Muxtar respublikamızın muzey bələdçiləri üçün Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən növbəti seminar-treninqdə nazirliyin Mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edib. Bildirib ki, muzey bələdçiləri üçün seminar-treninqlərin keçirilməsində əsas məqsəd muzeylərdə ekskursiya işinin təşkili ilə bağlı mövcud nöqsan və çatışmazlıqları aradan qaldırmaq, muzey bələdçilərinin nəzəri və praktik bilik səviyyəsini yüksəltməkdir.
Vurğulanıb ki, muxtar respublikamızda muzey fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Muzeylərimiz üçün yeni binaların inşa olunması, onların təmiri, yenidən qurulması və maddi-texniki bazasının möhkəmləndirilməsi işin səviyyəsinin yüksəldilməsinə xidmət edir. Görülən işlər muzey işçiləri qarşısında da mühüm vəzifələr qoyur.
Qeyd olunub ki, muzey bələdçiləri hər bir ziyarətçiyə diqqət göstərməli, muzey işi və muxtar respublikada gedən yeniliklərdən xəbərdar olmalı, onların suallarını diqqətlə dinləyib elmi əsaslarla cavablandırmalıdırlar. Bu gün muxtar respublikamıza gələn turistlərə qədim diyarımız haqqında ətraflı məlumat vermək üçün muzey bələdçisi daim öz üzərində çalışmalı, tariximizi və mədəniyyətimizi dərindən bilməlidir.
Sonra Cəlil Məmmədquluzadənin ev-muzeyində muzey bələdçisinin təqdimatında ekspozisiyaya baxış olub. Sonda ekskursiya mətni müzakirə edilib, muzey bələdçilərinə metodik tövsiyələr verilib.
Əli RZAYEV