23 Dekabr 2024, Bazar ertəsi

Bu günlərdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda birliyin üzvü, gənc rəssam Şəmsiyyə Zalovanın “Biz” adlı karikatura-şarj janrında fərdi yaradıcılıq sərgisi açılıb. Sərgidə rəssamın çəkdiyi tanınmış insanların şarjlarından, cəmiyyətdəki və müxtəlif xarakterlərdəki eybəcərlikləri ifşa edən karikaturalardan ibarət 58 əl işi yer alıb. “Biz” adlı sərgiylə tanış olmaq üçün biz də ora yollandıq, burada nümayiş etdirilən əsərlərlə tanış olduq, muxtar respublikanın­ ­tanınmış rəssamlarının, eləcə də gənclərin bu mədəniyyət tədbiri haqda fikirlərini öyrəndik.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva ilə sərgi haqda söhbət zamanı qeyd etdi ki, muxtar respublikada təsviri incəsənətin inkişafına təkan vermək üçün məqsədyönlü tədbirlər həyata keçirilir, gənc rəssamların istedadlarının üzə çıxarılması, digər tanınmış rəssam və yaradıcı insanlarla əlaqələrinin yaradılması və möhkəmlənməsi təmin edilir. Karikatura müasir dövrün ən çox yayılmış sənət növlərindən biridir. Karikaturada konkret mesaj olmalı və o mesaj karikaturaya baxan adama çatmalıdır. Bu baxımdan Şəmsiyyə Zalovanın işləri xüsusilə diqqətçəkəndir. Əminliklə demək olar ki, gənc karikaturaçı rəssam gələcəkdə daha böyük uğurlar əldə edəcək.

Muxtar respublikanın daha bir tanınmış fırça ustası olan Xalq rəssamı Hüseynqulu Əliyev isə qeyd etdi ki, zəngin ənənələrə malik karikatura janrı Azərbaycan təsviri sənətinin mühüm sahələrindən biri kimi çoxcəhətli inkişaf yolu keçib. Dövri mətbuatda, xüsusi satirik jurnallarda öz əksini tapan karikaturalara Azərbaycanda ilk dəfə, təxminən, XIX əsrin ortalarında təsadüf edilib. Şərqdə ilk dəfə olaraq 1906-cı il aprelin 7-də görkəmli demokrat ədib, publisist Cəlil Məmmədquluzadənin redaktorluğu ilə “Molla Nəsrəddin” adlı həftəlik satirik jurnal işıq üzü görüb. Azərbaycan ədəbiyyatında böyük bir məktəb yaratmış “Molla Nəsrəddin” jurnalı, eyni zamanda təsviri sənətimizdə də yeni bir məktəbin karikatura janrının yaranmasına səbəb olub. Çox sevindirici haldır ki, bu gün muxtar respublikada fəaliyyət göstərən rəssamlar arasında karikatura janrını yaşadan və inkişaf etdirən gənc rəssamlar çoxdur. Şəmsiyyə Zalovanın karikaturalarında Azərbaycan karikatura sənətinin ənənələrindən süzülüb gələn zəngin elementləri görmək mümkündür.
Gənc rəssamlardan Xədicə Əlizadə, Araz Xudiyev, Arzu Novruzov, Nuranə Novruzova və başqaları da sərgi haqda öz təəssüratlarını bölüşməyi unutmadılar. Qeyd etdilər ki, zəngin ənənələr əldə etmiş və görkəmli sənətkarlarımızın yaradıcılığında mühüm yer tutmuş karikatura bu gün müstəqil janr kimi tədqiq olunur, bu janrın keçdiyi tarixi yol və mərhələlər işıqlandırılır, mövcud olan bədii ənənələr müəyyənləşdirilir, onların müasir dövrümüzdə davam etdirilməsi təmin olunur. Şəmsiyyə Zalovanın sərgisində nümayiş etdirilən əsərlərdə də həmin ənənələr öz əksini tapıb. Rəssam yoldaşımıza gələcək işlərində yeni-yeni uğurlar diləyirik.
Sərgi əsnasında bu tədbirin, necə deyərlər, səbəbkarı gənc rəssam Şəmsiyyə Zalova ilə də söhbət etmək imkanı əldə etdik. O dedi ki, 6-cı sinifdən bu işlə məşğul olmağa başlayıb. Rəssamlığa böyük həvəsi olub, çox zəhmət çəkib. Qeyd etdi ki, bu gün artıq onun bəhrəsini görür. Sərgisinə bu qədər maraq göstərildiyinə, ünvanına deyilən xoş sözlərə görə çox sevinclidir və sərginin təşkilatçılarına, əməyinə verilən qiymətə görə minnətdardır.
Bəli, karikatura janrı ancaq demokratik cəmiyyətdə inkişaf edə bilər. Günü-gündən çiçəklənən müasir Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında da son illər bu janrın şaxələnməsinə, karikaturaçı rəssamların uğurla fəaliyyət göstərməsinə imkan yaranıb. Bu, ölkədə gedən ümumi proseslərin bir hissəsi, demokratik cəmiyyətin göstəricisi kimi qəbul olunur. Muxtar respublikamızın hərtərəfli inkişafı və yüksəlişi təsviri sənətin ayrılmaz tərkib hissəsi olan karikatura janrının da yeni inkişaf mərhələsinə qədəm qoymasına təkan verir. Cəmiyyətdə və mədəni həyatda özünəməxsus yeri olan karikatura janrı milli ənənələrini qoruyub saxlamaqla bərabər, beynəlmiləl xüsusiyyətlər də kəsb edərək, dünya karikatura sənətinin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Bu mənada, gənc rəssam Şəmsiyyə Zalovanın sərgisinin təşkil olunmasını karikatura janrının inkişafı sahəsində görülən işlərin bəhrələrindən biri kimi dəyərləndirmək olar.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR