Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamında deyilir: “Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir”.
Molla Pənah Vaqif Şərq şeirinin bütün vəznlərini yaxşı bilən, doğma dilində, xalqının ruhunu və zövqünü oxşaya biləcək səpkidə yazıb-yaratmağı üstün tutan bir şair olub. Onun xalq dilindən gələn təbii, səmimi ifadələri oxucunu məftun edir. Firidun bəy Köçərli Vaqifin xalq ədəbiyyatı ruhunda yazdığı əsərlərinin “...həqiqi həyatdan nəşət etdiyini” söyləyir, Vaqifi həyatı doğru təsvir edən bir realist kimi müasirlərinə nümunə göstərirdi: “Yüz sənə bundan irəli ata-babalarımızın dolanacağını, ədəb və əxlaqını, libas və təamlarını, arzu və təmənnalarını, fikir və xəyalatını və bilcümlə o əsrin övza (vəziyyət) və dəstgahını Vaqif... gözəl əşar (şeir) və kəlami-abidar (xoşagələn) ilə yazıb gələcək nəsil üçün unudulmayan bir əlamət və yadigar qoymuşdur”. Vaqifin sadə, anlaşıqlı dilindən Səməd Vurğun da “Öz xalqının böyük oğlu” adlı məqaləsində bəhs edərək yazır ki, “Vaqifdəki gözəl, dərin lirizm, sadəlik və xəlqilik, həm də şairlərimiz üçün ən böyük poetik məktəbdir”.
Molla Pənah Vaqif Azərbaycan pedaqoji fikir tarixində məhəbbət, gözəllik lirikasının yaradıcısı və misilsiz ustadı kimi şöhrət qazanmışdır. Onun yaradıcılığı bütün bədii keyfiyyətləri və xüsusiyyətləri ilə dərin ictimai mənaya malikdir, vətəndaşlıq duyğuları ilə cilalanmışdır. Yenə də Səməd Vurğunun təbiri ilə desək, Vaqif yaradıcılığı ictimai təfəkkürümüzün və poeziyamızın inkişafı tarixində tamamilə yeni bir mərhələ olmuşdur.
Məlum bir həqiqətdir ki, Molla Pənah Vaqif öz dövrünün görkəmli şairi – lirik sənətkarı olmaqla yanaşı, həm də təcrübəli siyasi xadim, elmə, təhsilə xüsusi əhəmiyyət verən maarifçi idi. Şair elmin, təhsilin əhəmiyyətini özünün əməli işində və ictimai-siyasi fəaliyyətində dönmədən nümayiş etdirmiş, gəncləri oxumağa, elmin dərinliklərinə baş vurmağa həvəsləndirmişdir. Doğrudur, müəllifin şeirlərində bilavasitə məktəbə, təhsilə və elmə çağıran motivlər hiss edilməyəcək dərəcədə zəifdir; bununla belə, şairin keşməkeşli, ziddiyyətli, böhranlarla dolu həyat yolunda və əməli yaradıcılıq fəaliyyətində əxlaqi-tərbiyəvi işlərə böyük diqqət yetirməsi, yeri düşdükcə şeirlərində tərbiyəvi-didaktik mülahizələrə geniş yer verməsi Vaqifi fəal bir maarif xadimi, pedaqoq kimi də tanıtmışdır.
Çox maraqlıdır ki, tərbiyə, əxlaq, etika və sair pedaqoji prinsiplərlə əlaqədar fikirlər, şairin estetik baxışlarında gözəllik anlayışını tamamlayan, bu anlayışın məzmununa yeni cizgilər gətirən mühüm müddəalar kimi daxil olmuşdur.
Etika və ədəb qaydalarından danışarkən şair çox incə mətləblərə toxunub. O, təlim-tərbiyə, əxlaqi saflıq və xarakterin möhkəmliyi kimi etik məsələləri izah edərkən bir mühüm, düşündürücü həqiqəti də geniş şərh edib. Bu da sevgidə sədaqət, azad məhəbbət ideyası yolunda hər növ cəfaya dözmək, ilqar saflığı və əhdə dönük olmamaq kimi yüksək əxlaqi-estetik prinsiplərin ardıcıllıqla müdafiəsindən ibarət idi. Şair belə bir işıqlı, təmiz qayəni təlim edirdi: sevgi, eşq, gözəllik o zaman birləşə bilər ki, sevgililər arasında düz ilqar, təmiz, aydın və nurlu bir əlaqə yaransın. Gözəllik azad və ülvi bir məhəbbətə layiq keyfiyyətdir, elə bir keyfiyyətdir ki, yalnız mənəvi-əxlaqi saflığı etibarilə yüksək olanlar bu keyfiyyəti yaşada bilər:
Yasəmən tellərin, nərgiz gözlərin
Mənimlə, gözəlim çoxdan yağıdır.
İnsaf et, öldürmə, günahsız qulu
Əl-əldən üzülür, yaman çağıdır.
Kamalın gözəldə xəti kəm gərək,
Sevgi gərək, söhbət gərək, dəm gərək.
Aşiqə vəfalı bir həmdəm gərək,
Həmdəmsiz bal yesə, ona acıdır.
Molla Pənah Vaqif mənsub olduğu xalqın, doğma yurdunun gənclərini, ayıq, huşyar cavanlarını elmə-maarifə yiyələnmiş, açıqgözlü, mədəni bir nəsil kimi görmək istəyirdi. Onun poeziya yaradıcılığında estetik gözəlliyin əsasında şairin tərbiyəvi-əxlaqi qayəsinin, etikaya dair müddəalarının geniş şərhi dayanmışdır. Şair cismən və ruhən gözəl, azad və təmiz gəncliyi ağıllı, nəcib, həyat mübarizəsinə hazır, sevgidə, dostluqda möhkəm, yüksək əqidəli insanlar kimi görmək, tanımaq və tərənnüm etmək idealları ilə yaşayırdı.
Qeyd etdiyimiz kimi, Vaqif poeziyasında həyata bağlılıq və nikbinlik ideyası artıq tamamilə vətəndaşlıq hüququ qazanır və dərin ictimai, əxlaqi məzmun kəsb edir. Bu nikbinliyin və həyat eşqinin arxasında duran müsbət ideal dinin, tərki-dünyalıq meyillərinin çox qüvvətli olduğu XVIII əsrin şəraitində böyük mütərəqqi əhəmiyyətə malik idi. Dünyəvi hisslərin coşqun təbliğatçısı olan Molla Pənah Vaqifin lirik qəhrəmanı şəxsiyyət etibarilə də bir çox cəhətdən nəzər-diqqəti cəlb edir:
Aşinalıq hər gülən gül üzdə sanmaqdır əbəs,
Hər nigari-gərm üçün odlara yanmaqdır əbəs,
Halını bilmədiyin yara inanmaqdır əbəs,
Vaqifa, əvvəl sevib, sonra usanmaqdır əbəs,
Sevgili yarı sevən kəs, hər zaman sevmək gərək!
Vaqif öz yaradıcılığı ilə ədəbi-pedaqoji fikrin inkişafında yeni bir dövr açmış, öz sələflərindən öyrənmiş olsa da, onların görə bilmədiyi son dərəcə mühüm bir işi görmüşdür. O da bundan ibarətdir ki, Vaqif ədəbiyyatı milli həyata, milli məişətə, milli xarakterə doğru yönəltmiş, realist bədii təfəkkürə getdikcə genişlənən və dərinləşən daimi bir cığır açmışdır. Onun şeirlərinin mövzusu da, forması da, üslubu da yuxarıda qeyd etdiyimiz kimi, xalqın həyatından, məişətindən, milli keyfiyyətlərindən doğmuşdur. Vaqif tam mənası ilə milli bir şairdir. Vaqifə qədər heç bir Azərbaycan şairinin əsərlərində milli həyatımız bu qədər dolğun, səmimi və təbii bir şəkildə təsvir edilməmişdir.
Bu il ölkəmizdə görkəmli Azərbaycan şairinin 300 illik yubileyi geniş qeyd olunur. Ali Baş Komandana, qüdrətli Milli Ordumuza güvənərək deyirik ki, Vaqifin növbəti yubileylərini doğma elində, Azərbaycanın dilbər guşəsi sayılan Qarabağda qeyd edəcəyimiz gün uzaqda deyil.
Kamal CAMALOV
pedaqogika üzrə fəlsəfə doktoru, dosent