Naxçıvan Dövlət Universitetinin kollektivi görkəmli dramaturq, filosof-şair Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksində olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, Naxçıvan Dövlət Universitetinin kollektivi Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyini və xatirə kompleksini ziyarət edib.
Məlumat verilib ki, böyük ədibin xatirəsinin əbədiləşdirilməsində, onun zəngin irsinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu, misilsiz xidmətləri olub. 1982-ci ilin noyabr ayında ulu öndərin təşəbbüsü və böyük qayğısı nəticəsində ölməz şairin nəşi uzaq Sibirdən öz doğma yurduna – Naxçıvan torpağına gətirilib, burada dəfn olunaraq xatirəsi əbədiləşdirilib. 1996-cı ildə ulu öndər Heydər Əliyevin himayəsi ilə ədibin məzarı üzərində əzəmətli məqbərə ucaldılıb.
Görkəmli şair-dramaturq Hüseyn Cavidin ev-muzeyində məlumat verilib ki, bu mədəniyyət müəssisəsi ədibin anadan olmasının 100 illiyi ilə əlaqədar 1982-ci ildə onun yaşadığı evdə yaradılıb. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifi olan Hüseyn Cavid 1919-cu ilə qədər fasilələrlə bu evdə yaşayıb və ölməz əsərlərindən bir neçəsini burada qələmə alıb.
Vurğulanıb ki, muzeyin fondunda 9 mindən artıq eksponat qorunub saxlanılır. Bu eksponatların 500-ə yaxını ekspozisiyada nümayiş etdirilir.
Müxtəlif fotoşəkillər, ədibin əsərlərinin ilk nəşrləri, üzərində şairin avtoqrafı olan əsərlər, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları, şairin oğlu Ərtoğrol Cavid və qızı Turan xanımın əsərləri, müxtəlif dövrlərdə nəşr olunmuş kitablar ziyarətçilərdə görkəmli şair-dramaturqun həyat və yaradıcılığı barədə dolğun təəssürat yaradıb.
Səadət ƏLİYEVA