23 Dekabr 2024, Bazar ertəsi

Dahi şairimiz Nizami Gəncəvi deyirdi: “Bilik öyrənməyi ar bilən hər kəs, dünyada mərifət qazana bilməz”. “Bir insanın dəyəri onun oxuduğu kitablarla ölçülür”, – bunu isə ingilis filosofu Herbert Spenser deyib. Bu iki fikir, əslində, bir-birini tamamlayır. Hər iki fikirdə cəmiyyət əxlaqının mənbəyində kitab mütaliəsinin dayandığı aydın olur.
Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqına, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati məsələ kimi baxıb. Bütün bunların qorunub saxlanılmasında, gənc nəslə ötürülməsində kitabın çox böyük rolu vardır. Biz insanlar həyatı həm yaşayaraq öyrənirik, həm də oxuyaraq. Qədim tarixə, zəngin mədəniyyətə, köklü mənəvi dəyərlərə malik xalqımız bəşəriyyətin təşəkkül dövründən bu günədək maddi-mədəniyyət nümunələri ilə bərabər, mənəvi tərəqqisi ilə də dünya xalqları arasında özünəməxsus yer tutur. Bu baxımdan insanların ən önəmli maddi-mənəvi nemətlərindən sayılan kitab və kitaboxuma vərdişləri Azərbaycanda da vacib amil kimi qiymətləndirilir.

Bu gün kitab oxumaq bir çox insanların əsas məşğuliyyəti olsa da, bəzilərinin kitaba münasibəti dəyişib. Ölkədə kitab oxuyanların sayı əvvəlki dövrlərlə müqayisədə xeyli azalıb. Məsələyə təkcə Azərbaycan miqyasında deyil, qlobal müstəvidə yanaşdıqda məlum olur ki, kitaba tələbat bütün dünyada aşağı düşüb. Bunun bir sıra obyektiv səbəbləri var. Bəzən fikirlər səslənir ki, texnoloji imkanların mövcudluğu, kompüter, telefon və sair kimi informasiya vasitələrinin sürətlə inkişafı istər-istəməz kitablara olan diqqəti ikinci plana keçirir. Artıq insanlarda yeni maraqlar, yeni axtarışlar formalaşmağa başlayır. Müasir dövrümüzün reallıqlarını nəzərə alsaq, bu yanaşmanın gerçəyə çox yaxın olduğunu görə bilərik.
Bəs kitabın mahiyyətini, faydasını və vacibliyini dərk edirikmi? Öncə deyək ki, kitab oxumaq insanın intellektual səviyyəsinə, dünyagörüşünə müsbət təsir göstərir. Bundan başqa, kitab bəşər həyatında qalacaq miras, inkişafyaradıcı və ziyalandıran ünsürdür. Kitab elm və mərifət dünyasına açılan qapıdır. İnsanı kamilləşdirən, onun nitq qabiliyyətini inkişaf etdirən kitabların saxlandığı yer kitabxanalardır. Hər bir insan, heç olmasa, həftədə iki dəfə kitabxanaya getməli, özünün mütaliə qabiliyyətini gücləndirməlidir. Kitabxanalarda elə kitablar var ki, insanların həyatında mühüm rol oynayır. Kimi həmin kitablardakı qəhrəmanların müsbət keyfiyyətlərini mənimsəyərək, kimi də oradan öyrəndiklərini həyatda tətbiq edərək yaşayışını qurur. Yaxşı kitab həmişə aqil insanın həyatına işıq salan vasitə olub. Boşuna deyilməyib ki, kitab nəsillərin bir-birinə vəsiyyətidir. Bizə vəsiyyət edilmiş kitaboxuma ənənəsini yaşadan, gənc nəslə vəsiyyət edən, örnək olan insanlarımız da az deyil.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi­nin Sədri cənab Vasif Talıbovun Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiq olunması ictimai-mədəni, ədəbi-bədii müstəvidə mühüm əhəmiyyətli və təqdirəlayiq bir hadisə kimi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Siyahıya Azərbaycan ədəbiyyatının seçmə nümunələri ilə yanaşı, Teodor Drayzer, Cek London, Gi de Mopassan, Ernest Heminquey, Antuan de Sent-Ekzüperi, Moris Meterlink, Nikolay Ostrovski kimi dünya klassiklərinin əsərlərinin də yer alması onun mahiyyətinə yeni çalarlar qatır, bu kitabları oxuyanların dünyagörüşünün formalaşacağına inam yaradır.
Sərəncama əsasən təhsil və mədəniyyət müəssisələrinin kitabxanalarında müvafiq kitab guşələri yaradılıb. Təhsil aldığım Naxçıvan Dövlət Universitetinin Elektron Kitabxanasındakı, o cümlədən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasındakı kitab guşələri ilə tanış oldum. Universitet kitabxanasının Biblioqrafiya və xidmət şöbəsinin müdiri Maral Babayeva yaradılan kitab guşəsinin tələbələrin, eləcə də müəllim heyətinin diqqətini çəkdiyini, buradakı kitablara oxucu tələbatının çox olduğunu dedi.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının oxu zalının şöbə müdiri Dilarə Əliyeva bildirdi ki, oxunması zəruri olan kitablar, ilk növbədə, gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşmasına, onların dünyagörüşünün zənginləşməsinə, dövlətə, dövlətçiliyə, vətənə, xalqa bağlılıq hisslərinin aşılanmasına böyük töhfə verəcək. Oxunması zəruri olan kitabların siyahısının zənginləşdirilməsi işinin diqqətdə saxlanılması gələcəkdə bu siyahıya yeni kitabların əlavə olunacağından xəbər verir.
Ziyalılarımızın ümumi fikri belədir ki, oxunması zəruri olan kitablar gənclərin mütaliəyə olan marağını artıracaq, onları yeni kitablar axtarışına çıxaracaq, oxumağa həvəsləndirəcəkdir. Bütün bunlar muxtar respublikada hərtərəfli inkişaf edən, vətəninə, xalqına və dövlətinə sadiq olan gənclərin yetişəcəyindən xəbər verir.

Güntac ŞAHMƏMMƏDLİ
Naxçıvan Dövlət Universitetinin Radiotelejurnalistika ixtisası üzrə I kurs magistrantı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR