Reportaj
Xalçaçılıq sənəti xalq yaradıcılığının ən zəngin və orijinal nümunələrindən biridir. Xalçalar informasiya daşıyıcıları olmaqla xalqımızın həyat və məişətini özündə əks etdirir. Buna görə də bu sahə dövlətin diqqət mərkəzində saxlanılır, onun yaşadılması, gələcək nəsillərə ötürülməsi üçün müəyyən işlər görülür, layihələr həyata keçirilir. Muxtar respublikamızda da milli dəyərlərə, xalq sənətkarlığının inkişafına hərtərəfli qayğı göstərilir. Bir neçə ildir ki, qədim el sənətinin biliciləri olan qadınlar xalça toxumaq üçün məşğulluq orqanları ilə müqavilələr bağlayaraq toxuculuq dəzgahları, alətləri, əriş-arğac və rəngli iplərlə təmin olunur, uzunluğu 1 metr 20 santimetr, eni 80 santimetr olan milli ornamentli və Naxçıvan bölgəsinə aid naxışlardan ibarət kiçikölçülü xalçalar toxuyur, bu sənəti yaşadırlar.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial əhəmiyyətli haqqıödənilən ictimai işin təşkil edilməsi muxtar respublikada xalça toxunuşu ilə məşğul olan insanların sayının artmasına səbəb olub. Bu tədbir eyni zamanda işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi, onların maddi rifah halının yaxşılaşdırılması istiqamətində atılan addım kimi də dəyərləndirilir.
Biz də bu qayğıdan bəhrələnən bir neçə nəfərin fəaliyyəti ilə tanış olduq. Babək rayon Qahab kənd sakini Sabirə Zamanova bildirdi ki, gözümü açandan anamın, nənəmin xalça toxuduğuna şahidlik etmişəm. Buna görə də məndə bu işə maraq oyanıb. Anam xalça toxuyanda həmişə yanına gələr, sadə iplərlə gözəl təsvirlər yaratmasını maraqla izləyərdim. Elə o zamanlardan “mən də gələcəkdə xalça toxumağı öyrənəcəyəm”, – dedim və bu istəyə çatmaq üçün çalışdım. Zamanla anamdan xalça toxumağı öyrəndim. 2012-ci ildə Naxçıvan Regional Peşə Tədris Mərkəzində təhsil almağa başladım. Qızım Sumayəyə də xalça toxumağı öyrədirəm. O da bu işə çox həvəslidir. Mən xalça toxuyanda gəlib yanımda oturur, bu sənətin sirlərini öyrənmək istəyir. İnanıram ki, bu həvəslə qısa zamanda o da yaxşı xalçatoxuyanlardan biri olacaq.
“Ənənəni qoruyaq, evdə xalça toxuyaq” sosial əhəmiyyətli layihədə yer alandan sonra 2 xalça toxumuşam. Hazırda isə üçüncü xalça üzərində işləyirəm. Evdar qadınam və bu layihədə yer almaq mənimçün olduqca səmərəlidir. Heç yerə getmədən evdə xalçamı toxuyuram, tamamlayıb təhvil verirəm və qarşılığında müəyyən məvacib alıram. Üstəlik də, xalçanın toxunmasında sərf olunan bütün ləvazimatlar nazirlik tərəfindən pulsuz verilir. Bizə yaradılan bu şərait üçün minnətdaram.
Adıçəkilən yaşayış məntəqəsinin digər sakini Anaqız Hüseynova da bu layihəyə qoşulanlardan biridir. 23 yaşlı müsahibimiz deyir ki, artıq 3 ildir, davamlı olaraq xalça toxuyur:
– Məktəb vaxtlarından parça üzərində müxtəlif əl işləri hazırlayıram. Anam İzəngül Hüseynova da kənddə yaxşı xalça toxucusu kimi tanınır. Mənim özüm də bu işi ilkin olaraq ondan öyrənmişəm. Daha sonrakı mərhələdə isə Naxçıvan Regional Peşə Tədris Mərkəzində oxumuşam. İndiyə kimi 3 xalça toxumuşam. Hazırda dördüncü xalça üzərində işləyirəm. Toxuduğum xalçalar müxtəlif sərgilərdə nümayiş olunub. Hətta “Möminə xatın” adlı xalçam müsabiqədə yer də tutub. Boş vaxtlarımda bu işlə məşğul olaraq qədim xalq sənətinin yeni nümunələrini yaradır, bununla ailə büdcəsinə də köməklik edirəm.
Şərur rayon Tənənəm kənd sakini Güllər Salmanovanın ailəsində xalçatoxuma sənəti illərdir, yaşadılır. İlk olaraq gözümüz dəhliz boyunca salınmış kilimə sataşır. Bəli, evdə, bütövlükdə, ayaq altına qədim xalça növləri salınıb. Müsahibimiz söhbətə belə başlayır:
– Evimizdə gördüyünüz bu xalçaların hamısını vaxtilə biz özümüz toxumuşuq. İllərdir ki, bu evdə xalça toxunur. Özü də biz xalça toxumaq üçün istifadə etdiyimiz ipləri də təbii yolla özümüz boyayırdıq. İplərin rəngi də təbii olduğundan 35-40 ildir, istifadə etdiyimiz xalçaların dəfələrlə yuyulmağına baxmayaraq, rəngləri hələ də olduğu kimi qalıb. Bu sənət bizdə nəsildən-nəslə keçərək yaşadılır. Keçmişdə əldə toxunan xalça ən dəyərli hədiyyə hesab olunar, qızlara cehiz olaraq verilərdi. İndiyə qədər özüm də toxuduğum xalçaların çoxunu hədiyyə olaraq bir çoxlarına bağışlamışam. Hazırda texnologiyanın bu dərəcədə inkişaf etməyinə baxmayaraq, xalqımızın bu qədim sənət növü bu gün də öz dəyərini, qiymətini saxlayır.
Müsahibim deyir ki, layihəyə qoşulandan bəri 4 xalça toxuyub, beşinci xalça üzərində işləyir. Xalça toxumaq üçün istifadə etdiyi avadanlıqlar ona dövlət tərəfindən verilib. Saplar da pulsuz verilir. Evdar xanım olaraq bu iş onun üçün olduqca əlverişlidir.
Şərur rayon Düdəngə kənd sakini Xəyalə Əliyarova da layihəyə qoşulanlardandır. O deyir:
– İllərdir ki, sapdan müxtəlif dekorlar, güllər, papaq, şərf, corab və sair toxumaqla məşğul olsam da, xalça toxumağı bacarmırdım. Əvvəllər bu işlə məşğul olmaq ağlımdan keçsə də, düzü, bu fikir üzərində çox dayanmırdım. Bir neçə il bundan öncə qərarımı verərək Şərur Texniki-Peşə və Sürücülük Məktəbinə üz tutdum. Burada xalçaçılıq sənətinin sirlərini öyrəndim. İlk işim kimi “Qarabağ” adlı xalçamı toxumuşam. Xalçaçılıq səbir, diqqət və dözümlülük tələb edən sənətdir. Ona görə də bu sənətlə sevərək, həvəslə məşğul olmaq lazımdır. Xalçanın başlığı, küncü, gülü, butası, yeləni var. Bunların hər birini toxuyarkən diqqətli olmaq lazımdır. Əvvəlcədən xalçanın çeşnisi götürülür. Elə ki xalça toxunub qurtardı, gəbəkəsdi mərasimi keçirilir, xalçanı kəsib yerə salırlar.
Xəyalə deyir ki, 3-cü xalça üzərində işləyir. Çalışır ki, onu qısa zamanda tamamlasın. O, dövlətimizin xalçaçılıqla məşğul olan insanlara göstərdiyi qayğıdan razılığını bildirir.
Ordubad şəhərində Nərmin İsgəndərova, Şahbuz rayonunun Kolanı kəndində Bəstə Əhmədova, Aşağı Qışlaq kəndində Natəvan Zeyniyeva da “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” devizi altında keçirilən layihədə yer alaraq evdə xalça toxumaqla məşğul olur, dövlətimizin bu qayğısından bəhrələnirlər. Onlar bu qiymətli sənətin sirlərini öz yaxınlarına da öyrədirlər. Çalışırlar ki, göstərilən diqqət və qayğıya əməli işləriylə cavab versinlər, xalçaçılıq sənətini yaşadaraq gələcək nəsillərə ərməğan etsinlər.
Fatma Babayeva