Beşminillik tarixə malik olan, bəşər sivilizasiyasına verdiyi dəyərli töhfələri ilə seçilən Naxçıvan bir-birindən qədim İslam mədəniyyəti abidələri ilə zəngindir. Belə qədim tikililərdən biri də Naxçıvanqalanın yaxınlığında ucalan tarixi İmamzadə abidəsidir. Bu gün həmin abidə ən çox ziyarət olunan müqəddəs məkanlardandır.
İmamzadə kompleksi tarixsevərlər üçün maraqlı məkanlardan biridir. Kompleks ərazisində ikisi bitişik, biri ayrı olmaqla, üç türbə var ki, bu türbələrin də əsası cənub tərəfdə yerləşən türbədir. Abidənin yerləşdiyi ərazini seyr edərkən diqqətimiz türbənin sol divarındakı yazıya yönəldi. Burada qeyd olunur ki, bu memarlıq incisi XVIII əsrdə ərəb və əcəmlərin hakimi, səxavətli xaqan, hörmətli əmir sultan Əbu-Müzəffər Təhmasib Bahadur xanın hakimiyyəti dövründə günahları bağışlanmağa layiq, mərhum Hacı Fulat bəyin oğlu, zəmanəsinin xeyirxahı, sahibkar Hacı Rufəyi bəyin əmri ilə tikdirilib.
İmamzadənin arxa divarının daşları üzərində qədim yazıların həkk olunması, türbənin yaxınlığında Naxçıvan şəhərinin antik və orta əsrlərə aid qala divarlarının yerləşməsi də bu ərazinin qədimliyi barədə deyilən sözləri təsdiqləyir.
Ötən günlərdə biz də bu abidəni ziyarət etdik. Kompleks ərazisi ilə tanışlıqdan sonra türbənin içərisinə daxil olduq. Öyrəndik ki, məzarın üzərində epitafiya-məzar kitabəsi olmadığı üçün onun mənsubiyyəti, kimə aid olması haqqında dəqiq fikir söyləmək mümkün deyil. Ancaq şəhərin yaşlı əhalisinin söylədiyinə görə, bu məzarda İmam Rzanın oğlu dəfn edilib. Deyilənə görə, türbənin sol küncündə yerləşən məzar da onun məzarıdır. Rəvayət olunur ki, imamın oğlu məzhəb münaqişələrindən uzaqlaşaraq buraya pənah gətirib. O vaxtdan indiyədək əhali onun yaşadığı bu yeri özünə inanc yeri seçib.Türbənin içərisinə nəzər saldıqda divarlarda olan, islami dəyərləri əks etdirən tablolar və xalçalar da diqqətimizi çəkdi. Həmçinin o da məlum oldu ki, burada Naxçıvanın tarixi yerləri haqqında məlumatları əks etdirən kitablar da var. Kitabların bura qoyulmasında məqsəd isə xarici ölkələrdən gələn qonaqlara bu qədim diyar haqqında daha dolğun məlumat çatdırmaqdır.
Təqdirəlayiq haldır ki, hər il buraya Azərbaycanın bölgələri ilə yanaşı, xarici ölkələrdən də çox sayda turistlər gəlir. Abidə müəyyən dövrlərdə yad təsirlərə məruz qalsa da, bir çox qədim abidələr kimi, bu mədəniyyət nümunəsi də tarixin çətin sınaqlarından üzüağ çıxıb.
Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra bütün tarixi abidələr kimi, bu qədim ziyarət yeri də məhv olma təhlükəsindən qurtardı. “Dini etiqad azadlığı haqqında” Qanunun qəbul edilməsi bu istiqamətdə atılan ilk addım oldu. Ümummilli lider Heydər Əliyevin tarixi keçmişimizin yaşadılması, xalqımıza məxsus milli dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində bütün qədim abidələr kimi, bu mədəni irsə də münasibət dəyişdi. Görülən irimiqyaslı tədbirlər nəticəsində tariximizin təcəssümü olan mədəniyyət abidələri, eləcə də, İmamzadə Kompleksi bərpa olunaraq xalqa qaytarıldı.
Ziyarətgahdan tez-tez yolunu salan Zenfira Quliyevanın, Adilə Əlimərdanovanın, Tərlan Musayevanın dediklərindən: “Əvvəllər bu ziyarətgahın vəziyyəti indiki kimi ürəkaçan deyildi. Hər tərəfdə uçulub sökülmüş hissələr görmək olardı. Yəni dinimizə uyğun ayinləri yerinə yetirməyə şərait yox idi. Şəraitsizliklə bağlı şikayətləri böyüklərin dilindən tez-tez eşitmək olurdu. İndi o dövrdən çox illər keçib. Dövlətimiz tərəfindən tariximizə, mədəniyyətimizə, eləcə də inanc yerlərinə göstərilən qayğının nəticəsidir ki, bu gün İmamzadə şəhərin ən abad ziyarətgahlarından birinə çevrilib. Bu, bizi çox sevindirir”.
Bəli, hər daşının, hər qayasının altında böyük bir tarix yatan Naxçıvan torpağı bu gün öz tarixi-mədəniyyət abidələri, gözəl memarlıq inciləri ilə bütün dünyanı heyran edir. Bu abidələr xalqımızın əsrlərboyu qoruyub saxladığı mədəni dəyərlərinin, yüksək dini tolerantlığının, dözümlülüyünün güzgüsüdür. Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır...
Nail ƏSGƏROV