müxtəlifölçülü uda bənzəyən üç növünün olması ilə bağlı məlumat var.
Türkiyənin musiqi tarixinə dair yazılmış bir çox mənbədə də Murad ağa Şeştari ilə bağlı çox maraqlı faktlar yer alıb.

Murad ağanın şöhrətinin ən parlaq dövrü IV Murad ilə (1623-1640) IV Məmməd (1648-1687) dövrləri arasında olub. İstanbula gəldikdən sonra Beşiktaş tərəfdə yaşayıb, burada da vəfat edib.
Hüseyn Behcətin ona yazdığı şeirdən aydın olur ki, o, İstanbulda 36 il yaşayıb.
Behcətin “Tarix” mənzuməsində Murad ağanın şairliyindən də bəhs edilib. Murad ağa məlahətli səsə malik olub. Bəstələdiyi əsərlərlə dövrün tanınmış musiqişünasları arasında yer almağı bacarıb.
Mənbələrdə qeyd olunur ki, Murad ağa musiqiyə aid ilk dərsləri elə doğulduğu torpaqda, Naxçıvanda alıb. Sonralar musiqi təhsilini İstanbulda davam etdirib, öyrəndikləri ilə ustad səviyyəsinə çatıb.
Bəzi akademik məqalələrdə Şeştari Murad ağanın “Buselik Muhammes Karçesi” (Busəlikmüxəmməskarçəsi) adlanan əsəri haqqında məlumatlar yer alıb. Bəzi tədqiqatçılar Əbdülqadir Marağainin müəllifi olduğuna inanılan bir çox bəstənin Murad ağa Şeştariyə məxsusluğunu qeyd ediblər.
Bu yazımızda daha bir naxçıvanlı sənətkarı tanıtmağa çalışdıq. Dahilər yurdu olan diyarımızın yetirdiyi belə sənətkarlar haqqında nə qədər tərif desək, azdır. Onları araşdırıb üzə çıxardıqca Naxçıvanımızla daha da fəxr edir, qürur duyuruq.

Nərgiz İSMAYILOVA
filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR