Naxçıvan Dövlət Universitetində IV İslam Həmrəyliyi Oyunlarının başlanması münasibətilə sərgi təşkil olunub.
İncəsənət fakültəsinin sərgi salonuna toplaşanlar qarşısında çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkəmizin növbəti beynəlxalq miqyaslı tədbirə – İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini özünü dünyəvi dövlət kimi bütün dünyaya təqdim edən, tolerantlıq nümunəsi olan Azərbaycanın dini dəyərlərə sadiq olduğunu bir daha nümayiş etdirmək fürsəti kimi dəyərləndirib. O, respublikamızın İslam ölkələrinin həmrəyliyinə, dünyada sülhə, əmin-amanlığa verdiyi töhfələrdən danışıb. Rektor vurğulayıb ki, doğma Naxçıvanımızın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi də bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Sonra rəsm və əl işlərindən ibarət sərgiyə baxış olub.
Səadət ƏLİYEVA