Mayın 16-da Culfa rayonunun 7 sakini tərəfindən qədim mədəniyyətimizi və tariximizi özündə təcəssüm etdirən məişət əşyaları – küplər, yun darağı, tütək, dəmir və mis qablar, saxsı borular, qazan, çölmək, xalça, kilim, cəhrə və digər nümunələrdən ibarət 40 eksponat rayon Tarix-Diyarşünaslıq Muzeyinə təqdim edilib.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, bu gün qədim diyarımızın sakinləri tərəfindən tariximizlə bağlı müxtəlif əşyaların muzeylərə təqdim edilməsi ənənə halını alıb. Eksponatların təqdim edilməsi nəticəsində muzeylərimiz zənginləşir, həm də bu günə qədər gəlib çıxmış qədim əşyalar etibarlı saxlanc yeri olan muzeylərimizdə qorunur.
Nazir bildirib ki, zəngin mədəni irsimizin qorunması və təbliği istiqamətində görülən işlər ardıcıl olaraq həyata keçiriləcəkdir. Bu məqsədlə muzeylərimizin zənginləşdirilməsi, maddi-mədəniyyət nümunələrinin toplanması işi daim diqqətdə saxlanılır. Bu işdə yaxından iştirak edən sakinlərin təşəbbüsü də təqdirəlayiqdir. Məhz ötən il vətəndaşlarımızın yaxından iştirakı ilə muzeylərimizə 1500-ə yaxın eksponat daxil olub. Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinə daxil olan eksponatlarla birlikdə bu il 472 eksponat muzeylərə təhvil verilib. Bu eksponatlar tariximizi və mədəniyyətimizi sevən, əsl vətəndaşlıq mövqeyini göstərən insanlarımızın səyi nəticəsində toplanılıb və könüllü şəkildə muzeylərə təqdim olunub.
Sonra eksponatları muzeyə hədiyyə edən Culfa şəhər sakini Nailə Nuriyeva, rayonun Boyəhməd kənd sakini Yadulla Novruzov, Əlincə kənd sakinləri Şahin Quliyev, Sara Vəliyeva, Milax kənd sakini Elman Hacıyev, Qızılca kənd sakini Əzizə Məmmədova, Xanəgah kənd sakini Nəcəf Nəcəfov çıxış edərək bildiriblər ki, bu gün muxtar respublikada maddi-mədəni irsin qorunması, yaşadılması və gələcək nəsillərə çatdırılması sahəsində görülən tədbirlər hamımızı sevindirir. Muzeylərimizə qayğı, yeni muzeylərin yaradılması sahəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həyata keçirilən işlər minnətdarlıqla qarşılanır. Vətəndaşlarımız da bu işə öz töhfələrini verməyə çalışırlar.
Əli RZAYEV